326 milyonluq qaçaqmalçılıq edən dəstənin məhkəməsi keçirilib

31/10/2024 - 11:53

APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə cinayət iş üzrə hazırlıq iclasının davamı keçirilib. Təqsirləndirilən Şirinov Elvin Valeh oğlu və Hidayətov Zöhrab Raqub oğlunun barələrində olan həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verilib. Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra vəsatətin təmin edilmədiyi açıqlanıb. İşin məhkəmə baxışına təyin olunmasına qərar verilib. Məhkəmənin baxış iclası noyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur. Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.
Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur. Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında olmadığı halda, 2023-cü ildə qəfildən qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında ilk onluqda 1-ci yeri tutub. Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, “kiçik bir torpaq sahəsi belə olmayan” 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi. Məhkəmə baxışında olan iş üzrə isə Elvin Şirinovun adı əvvəllər heç yerdə keçməyən, hazırda həbsdə olan digər təqsirləndirilən Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir. Belə maxinasiyaların pul vəsaitlərinin ölkədən başqa ad altında çıxarılması - məsələn, alınan “kənd təsərrüfatı məhsulları” formasında çıxarılması və geri qaytarılmaması məqsədləri ilə bağlı olduğu məlumdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21