Rüşvət almaqda təqsirləndirilən sabiq idarə rəisinin vəsatəti təmin olunmayıb

26/11/2024 - 13:52

Rüşvət almaqda təqsirləndirilən Suraxanı rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Haşımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verib. Həmçinin, müdafiəçi deyib ki, müvəkkili xərçəng xəstəsidir. Hakim heyəti vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası dekabrın 3-nə təyin olunub. Qeyd edək ki, Mehman Haşımov ləğv edilmiş "Azərsu" ASC-nin yerli şöbələrində həyata keçirilmiş kompleks yoxlamalar nəticəsində tutduğu vəzifəsindən azad edilib. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib. Mehman Haşımov vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda rüşvət almaqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə, hərəkətsizliyə görə rüşvət alma) maddəsi ilə təqsirli bilinib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42