UKRAYNADA ANTİ-AZƏRBAYCAN KAMPANİYASINI KİMLƏR APARIR? - Ramiz Yunusdan Bakıya iftira atanlara möhtəşəm cavab
Son günlər Ukraynada Vladimir Putinin Bakı səfəri və SOCAR-la “Qazprom” arasında bağlandığı deyilən razılaşmaya dair qızğın müzakirələr gedir. Xüsusilə də bir sıra mətbu orqanlarda qərəzli şərhçilər və “ekspertlər” Azərbaycan tərəfini “Qazprom”-la əlaqəyə görə absurd ittihamlarla hədəfə alırlar.
Açıq şəkildə hansısa qüvvələrin zatən Rusiya işğalı nəticəsində “başını itirmiş” Ukrayna cəmiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq istədiyi nəzərə çarpır.
İnsafən, əksər ukraynalılar və bir çox tanınmış politoloqlar bu iftira kampaniyasını qəbul etmir və Azərbaycanın mövqeyini müdafiə edirlər. Ancaq hər halda, bu kampaniyaya başlayanların məqsədləri və onların “əlinin kimin cibində olması” cavabı tapılmalı olan vacib sualdır. Çünki bu cür informasiya təxribatları təkcə Ukrayna-Azərbaycan münasibətlərinə deyil, Azərbaycanın beynəlxalq arenadakı mövqeyinə də zərər vurur, eyni zamanda, ölkəmizin Ukraynaya Rusiya işğalına qarşı mübarizəsindəki dəstəyinə kölgə salır.
“AzPolitika” xəbər verir ki, tanınmış azərbaycanlı politoloq və Ukraynada böyük oxucu kütləsi olan Ramiz Yunus öz “facebook” səhifəsində bu mövzuyla bağlı maraqlı paylaşım edib. O, Ukrayna-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyənlərə tutarlı cavab verib. Həmin paylaşımı kiçik ixtisarla təqdim edirik: “Xatırlatmağı vacib sayıram ki, Azərbaycan indiyədək heç vaxt Ukraynaya zərər vura biləcək addımlar atmayıb, Ukraynaya göstərdiyi yardımdan və SOCAR-ın gördüyü işlərdən danışmayıb.
- Bununla belə, Azərbaycanın xarici siyasəti onun dövlət maraqlarına əsaslanır və Azərbaycan öz siyasətini müstəqil şəkildə formalaşdırır. Bunun nəticələri göz qabağındadır - ölkənin uğurları.
- Azərbaycanın Ukrayna ilə bağlı mövqeyinə məhəl qoymayanlar unudurlar ki, biz heç kimə borclu deyilik və heç bir öhdəliyimiz yoxdur.
- Azərbaycan 30 il torpaqları işğalda olanda heç kimdən, o cümlədən Ukraynadan real dəstək almadı, ancaq buna vurğu da etmədi.
- Azərbaycan ərazilərini qaytarmaq üçün nə Aİ-dən, nə ABŞ-dən, nə də Rusiyadan pulsuz silah və sursat almadı və təkbaşına öz ordusunu yaratdı.
- Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımında şəxsən iştirak edən Ermənistan Prezidenti Serj Sarqsyan Ukraynaya səfər edəndə və Ukrayna prezidenti ilə görüşəndə (2011-ci il) Azərbaycan isterik reaksiya vermədi. Çünki Ukraynanın Azərbaycanın maraqlarına uyğun xarici siyasət yürütməsinə dair heç bir öhdəliyi yox idi, necə ki, indiki kimi Azərbaycanın da belə bir öhdəliyi yoxdur. Ancaq bizdən fərqli olaraq, Ukraynada bəziləri hesab edir ki, Azərbaycan Ukrayna naminə balanslaşdırılmış siyasətindən əl çəkməli, xoş qonşuluq siyasətinə son qoymalıdır.
- Ukraynada bu cür iradları ölkənin ən yaxın tərəfdaşlarına qarşı da görmək olur - Polşa ilə problemlər, Böyük Britaniya ilə qalmaqal (o zaman Böyük Britaniyanın müdafiə naziri Ben Uolles demişdi ki, Ukrayna daim yeni silahlar tələb etmək əvəzinə, hərbi yardıma görə tərəfdaşlarına daha çox təşəkkür etməlidir) . Bu, çox yanlış siyasətdir.
ı- Ukraynada bəziləri indi Qarabağ müharibəsində vuruşmuş Azərbaycan vətəndaşı olan ukraynalıları xatırladırlar. Ukrayna vətəndaşlarının, etnik ukraynalıların vətəni(Azərbaycan-red.) uğrunda döyüşlərdə iştirakı normal haldır, necə ki, bu gün Ukrayna ordusunda Ukrayna vətəndaşı olan azərbaycanlılar xidmət edir. Bu, manipulyasiya üçün səbəb deyil.
- “Qazprom”la anlaşmaya görə Azərbaycanın SOCAR şirkətinə qarşı kampaniyaya başlamaq absurddur. Ukrayna Rusiya ilə müharibəyə baxmayaraq, öz ərazisindən Rusiya qazının tranzitini dayandırmadı və bunun üçün pul aldı. Müharibələr tarixində belə hal olmayıb. Bu gün hətta Kursk vilayətindəki Sudja qazölçmə məntəqəsi ukraynalıların nəzarətinə keçdikdən sonra da qaz tranziti davam edir.
- Məhz Ukrayna və Aİ Azərbaycandan qazın Ukraynadan keçməklə Avropaya nəqli üçün “Qazprom”la əməkdaşlıq etməsini istəyib. Azərbaycanın buna ehtiyacı yoxdur.
- Müharibə zamanı Ukraynadan heç bir dəstək almadıq.
- Əgər Ukrayna SOCAR-ı boykot etmək istəsə, bu bazar ARDNŞ üçün strateji əhəmiyyət kəsb etmədiyi üçün şirkət istədiyi vaxt onun aktivlərini qiymətləndirib ölkəni tərk edə bilər.
- Azərbaycan Ukraynadan belə “təşəkkür” eşidəcəyini gözləmirdi. Bəlkə Ukrayna Azərbaycanın icra etdiyi İrpen şəhərinin bərpasını da “boykot” edib, o binaları yenidən dağıtmağa qərar verəcək? İrpen merinin müavini bildirib ki, “Dünyada heç bir ölkə İrpendə sosial infrastrukturun bərpasına Azərbaycan qədər pul yatırmayıb”. Bəlkə bu bərpa edilmiş infrastrukturu yenidən partlatmağa qərar verələr?
- Azərbaycan heç vaxt yaxşı əməllərini xatırlatmağı sevmir, amma sadə “sağ ol” əvəzinə belə absurd ittihamlara, iddialara da layiq deyil.
- Ukrayna birbaşa müharibəyə baxmayaraq, Rusiya qazının öz ərazisindən tranzitini dayandırmır. Halbuki Ukraynanın və Aİ-nin yüksək vəzifəli nümayəndələri Azərbaycandan Rusiya ilə qaz tranzitində vasitəçilik etməyi xahiş ediblər. Bu gün isə Azərbaycanı düşmən elan edirlər? Ayıb deyil?”
“AzPolitika.info”