“BU, MÜHARİBƏ DEMƏKDİR” – “Kim belə qərar versə, xalq tərəfindən devriləcək"

25/10/2024 - 11:11

Lukaşenko Belarusu Rusiyaya birləşdirmək istəyənləri hədələdi. Növbəti dəfə prezidentliyə namizədliyini irəli sürən Aleksandr Lukaşenko Belarusun Rusiyaya birləşdirilməsinin qəti əleyhinədir.  “AzPolitika” xəbər verir ki, Lukaşenko bunu “İzvestiya”ya müsahibəsində deyib. Lukaşenko qeyd edib ki, Rusiyanın “yüksək dairələrində” Belarusu ilhaq etmək istəyənlər var. Lakin belə cəhdlər müharibəyə gətirib çıxaracaq: "Siz kiçiksiniz, biz daha böyükük, biz sizə kömək edəcəyik və siz də Rusiyaya birləşin. Məsələni bu cür qoymaq olmaz. Bu mümkün deyil və həyata keçirilə bilməz. Mən hətta bunu deməyə qorxuram – bu, müharibə deməkdir”. Lukaşenko deyib ki, heç kim ona Rusiyaya birləşmək səlahiyyətini verməyib və Belarusa rəhbərlik edəcək istənilən şəxs belə bir qərar versə, xalq tərəfindən devriləcək. Onun sözlərinə görə, artıq Belarusla Rusiya arasında İttifaq dövləti yaradılır ki, bu da hətta unitar dövlətdən daha sıx əlaqələr yaratmağa imkan verir: "Biz unitar dövlətdən daha sıx və güclü əlaqələr qura bilərik və heç kim heç kimdən inciməyəcək". Lukaşenko onu da qeyd edib ki, bugünkü reallıqlar siyasətçilərin keçmişin prinsipləri ilə hərəkət etməkdənsə, gələcək nəticələri barədə düşünmələrini diktə edir: “Bu, orta əsrlər deyil, bir ərazini zəbt edirsən və vergi ödəyirlər… Dünya dəyişib, buna görə də qarşıya axmaq məqsədlər qoymağa ehtiyac yoxdur və həmişə bu barədə düşünməlisiniz ki, bundan sonra nə olacaq”.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ