“Rusiya müharibəni bitirməyə hazırdır” – Lavrov “şərtləri” açıqladı
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Rusiya ona qarşı tətbiq edilən bütün sanksiyaların ləğvi müqabilində Ukraynadakı müharibəni dayandırmağa hazırdır. Lakin şərtlər bununla bitmir.
“AzPolitika” xəbər verir ki, “Newsweek” jurnalına müsahibəsində Lavrov müharibəni bitirməyin digər şərtlərini də açıqlayıb. O, Vladimir Putinin Kiyev qarşısındakı digər tələblərini xatırladıb. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarılması və “bu bölgələrin Rusiya ərazisi kimi tanınması” tələb olunur. Bundan əlavə, Putin "Ukraynanın bloklara qoşulmamasını, nüvəsiz statusunun möhkəmləndirilməsini, habelə ölkənin demilitarizasiyasını və denazifikasiyasını" tələb edib. Lavrov Putinin bu tələblərinə Kiyevin reaksiyasından narazı qalıb: “Kiyev bu bəyanata avqustun 6-da Kursk vilayətinə silahlı basqınla cavab verdi. Onun himayədarları – ABŞ və digər NATO ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu şərtlər altında bizim Ukraynadan gələn təhdidlər aradan qaldırılana qədər xüsusi əməliyyatımızı davam etdirməkdən başqa yolumuz yoxdur”. Onun sözlərinə görə, Rusiya üçün Ukraynaya qarşı müharibə guya “onun xalqının müdafiəsi və həyati təhlükəsizlik maraqlarının təmin olunması” ilə bağldır. Eyni zamanda Lavrov şikayətlənib ki, hər dəfə “Moskva hamıya yarayan müqavilə bağlamağa çalışanda Kiyev və onun ağaları geri çəkilir”. Nümunə kimi o, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş Minsk razılaşmalarını, həmçinin 2022-ci ilin mart ayının sonunda İstanbulda əldə olunmuş “sülh müqaviləsi”ni göstərib: “Sülhün bərpası düşmənimizin planlarının bir hissəsi deyil. Zelenski Moskva ilə danışıqları qadağan edən fərmanını ləğv etməyib. Vaşinqton və onun NATO müttəfiqləri müharibəni davam etdirmək üçün Kiyevə siyasi, hərbi və maliyyə dəstəyi verir”. Lavrov həmçinin, Rusiyanın dərinliyinə raket zərbələri endiriləcəyi təqdirdə Rusiyanın “dəhşətli cavab verəcəyini” xatırladıb və deyib ki, Putin artıq bunun nə ilə nəticələnəcəyinə dair bəyanat verib.
“AzPolitika.info”