Texnoloji dəyişikliklər əmək bazarındakı tələb-təklif uyğunsuzluğunu daha da artıracaq

31/07/2024 - 10:03

 

Texnoloji dəyişikliklər əmək bazarındakı tələb-təklif uyğunsuzluğunu daha da artıracaq

Son illərdə dünyada baş verən sosial, iqtisadi, demoqrafik, texnoloji dəyişikliklər əmək bazarına ciddi şəkildə təsir göstərir. Qloballaşmanın, 4-cü sənaye inqilabının, rəqəmsallaşmanın, innovasiyaların təsiri altında əmək bazarında bəzi peşə və ixtisaslara tələb azaldığı halda, eyni zamanda bir sıra yeni peşə və ixtisaslar da yaranır. Yeni yaranmış peşə və ixtisaslar işçi qüvvəsindən xüsusi bilik və bacarıqlar tələb edir. Son illərdə dünyada baş verən dəyişikliklər Azərbaycanın əmək bazarına da öz təsirini göstərib.
İqtisadçı ekspert, İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, Azərbaycanın əmək bazarında sosial, iqtisadi, demoqrafik və texnoloji dəyişikliklər səbəbindən bir sıra problemlər mövcuddur. Onların sırasına tələb təklif uyğunsuzluğu, qeyri-formal məşğulluq, işsizlik, daxili miqrasiya, regional fərqlər, işçi qüvvəsinin yaş-cins strukturu və s. daxildir. Ekspertin fikrincə, son illərdə ölkədə əmək bazarının tənzimlənməsi istiqamətində bir sıra islahatlar aparılıb və müsbət dəyişikliklərə nail olunub. Belə ki, ölkədə qeyri-formal məşğulluğun, işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb. Lakin əmək bazarında hələ də həllini gözləyən ciddi problemlər mövcuddur. İqtisadiyyatın diversifikasiyasının yetərli səviyyədə olmaması, regionların qeyri-taraz inkişafı iş yerlərinin əsasən paytaxtda cəmlənməsi ilə nəticələnir ki, bu da son nəticədə daxili miqrasiyanı gücləndirir. Ekspertin fikrincə, yaxın illərdə texnoloji dəyişikliklər, yeni tendensiyalar əmək bazarındakı tələb-təklif uyğunsuzluğunu daha da artıracaq.
Ekspertin fikrincə, baş verən dəyişikliklərin əmək bazarına mənfi təsirlərini azaltmaq, tələb-təklif uyğunsuzluğunu aradan qaldırmaq üçün hökumət tərəfindən bir sıra islahatlar həyata keçirilməlidir. Bundan ötrü ilk növbədə təhsildə keyfiyyətin yüksəldilməsi prioritet olmalıdır. Yeni ixtisasların yaradılması, fənn proqramlarının təkmilləşdirilməsi, tələb az olan peşə və ixtisaslar üzrə plan yerlərinin azaldılması, təcrübə yönümlü biliklərə üstünlük verilməsi təhsil siyasətinin prioritetlərindən olmalıdır. Habelə əmək sferasında fəaliyyət göstərən qurumların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, kadrların yenidən hazırlığı zəruridir.

Rəsmiyyə Sabir

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin qiyməti artıb
26/08/2024 - 09:46
Neftin bu günə olan qiyməti
15/08/2024 - 16:44