UKRAYNA 4 BRİQADASINI GERİ ÇƏKİR... - “Bu, şəhəri xilas etmək üçün vaxt verə bilər”
Rusiya işğalçı ordusu üçün Donetsk vilayətinin Pokrovsk şəhəri prioritet istiqamət olaraq qalır. Lakin son bir neçə gündə rus qoşunları burada əvvəlki qədər sürətlə irəliləyə bilmir. Rusiya qoşunlarının Pokrovska doğru irəliləməsi təkcə mühüm təchizat xətlərini, şəhərin özünü və onun mülki əhalisini təhdid etmir. Bu, həm də Pokrovskdan cənubdakı Ukrayna qoşunları üçün son dərəcə təhlükəli vəziyyət yaradır. “AzPolitika” xəbər verir ki, “Forbes”-un cəbhədəki vəziyyətlə bağlı yazısında belə deyilir. “Forbes”-un hərbi analitiki Devid Eksin yazdığına görə, Pokrovska yaxınlaşan rus qoşunları şimaldan cənuba doğru uzanan Memrik kəndi ilə Vovça çayı arasındakı xətti saxlayan Ukrayna qüvvələrini yan keçiblər. Bununla da onlar həmin qüvvələri mühasirəyə almağa çalışırlar: “Rusların bir neçə həlledici manevrləri nəticəsində bu çıxıntı yüzlərlə Ukrayna əsgəri üçün tələyə çevriləcək, onlar mühasirəyə düşə bilərlər”. Qeyd olunur ki, həmin “qazanda” Ukraynanın 59-cu motoatıcı briqadası, 68-ci briqadası, 117-ci ərazi müdafiə briqadası və 15-ci milli qvardiya briqadasının hissələri var. Eyni zamanda, analitik qeyd edir ki, həmin qüvvələrin mühasirəyə düşüb-düşməməsi bu sektorun şimal istiqamətində Ukrainsk kəndini qoruyan 25-ci Hava Desant Briqadasından asılıdır. Yəni, bu briqada çəkilməsə, mühasirə baş tutmayacaq. Buna baxmayaraq, belə görünür ki, Ukrayna sözügedən qüvvələri mühasirə təhlükəsini nəzərə alaraq, həmin ərazidən çəkməyə başlayıb. Amerikalı analitik yazır ki, Ukraynanın geri çəkilməsi artıq başlayıb və bu, Ukrayna komandanlığı tərəfindən atılan ağlabatan addımdır. Bununla təxminən 40 kvadrat kilometr ərazi rusların nəzarətinə keçə bilər. Lakin kritik anda Ukrayna batalyonlarının bütövlüyü qorunacaq. Bundan əlavə, “Forbes”-un yazdığına görə, Pokrovsk ətrafındakı döyüşlərə dair bəzi optimist qiymətləndirmələr Rusiyanın hücumunun ləngidiyini göstərir: “Bu, ukraynalılara müdafiəni və maddi-texniki təchizatı gücləndirmək və şəhəri xilas etmək üçün vaxt verə bilər. Ukraynanın buradakı qoşunları kifayət qədər deyil. Onların sayı o qədər azdır ki, 4 briqadanın hissələrinin itirilməsi ukraynalılar üçün fəlakətli ola bilər. Eyni zamanda, demək olar ki, mühasirəyə alınmış bu qoşunların uğurla təxliyə edilməsi Ukraynanın düzəldilmiş və qısaldılmış müdafiə xəttini gücləndirə bilər”. D.Eks vurğulayır ki, payıza doğru cəbhə xəttinin bu hissəsində sabitləşmə yaranacaq. Çünki Rusiya ordusunun pik həddinə çatmış hücum potensialı yaxın müddətdə tükənəcək. “The Telegraph” isə yazır ki, artıq sentyabrda Pokrovskun itiriləcəyi güman edilsə də, hadisələrin gedişi bunun əksini göstərir. Bundan öncə Prezident Volodimir Zelenski bildirib ki, son iki gündə Rusiya işğalçıları Pokrovsk istiqamətində irəliləyə bilməyib, eyni zamanda kifayət qədər böyük sayda rusiyalı hərbçi Ukraynanın cənubunun işğal olunmuş hissəsindən - Zaporojye vilayəti və Xerson vilayətindən Rusiyanın Kursk vilayətinə köçürülüb.ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) isə xəbər verib ki, Ukrayna Silahlı Qüvvələri Pokrovsk yaxınlığındakı bəzi məntəqələrdə uğurlar qazanıb. Belə ki, geolokasiya görüntülərinə əsasən, Ukrayna əsgərləri Novoqrodivkanın cənub-qərbində mövqelərini bərpa ediblər. Beləliklə, Rusiaynın Pokrovsk istiqamətindəki qələbə eyforiyası tədricən öləziyir. Qərbdən lazımi dəstək təmin olunarsa, 3 ilə yaxın döyüş təcrübəsi olan Ukaryna ordusunun və onun rəhbərliyinin bu istiqamətdə vəziyyəti stabilləşdirmək imkanları qalır.
“AzPolitika.info”