QƏNİRƏ PAŞAYEVA DATÜB BAŞQANI ZİYƏDDİN KASSANOVLA GÖRÜŞÜB – Görüşdə Birliyin 9 ölkədəki təmsilçisi də iştirak edib / FOTOLAR

01/02/2023 - 14:51

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Başqanı Ziyəddin Kassanovun başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən DATÜB-ün Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, ABŞ, Rusiya və ümumilikdə 9 ölkədən gəlmiş təmsilçiləri ilə görüşüb.

Q.Paşayeva axısxalılarla görüşün onun üçün hər zaman əziz olduğunu vurğulayıb. DATÜB-ün, Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) fəaliyyətini həmişə maraqla izlədiyini bildirib. Gənclərin öz adət-ənənəsinə, milli-mədəni irsə, ortaq dəyərlərə, o cümlədən Türk birliyi ideyasına bağlı böyümələri baxımından ictimai fəal qüvvələrin özünəməxsus rola malik olduğunu bildirib. 

Dünya AHıska Türkləri Birliyinin rəhbəri Ziyəddin Kassanovun başçılığı ilə müxtəlif ölkələrdəki Axısxa icmalarını təmsil edən ictimai liderlərin 20 Yanvar – Ümumxalq Hüzn Günündə Bakıya səfər etməsini təqdirlə qarşılayan Q.Paşayeva, şəhidlər – Milli Qəhrəman İsgəndər Aznaurov, Battal Bayraxtarov, Vüsal Şirinov, Musa Həmzəyev, Zeynalı Dursunov kimi oğulların yüksək vətənpərvərliyindən, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması, ərazi bütövlüyünün qorunmasında xidmətlərindən minnətdarlıqla söz açıb.

Görüşdə müxtəlif mədəni layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Z.Kassanov Azərbaycanda keçirdiyi bir sıra görüşlər, Azərbaycanda yaşayan Axısxa türklərinin həyat və şəraiti ilə yaxından tanış olması barədə Komitə sədrinə məlumat verib.

Z.Kassanov və DATÜB-ün 9 ölkə üzrə təmsilçiləri Q.Paşayevanın müxtəlif beynəlxalq platformalarda, xarici səfərlərdə Axısxalıların problemlərini səsləndirməsini, onun Axısxa sürgünü, ümumən Axısxa ilə bağlı yazdıqlarını minnətdarlıqla qeyd ediblər. “Qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Axısxa türklərinin sürgün edilməsinin 75-ci ildönümü ilə bağlı Anım mərasimində çıxış edərkən sizin “Axısxa” şeirini oxumasını da minnətdarlıqla xatırlayırıq. Azərbaycanda və Türkiyədə günü zü görmüş “Vətən qoxusu” əsərinizə görə də sizə minnətdarıq. Dünyanın dörd tərəfindəki Axısxalılar hər zaman Azərbaycanın dərdlərini, həqiqətlərini dilə gətirdiyi kimi, əmin ola bilərsiniz ki, bundan sonra da Azərbaycanın dərdini dərdimiz, sevincini sevincimiz biləcəyik”.

Komitə sədri DATÜB Başqanı və təmsilçilərinə Azərbaycan, o cümlədən Xocalı Soyqırımı həqiqətlərinə yanar ürəkli münasibətlərinə görə təşəkkür edib.   

Sonra qarşılıqlı xatirə hədiyyəsi bağışı olub. Q.Paşayeva DATÜB Başqanı və təmsilçilərinə Azərbaycan əl toxuması xalçası, Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Bakıdakı “Gözəl Yaşam Mərkəzi”ndə baş tutan görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova da iştirak edib.

 

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12