“O xaini orada görən kimi məsələnin nə yerdə olduğunu anladım” – Yaşar Gülər ilk dəfə 15 iyul hadisələrindən danışıb + FOTOLAR

10/07/2024 - 18:05

“Saat 21:25 radələrində üzləri maskalı, geyimindən xüsusi təyinatlıya bənzər təxminən 10-12 çevrilişçi qışqırıq səsləri ilə ofisimə daxil oldular. Mən “yerə yat!” əmrinə tabe olmayıb, onlardan birini yerə yıxdıqda, hamısı üstümə hücum çəkdi və qarşıdurma başladı. Türk əsgərlərinin düşmənə belə davranmayacağı rəftarla üzləşdim. İstanbulda kursda iştirak etməli olan mülki geyimli bir zabit içəri girib istehza ilə dedi ki, “Paşam, narahat olmayın, təlim keçirik”. O xaini orada görən kimi məsələnin nə yerdə olduğunu anladım”.

“AzPolitika” xəbər verir ki, bunu 2016-cı il iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdi zamanı 2-ci Baş Qərargah rəisi vəzifəsini icra edən hazırkı müdafiə naziri Yaşar Gülər “Sabah” nəşrinə açıqlamasında deyib.

 

 

Həmin gecə başına gələnləri ilk dəfə açıqlayan nazir sözlərinə bu cür davam edib:“Gözlərimi, əllərimi bağlayıb zorla məni maşına mindirdilər. Az sonra maşının qabağında əyləşən şəxs “Qapını aç, vuracam!”,-deyə qışqıran zaman anladım ki, o həmin otqadakı xain zabitdir. Qarşılıqlı qışqırıqlardan sonra bir neçə atışma səsi eşidildi. Həmin satqın zabit öldü. Məni otağımdan sürüyüb çıxaranda otaqdakılardan biri mühafizələrə zəng edərək “Yaşar paşanı oğurlayırlar, çıxarmayın” demişdi. Baş Qərargahımızın Mühafizə Batalyonunun komandiri, polkovnik-leytenant həmin nəqliyyat vasitəsinin önünü kəsib, məni çıxarmalarına icazə verməyəcəyini bildirdi. Xain zabit buna görə, qəhrəman polkovnik-leytenantımızı güllələyib, ağır yaraladı. Bunu görən Mühafizə Batalyonundan olan leytenantımız satqın zabiti güllələyib öldürdü. Həmin gecə məni edam etmək üçün təyin olunmuş zabitin öldürülməsi qırılma nöqtələrindən biri oldu”.

 

 

Y. Gülər bir müddət gözlədikdən sonra helikopterlə naməlum yerə aparıldığını bildirib:“Məni bir otaqda saxladılar. F-16-ların səslərini eşitdim və anladım ki, biz çevrilişçilərin qərargahı olan Akıncı bazasındayıq. Məni bütün gecə gözlərim və əllərim bağlı şəkildə bir otaqda saxladılar. Səhər bomba səslərini eşitdim. Düşündüm ki, bizimkilər Akıncı bazasının uçuş-enmə zolağına bomba atıblar ki, satqınlar yenidən təyyarələri qaldıra bilməsinlər. İyulun 16-da səhər saatlarında olduğum otağın qapısı açıldı və “Vayyyy Yaşar...” deyən bir səs eşitdim. Bu, pilot Akın Öztürk idi. O, qolumdakı qandalı və gözümü açıb ailəmlə danışmağı təklif etdi. Öztürkün qarşı tərəfdən olduğunu anladım. Çüni bizim tərəfimizdə olsaydı, mənimlə eyni vəziyyətdə olmalı idi. O, ailəmlə telefonla danışmağı təklif edəndə ayağa qalxmadım. Çünki telefona tərəf getsəm, “Qaçırdı, vurduq” deyəcəkdilər. Mən onlar üçün problem idim, çünki hər şeyi bilirdim.

 

 

Oturduğum yerdən zəng vurub yoldaşıma dedim ki, yaxşıyam. Məni qaçırdıqları gecə həyat yoldaşıma “Yaşar Paşanı vurdular, öldü!” demişdilər. Həyat yoldaşım səhərə qədər məndən xəbər ala bilməmişdi".

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyənin iki böyük şəhəri İstanbul və Ankarada çevriliş cəhdi olub. Həmin gecə baş verənlər nəticəsində 300-dən çox insan həyatını itirib, 1491 nəfər yaralanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ