YAP NAXÇIVAN SEÇKİLƏRİNDƏ İŞTİRAK ETMİR... – Bir ölkə, iki seçki qanunu?...
Xəbər verdiyimiz kimi 1 sentyabrda Naxçıvan Muxtar Respublikası (BNMR) Ali Məclisinə (AM) keçiriləcək seçkilərlə bağlı qəribə bir vəziyyət yaranıb. Yerli seçki komissiyası qeydə alınmış namizədlərin siyahısını hələ də özünün (nmsk.gov.az) internet saytına yerləşdirməyib. Namizədlərin, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin kimliyi barədə məlumat yoxdur. Qeyd edək ki, Ali Məclisə seçkilər “NMR Ali Məclisinə Seçkilər Haqqında” qanunla müəyyən edilir. Bu qanun Ali Məclisə seçkilərin təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Onun bir sıra müddəaları Azərbaycan Seçki Məcəlləsindəki normalardan fərqlənir. Sənəddə vətəndaşların səsvermə və namizədliyini irəli sürməsi, habelə seçki təşviqatı ilə bağlı daha məhdudlaşdırıcı maddələr daxil edilib.
Məsələn:
Maddə 2. Ali Məclisə seçkilərdə iştirakın prinsipləri
2.1. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 13-cü maddəsinə uyğun olaraq Ali Məclisə seçkilərdə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə iştirak edirlər.
Bu madədə seçkilərdə ancaq NMR ərazisində daimi yaşayan vətəndaşların iştirak etmək hüququ var. Məlumdur ki, son illər Vasif Talıbov və onun ətrafının yaratdığı dözülməz hüquqi nihilizm, ağır sosial-iqtisadi şəraitə görə on minlərlə Naxçıvan sakini Bakıya və Türkiyəyə üz tutub, məhəllələr, kəndlər salıb. Belə məlum olur ki, onların səsvermə hüquqları yoxdur, NMR Mərkəzi Seçki Komissiyası Bakıda səsvermənin təşkilini həyata keçirmir. Nəticədə, paytaxtda yaşayan, Naxçıvanda daimi qeydiyyatda olan on minlərlə naxçıvanlı da səsvermə hüququnu reallaşdıra bilmir. Məntiqlə NMR-in Bakıdakı Nümayəndəliyi səsverməni rahatlıqla təşkil edə bilər. Bu vətəndaşlar ölkənin bir ərazisindən digər ərazisinə gediblərsə, onlar səsvermə hüququndan necə mərhum edilə bilərlər, anlaşılan deyil…
Naxçıvanın özündə 6 aya qədər yaşayan yerli sakinlər də seçki hüququndan istifadə bilməzlər. Qanunun 43-cü maddəsində yazılıb:
Vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydası
43.1. Naxçıvan Muxtar Respublikasında daimi yaşayan, aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər.
43.2. Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.
Yəni Muxtar Respublikada keçirilən seçkidə səs vermək üçün minimum 6 ay müvafiq seçki məntəqəsinin ərazisində yaşamaq tələbi var. Azərbaycan Seçki Məcəlləsində isə vətəndaşlar hətta seçkiyə iki gün qalmışa qədər faktiki yaşadıqları ərazidəki seçki məntəqələrinə müraciət edib əlavə siyahılarda qeydiyyata düşməklə, seçki hüququnu həyata keçirə bilirlər.
Ümumiyyətlə Naxçıvanın yerli hakimiyyətinin ölkə vətəndaşlarını yerli özünüidarəetmə orqanının təşkilində iştirak hüququndan məhrum etməsi Azərbaycan vətəndaşlarının Konstitusiya ilə verilmiş hüquq və azadlıqlarının pozulmasıdır.
Qeyd edək ki, “NMR Ali Məclisinə Seçkilər Haqqında” qanunda namizədlərlə bağlı da qadağalar mövcudur və yerli Konstitusiyanın 8-ci maddəsinə istinad olunur. Həmin maddədə yazılıb:
Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər. Yəni daimi yaşamaq tələbi seçicilərlə bərabər namizədlər üçün də məcburidir.
Bölgədə qeydiyyatda olsa belə, daimi yaşamayan Naxçıvan sakinləri deputat seçilə bilməzlər.
Maraqlı məqamlardan biri də qanunda seçki təşviqatına qoyulan müddətlərin Azərbaycan Seçki Məcəlləsindəki müddətdən fərqlənməsidir. Bu qanunda namizədlərə 20 gün vaxt verildiyi halda Naxçıvanda cəmi 12 gün təşkil edir:
Maddə 63. Seçkiqabağı təşviqatın aparılması müddəti
63.2. Seçkiqabağı təşviqat səsvermə gününə 12 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Yerli seçkilərdə namizədlər təşviqata 8 gün az sərf edirlər ki, bu da kifayət qədər məhdudlaşdırıcı amil hesab edilə bilər.
Əvvəlki yazılarımızda qeydə alınmış namizədlərin, o cümlədən hakim partiyanın Ali Məclis üzvlüyünə iddiaçılarını gizli saxlaması barədə də məlumat vermişdik. Qeyd edək ki, bu məsələ də qanunvericilikdə nəzərdə tutulmuş normalarla bağlı olsa da, iqtidar partiyasının yarımgizli fəaliyyətinə bəraət qazandırmır.
“NMR Ali Məclisinə Seçkilər Haqqında” qanunda göstərilir ki, müvafiq seçki komissiyaları seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində media subyektlərinə təqdim edirlər. Seçki komissiyaları qeydə alınmış namizədlər barədə məlumatları səsvermə gününə ən azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, bu Qanunun 85.3- cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirirlər. Namizədin qeydiyyatının ləğv edilməsi barədə məlumatlar da həmin qaydada yerləşdirilir.
Belə gözləmək olardı ki, həm yerli MSK, həm də hakim partiyanın bölgə təşkilatı seçkilərə 12 gün qaldıqda qanunun tələbinə uyğun addım atacaqlar. Amma Naxçıvandan gələn məlumatlar məsələnin daha qəliz olduğunu, əslində problemin yerli məmur qrupları arasındakı qarşıdurma ilə bağlı olduğunu bildirirlər. Qeyd olunur ki, Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli hakim partiyanın yerli təşkilatının seçkidə vahid siyahı ilə iştirak etməsinə imkan verməyib. YAP-dan indiyə qədər namizədliyi qeydə alınan şəxslərin hamısı fərdi qaydada dairə seçki komissiyalarına müraciət edib.
Məlumdur ki, Muxtar Respublikanın Konstitusiyası ilə ali hakimiyyət orqanı Ali Məclisidir, 1 sentyabr seçkilərində Vasif Talıbovdan sonra ona kimin rəhbərlik edəcəyi maraq doğrurur.
Mənbələr bildirirlər ki, Fuad Nəcəfli hakim partiyanın mütəşəkkil qüvvə kimi prosesdə iştirakının qarşısını alaraq, AM sədrliyinə özünün marionet namizədini yerləşdirməyə cəhd edir. Ki, seçkilərdən sonra ali qurumu özünün əmrlərini icra edən notariusa çevirmək asan olsun. Bu məqsədlə hazırda NMR Ali Məclis sədrinin səalahiyyətlərini icra edən, beynəlxalq qurumlarda bölgəni təmsil etmiş, korrupsiyadan uzaq, təmiz məmur imici ilə tanınan Anar İbrahimov seçki prosesindən ümumiyyətlə kənarlaşdırılıb. Mənbələrin məlumatına görə, F.Nəcəflinin göstərişi ilə onun namizədliyi qeydə alınmayıb.
“AzPolitika.info”