“TRAMP VƏ KOMANDASI ÇAŞ-BAŞ QALIB" - Harrisin reytinqi artır, Trampın vitse-prezident seçimi isə onun əleyhinə işləyir
Məlum olduğu kimi, ABŞ-nin hazırkı prezidenti Co Bayden uzun müddət heç bir halda seçki yarışından çəkilməyəcəyini bəyan etsə də, ona qarşı edilən təzyiqlərdən, xüsusilə də Trampla debatdakı bərbad çıxışından və Trampa qarşı sui-qəsddən sonra namizədliyini geri götürdü. Lakin belə görünür ki, onun belə tezlkiklə və qəflətən geri çəkilməsi Donald Trampın özü və onun komandası üçün gözlənilməz olub. Doğrudur, Tramp onun üçün Kamala Harrisi yenməyin Baydenə qalib gəlməkdən daha asan olduğunu bəyan edib.
Lakin son rəy sorğuları və ümumilikdə hadisələrin gedişi bunun tam əksini göstərir. Bunu Trampın komandası da hiss edir. Məhz buna görə Trampın seçki qərargahı onun Kamala Harrislə debatda iştirakdan yayınması barədə qərar verib. Buna bəhanə olaraq isə göstərilib ki, Demokratlar Partiyası hələ rəsmən Harrisin vahid namizədliyini təsdiqləməyib. Hansı ki, ABŞ-də artıq hər kəsə məhz Harrisin namizəd olacağı gün kimi aydındır. Beləliklə də, Tramp açıq şəkildə Harrislə debatdan qaçıb və bu da onun reytinqlərinə mənfi mənada təsirsiz ötüşməyib.
Buna baxmayaraq, Tramp özünün şoumen keyfiyyətlərindən istifadə edərək, amerikalılar arasında populyarlığını artırmağa çalışır. Belə ki, o, özünə qarşı Pensilvaniyada gerçəkləşən məlum uğursuz sui-qəsdin baş verdiyi meydana yenidən qayıdaraq, orada mitinq keçirmək barədə qərar verib. Bu, o deməkdir ki, Tramp sui-qəsd kartından sonadək istifadə etmək və bu hadisədən mümkün qədər dividend qazanmaq fikrindədir. Lakin hadisələrin gedişi göstərir ki, zaman keçdikcə amerikalıların bu hadisəyə marağı azalır və onları gündəmin digər mövzuları daha çox maraq landırır. Bu baxımdan noyabr ayına qədər, yəni, 3 aydan sonra Trampa qarşı sui-qəsdin seçicilərin qərarlarına nə dərəcədə ciddi təsir göstərəcəyi sualı açıq qalır.
Bu arada ABŞ mətbuatı Tramp komandasının Baydenin seçkidən çəkilmək qərarından məyus olduğu barədə məlumatlar yayır.
“AzPolitika” xəbər verir ki, “Axios” nəşrinin Respublikaçılar Partiyasındakı mənbələrə istinadla yazdığına görə, ABŞ Prezidenti Co Baydenin prezidentlik yarışından imtina etməsi və vitse-prezident Kamala Harrisi dəstəkləməsi Donald Trampın seçki qərargahını təəccübləndirib.
BBC isə yazır ki, Trampın ən yaxın və yüksək səviyyəli müşavirləri “Baydenin yarışdan çıxdığı barədə qərarından çaş-baş qalıblar və Harrisə hücum etmək üçün təcili olaraq yeni arqumentlər axtarmağa başlayıblar”.
Qeyd olunur ki, seçki kampaniyası ilə bağlı xəbərlərə adətən dərhal, operativ cavab verən Tramp komandası Baydenin qərarı ilə bağlı bəyanat yaymağa gecikib. Nəticədə Trampın özü sosial şəbəkədə daha əvvəl açıqlama və münasibət yayımlamağa məcbur olub.
Trampın seçki kampaniyasının baş məsləhətçisi Ceyson Miller “Axios”-a deyib ki, Trampın komandası “Demokratların Co Baydendən qurtulması sürətinə” təəccüblənib: “Şəxsən mən bunun bir həftə sonra olacağını düşünürdüm. Düşünürdüm ki, Co Bayden Bibi ilə görüşdən(İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri nəzərdə tutulur-red.) sonra belə bir qərar verə bilər”.
Ancaq göründüyü kimi, həm Trampın komandası, həm də şəxsən onun özü Baydendən və Demokratlar Partiyasından belə çevik reaksiya gözləmirdilər. Digər yandan isə Kamala Harrisə olan dəstək gözləniləntiləri xeyli üstələyir. Artıq sabiq prezident Bill Klinton və onun həyat yoladaşı Hillari Klintondan sonra digər sabiq prezident və müasir Amerikada Demokratlar Partiyasının siması hesab edilən Barak Obama və onun həyat yoldaşı Mişel Obama da Harisə birmənalı dəstəklərini elan ediblər. Eyni zamanda, Harrisin namizədliyi məsələsi ortaya çıxandan sonra Demokratların seçki qərargahına sponsorların on milyonlarla dollar vəsaitləri axışmağa başlayıb.
Digər maraqlı məqam isə gələcək vitse-prezidentliyə namizədlərlə bağlıdır. Belə ki, Trampın seçdiyi senator Cey Di Vens heç də amerikalılar arasında ən populyar fiqur hesab edilmir. Təsadüfi deyil ki, Bayden ilk gündəcə Vensi “Trampın klonu” adlandırıb. Doğrudan da, vaxtilə Trampı Hitlerlə bənzədən, indi isə ondan betər radikallıq göstərən Vens öz ikiüzlü və riyakar davranışları ilə qətiyyən Trampa əlavə dəstək qazandırmır. Əksinə, onun radikallığı Respublikaçıların, eləcə də bitərəflərin qaradərili və digər “rəngli” elektoratını Trampdan uzaqlaşdıraraq, Harrisə doğru yönəldir. Bu baxımdan hətta Trampın Vensi vitse-prezident seçmək qərarından peşiman olduğu və bu seçimini dəyiçşə biləcəyini iddia edənlər var. Lakin texniki baxımdan artıq bu, imkansız görünür. Mütəxəssislər hesab edirlər ki, Trampa özündən daha sərt deyil, daha mülayim, ölçü-biçili, kompromisə meylli vitse-prezident lazım idi ki, yeri gələndə manevrlər etmək imkanı olsun. Bu baxımdan da Trampın Vensi seçməsi səhv və onun üçün mənfi mənada həlledici ola biləcək addım sayılır.
Ancaq əvəzində, Harrisin özünə uğurlu vitse-prezident seçməklə əlavə səslər qazanması ehtimalı olduqca yüksəkdir. Artıq heç kim şübhə etmir ki, Harrisin vitse-prezidenti ağdərili olacaq və bu da ağdərili seçicilərin əhəmiyyətli hissəsi üçün cəlbedicidir. Artıq Harrisin vitse-prezidentinin kimliyi də demək olar ki, bəllidir. Böyük ehtimalla bunun Pensilvaniyanın Demokrat qubernatoru Coşua Şapiro olacağı gözlənilir. Öz ştatında və ətraf ştatlarda olduqca populyar olan Şapiro son qubernator seçkisində özünün Respublikaçı rəqibini 15 faiz səs üstünlüyü ilə yenmişdi ki, bu da ABŞ-də qubernator seçkiləri üçün olduqca böyük nailiyyətdir.
Bütün bunlar seçki yaxınlaşdıqca, Trampın və onun komandasının vəziyyətinin çətinləşəcəyinin siqnallarını verir. Bu baxımdan Trampı artıq prezident elan edənlərin xeyli tələsdiyi görünür...
“AzPolitika.info”