Müxalifət liderinin ölümünü kimlər təşkil edib? – Kanada sanksiya siyahısını açıqladı
Kanada müxalif rusiyalı siyasətçi Aleksey Navalnının Yamal koloniyasında ölümündə əli olan 13 rusiyalıya qarşı sanksiya tətbiq edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, sanksiyalar Navalnının 2020-ci ildə “Noviçok”la zəhərlənməsi, 2021-ci ildə siyasətçinin Moskva hava limanında qanunsuz saxlanması və həbsdə olarkən hüquqlarına əməl olunmaması faktlarına görə tətbiq edilib. Bundan əlavə, sanksiyaların tətbiqinə meyitin ailəyə təhvil verilməsinin ləngiməsi və Navalnının ölüm səbəblərini araşdırmaqdan imtina da təsir edib.
Siyahıda digərləri ilə yanaşı, Yamal-Nenets Muxtar Dairəsi üzrə İstintaq Komitəsinin rəhbəri Andrey Eqorov, onun müavini Dmitri Tsimbalenko, siyasətçinin meyitinin anasına verilməsinə mane olan onların həmkarı Edqar Seropyan, həmçinin siyasətçinin zəhərlənməsində əli olan FSB agenti Aleksey Aleksandrovun da adları var. Kanadanın xarici işlər naziri Melani Coli siyasətçinin arvadı Yuliya Navalnayaya sanksiyaların tətbiqi barədə şəxsən məlumat verib.
Sanksiyaya məruz qalan şəxslərin Kanadaya girişi qadağandır. Bundan əlavə, hər hansı bir kanadalıya əmlak əməliyyatlarını asanlaşdırmaq, onlara mal vermək və ya maliyyə xidmətləri göstərmək qadağan olunub.
Xatırldaq ki, Navalnı 2024-cü il fevralın 16-da “Qütb canavarı” xüsusi rejimli koloniyasında vəfat edib. Siyasətçinin tərəfdarları onun öldürüldüyünə inanırlar.
“AzPolitika.info”