“Özümü bıçaqladım, dəfələrlə “peredoz” etdim, yenə sağ qaldım” – ÖLKƏMİZİ DƏFƏLƏRLƏ BEYNƏLXALQ YARIŞLARDA TƏMSİL EDƏN OKSANA DANIŞIR / VİDEO
“Narkotik istifadə etdiyimi bildikdən sonra məni evdə bağladılar ki, həkimlər gəlib kömək olsun...”
“Məşqçim narkoman olduğumu bildikdə, dedi ki, yaxşısı budur, sən özün get...”
Oksananın 30 yaşı var. 15 il narkotik istifadəçisi olub. Artıq 2 ildir “ayıq” olan müsahibimiz, hazırda qızların asılılıqdan müalicə edildiyi “Saflıq” Reabilitasiya Mərkəzində proqram rəhbəri kimi fəaliyyət göstərir.
Uşaqlıqdan peşəkar idmanla məşğul olan Oksana bir neçə il futbol üzrə milli yığmamızın oyunçusu olub. Daha sonra otüstü xokkeylə məşğul olub və bu idman sahəsində də ölkəmizi dəfələrlə beynəlxalq yarışlarda təmsil edib. Bir müddət sonra idmanın daha bir növü ilə - kikboksla məşğul olan Oksana, bu sahədə ciddi nailiyyətlər əldə edə bilməyib. Çünki, artıq aludəçisi olduğu narkotik buna imkan verməyib.
Müsahibimiz deyir ki, 13 yaşından psixoaktiv maddələr qəbul edib. 15 yaşında damardaxili narkotik vasitələrdən istifadə edib, necə deyərlər, “iynəyə oturub”. Onun sözlərinə görə, özünü hər zaman tənha hiss etdiyi üçün narkotik maddələr qəbul edib. Baxmayaraq ki, ailə üzvləri hər zaman ona qarşı diqqətli olub. Bununla belə, o, “azadlığı narkotikdə tapdığını” düşünüb.
Oksana bildirir ki, narkotik istifadə etdiyi üçün milli komandadan qovulub. “Məşqçim narkoman olduğumu bildikdə, dedi ki, yaxşısı budur, sən özün get...”, - deyən müsahibimiz vurğulayır ki, 23 yaşında ailəsi də narkotik istifadəçisi olduğunu öyrənib: “Bundan sonra məni evdə bağladılar ki, həkimlər gəlib kömək olsun”. Lakin dəfələrlə “detoks” olunsa da, asılılıqdan xilas ola bilməyib.
“Nə narkotiklə, nə də narkotiksiz yaşaya bilmirdim”, - deyən Oksana bildirir ki, bu səbəbdən dəfələrlə intihara cəhd edib: “İntihara cəhd etdim, alınmadı. Özümə bıçaq vurdum, 16 tikiş qoydular, 2 gün reanimasiyada qaldım... Daha sonra, dəfələrlə “peredoz” etdim, amma yenə də sağ qaldım”.
Nəhayət, narkotikdən xilas olmaq qərarına gələn müsahibimiz deyir ki, məhz bundan sonra gerçək azadlığın nə olduğu ona aydın olub: “İndi görürəm ki, əsl azadlıq “ayıq”lıqdaymış”.
Buyurun, Oksananın həyat hekayəsini onun öz dilindən eşidin.
Verilişi bu gün – martın 3-də, saat 20:00-da “Youtube” kanalımızda izləyə bilərsiniz.
Stopnarkotik.az
Qafqaz.Media