“Ukraynanın 25 il ömrü var” - Medvedevdən yeni “proqnoz”
Rusiyanın işğalçılıq müharibəsinin başladığı gündən bəri Ukraynanın tezliklə məhv ediləcəyini deyən Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, sabiq prezident Dmitri Medvedev indi də deyir ki, Ukraynanın 25 il ömrü var. “AzPolitika” xəbər verir ki, öz sosial şəbəkə səhifəsindəki yeni paylaşımında Medvedev Böyük Britaniya ilə Ukrayna barədə növbəti “proqnozları”nı verib: “Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi Ukraynaya 100 illik dəstək vəd edib. 1). Yalan deyir. 2). Qondarma Ukrayna bu müddətin dörddə birini belə dözüb qalmayacaq. 3). Britaniya adlanan ada yaxın illərdə batmış ola bilər”. ıMedvedev əlavə edib ki, Rusiyanın səsdən sürətli raketləri Britnaiyanın məhv edilməsi üçün “lazım gələrsə, kömək edəcək”. Xatırladaq ki, ABŞ Dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi sentyabrın 11-də Ukraynaya gəliblər. Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri səfər zamanı Böyük Britaniya tərəfindən Ukraynaya dəstək üçün 100 illik tərəfdaşlıq sazişini elan edib. O, həmçinin növbəti 12 ay ərzində Ukraynaya 600 milyon dollardan çox dəstək veriləcəyini təsdiqləyib.
“AzPolitika.info”