PRİQOJİNİN ÖNCƏGÖRƏNLİYİ – O, mümkün Kursk əməliyyatı və nüvə zərbəsi barədə nə demişdi? + VİDEO

15/08/2024 - 13:56

Düz bir il əvvəl, ötən ilin avqustunda qətlə yetirilən “Vaqner” qrupunun başçısı Yevgeni Priqojin ölümündən qısa müddət əvvəl Ukraynanın Rusiya ərazisinə hücum edə biləcəyinə dair proqnoz vermişdi.

“AzPolitika” xəbər verir ki, Priqojin ötən ilin yayında yayımladığı videoların birində Ukraynanın Rusiya sərhədini keçəcəyini demiş və Rusiya hərbi-siyasi rəhbərliyinin mümkün cavab addımlarını şərh etmişdi. O vaxt “Vaqner” başçısının dedikləri bir qədər fantastik görünsə də, hazırda Kursk vilayətində baş verənlər Priqojinin proqnozunun heç də təsadüfi olmadığını üzə çıxarır.

Qeyd edək ki, həmin vaxt Ukraynanın nəzarətində olan “Rusiyanın Azadlığı Legionu” və “Rusiya Könüllüləri Korpusu” Belqorod vilayətinin sərhəd kəndlərinə hücum etmişdi.

Maraqlıdır ki, Priqojin sözügedən videoda Kremli və Rusiya Müdafiə Nazirliyini mənəviyyatsızlıqda ittiham edərək, Ukraynanın mümkün hücumuna qarşı Rusiyanın öz ərazisinə nüvə zərbəsi endirməklə cavab verəcəyini istisna etməmişdi. Hətta qeyd etmişdi ki, digər ölkəyə nüvə zərbəsi endirməyə cəsarət etməyən Kreml Ukrayna qoşunlarını bilərəkdən öz ərazisinə buraxdıqdan sonra onların yerləşdiyi əraziyə taktiki nüvə bombası atmaqla, Qərbi “qorxutmaq” qərarına gələ bilər: “Belqorod vilayəti istiqamətində düşmən yavaş-yavaş Rusiyaya doğru hərəkət edir. Biz nüvə bombasını hara ata bilərik? Mən düşünürəm ki, onların (Kremlin) beynində indi cinayətkar bir ideya var-gəl edir. Əgər nüvə bombasını xarici ölkəyə atsaq, onlar da bizə eynisini atacaq. Əlbəttə ki, onlara(Rusiya rəhbərliyinə-red.) atmayacaqlar. Orduda belə bir lətifə var ki, hazırda ölkədə iki ən təhlükəsiz yer mövcuddur. Biri Rostovdakı qərargahdır (Həmin qərargahda Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov oturur-red.), ikincisi isə Frunzenskdəki qərargahdır (Moskvada Rusiya Müdafiə Nazirliyinin yerləşdiyi küçə-red.), orada Şoyqu oturur. Çünki düşmənlər heç vaxt bu yerlərə zərbə endirməyəcəklər. Ora iki “müqəddəs” yerdir. Ona görə ki, bu iki nəfəri (Sergey Şoyqu və Valeri Gerasimov) məhv etsələr, biz(Rusiya) nəticədə müharibəni uda bilərik. Mən qorxuram ki, onların (Rusiya hərbi-siyasi rəhbərliyinin-red.) alçaq fikirləri var: Nüvə bombasını öz ərazilərimizə atmaq. Bəlkə də biz Belqorod vilayətində ona görə geri çəkilirik ki, onlar irəliləsinlər, biz isə oraya nüvə bombası ataq. Sonra da göstərək ki, biz necə “gözəlik” - psixi xəstəyik. Bir də görərsiniz ki, VSU(Ukrayna Silahlı Qüvvələri-red.) hansısa kənddə dayanıblar. Biz isə onları taktiki nüvə silahı ilə(vururuq). Baxanda ki, onlar digərlərini (digər silahları-red.) necə saxlayırlar, onun(nüvə silahının-red.) necə işləyəcəyi də böyük sual altındadır”.

 

 

Göründüyü kimi, Priqojinin dedikləri hələlik nüvə silahının tətbiqi istisna olmaqla, müəyyən dərəcədə özünü doğruldur. Hələ ki, Putin və ətrafı Kurskda nüvə silahından istifadə edilməsilə bağlı bir şey deməsələr də, Kremlin qatı təbliğatçısı Vladimir Solovyov verilişlərinin birində artıq belə bir çağırışla çıxış edib.

Bir neçə ay əvvəl isə Rusiya hakimiyyətinin daha bir idbar təbliğatçısı olan Marqarita Simonyan Qərbi qorxutmaq üçün Rusiyanın öz ərazisinə - şimaldakı adaların birinə nüvə zərbəsi endirməsini təklif etmişdi. Göründüyü kimi, “elitası” bu cür psixi xəstələrdən ibarət olan Rusiya hakimiyyətindən hər şey gözləmək olar və istisna etmək omaz ki, bir gün başını itirmiş Kreml doğrudan da Kurskda, yaxud öz ərazisindəki digər bölgədə nüvə silahından istifadə etməklə, Priqojinin proqnozunu doğruldacaq...

“AzPolitika.info”  

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10