PENTAQON KREMLİ ÇEVRİLİŞLƏ VURMAQLA HƏDƏLƏYİB - Lavrov: "Bu, nüvə qüvvələrinin birbaşa silahlı qarşıdurması riskini daşıyır"

27/12/2022 - 12:49

Lavrov: "Əgər həqiqətən də belə ideyalar kimsə tərəfindən irəli sürülürsə, bu cür planların mümkün nəticələri barədə çox diqqətlə düşünməlidirlər"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın ölkəsi üçün "təhlükəli" planlarının olduğunu iddia edib. Lavrov deyib ki, adı açıqlanmayan Pentaqon rəsmiləri Kremli "çevrilişlə" vurmaqla hədələyiblər.

Onun sözlərinə gprə, bu, Rusiya prezidenti Vladimir Putinin fiziki olaraq vəzifəsindən kənarlaşdırılması anlamına gələ bilər. Qərbin Rusiyanı mühasirəyə almağa yönəlmiş siyasətinin son dərəcə təhlükəli olduğunu bildirən Lavrov "Bu, nüvə qüvvələrinin birbaşa silahlı qarşıdurması riskini daşıyır", deyə vurğulayıb.

"Əslində, söhbət Rusiya prezidentinin fiziki olaraq uzaqlaşdırılması təhlükəsindən gedir. Əgər həqiqətən də belə ideyalar kimsə tərəfindən irəli sürülürsə, bu cür planların mümkün nəticələri barədə çox diqqətlə düşünməlidirlər" deyən Rusiyanın xarici işlər naziri Ukrayna prezidenti Vladimir Zelenskinin NATO ölkələrindən Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbəsi tələb etdiyini bəyan edib və belə bir müharibədə qalibin olmayacağını bildirib./Hurriyyet.az