5 İL ƏRZİNDƏ 5 MİLYON AĞAC ƏKMƏKDƏ İDDİALIDIR... - "Yaxşı bir layihəyə rəhbərlik etmək istəyirsinizsə, işə qadınlarla başlayın"

15/01/2023 - 13:46

Seneqalın cənubunda yaşayan bir kişi qarşısına növbəti 5 il ərzində 5 milyon ağac əkmək kimi iddialı bir məqsəd qoyub.

Adama Dieme bu qərara 2020-ci ildə gəlib - Avropada bir neçə il işləyib Kazamans bölgəsindəki evinə qayıtdıqdan sonra.

48 yaşlı bu adam gənçlik illərini xatırlayıb deyir ki, o vaxtlar ətraf  kəndləri yüzlərlə nəhəng ağac əhatə edərdi, indisə həmin ərazilərdə cəmi bir ovuc ağacın qalması onu şoka salıb.

"Bəzi kəndlərdə bir dənə də olsun ağac tapa bilməzsən. Onlar ağacları kəsir, lakin yerinə yenisini əkmək barədə düşünmürlər", - o BBC-yə deyib.

 

Afrika boyunca məşələr seyrəkləşməkdədir və bunun səbəblərindən biri də səhralaşma ilə əlaqələndirilir.

Lakin bu ərazidə, Kazamans çayının geniş sahəsi boyunca, meşələri seyrəkləşdirən, güman ki, ağacların kəsilməsidir. Ağacları burada ev tikmək və ya ağacdan kömür hazırlamaq üçün kəsirlər.

Adama Dieme bu cür vəziyyəti dəyişmək əzmindədir.

O, hazırda Kazamansda bir ispan qeyri-hökumət təşkilatında layihə meneceri vəzifəsində çalışır və eyni zamanda könüllü olaraq kənd təsərrüfatı üzrə təlimatçı kimi də işləyir.

İmkanı elə də geniş olmadığından, o, işlərə başlamaq üçün öz cibindən beş min dollar xərcləyib, qalan vəsaiti təmin etmək üçün isə pul ianələri toplamağa başlayıb.

Qadınların iştirakı

Bölgədəki icmalarla qarşılıqlı əlaqə qurmaq və kütləvi qaydada ağac şitillərinin əkilməsini təşkil etmək üçün Adama Dieme bu işin öhdəsindən gələ biləcəyinə əmin olduğu qadınları layihəsinə cəlb etmək üçün çox çalışıb.

Qadınlar seneqal məhsul toplanışı

Ağac əkən qadınlar sonradan həmin ağacdan yığdıqları meyvələri sata bilir.

"Kənddə qadın yoxdursa - bu fəlakətdir", - Dieme deyib.

"Yalnız qadınların yaşadığı kənd isə - cənnətdir. Qadınlar zəhmətkeşdir və hər gün səhərdən axşama kimi çalışırlar”.

"Yaxşı bir layihəyə rəhbərlik etmək istəyirsinizsə, işə qadınlarla başlayın", -Dieme əlavə edir.

O, ağac əkmək həvəsini gerçəkləşdirməklə eyni zamanda qadınlara da kiçik fermerlik biznesinə yiyələnmək və məhsullarını yerli bazarlarda satmaq imkanı yaradıb.

"İlk əvvəl, necə toxum əkməyi və məhsulu yetişdirmək üçün nə edəcəyimizi bilmirdik", - Safi Yetou adlı qadın deyib.

"İndi bazarda satmaq üçün hər cür meyvəmiz var və heç kimdən asılı deyilik. Artıq hamımızın bank hesabımız var və heç kim mənə nə edib-etməməyi deyə bilməz. Əladır!"

Kasıblıq Afrika Seneqal

Adama Dieme (mərkəzdə) deyir ki, hansı ağacların əkiləcəyinə dair qərarı hər icma öz ehtiyaclarına uyğun verir

Cənab Dieme-nin layihəsi yerli Jola dilində "bizim ağaclarımız" mənasını verən Ununukolaal adlanır.

Yerli icmaların ehtiyaclarından və ərazidəki torpağın xüsusiyyətlərindən asılı olaraq burada palma  və tamarinddən tutmuş limon ağacına qədər 12 növ ağac əkilir.

Son üç il ərzində 142 mindən çox şitil əkilib.

Bu, o deməkdir ki, cənab Dieme məqsədinə çatmaq istəyirsə, növbəti beş il ərzində hələ olduqca böyük sayda ağac əkməlidir. Lakin bu iş onu və partnyoru olan Yolanda Pereniguez-i narahat etmir.

Xanım Pereniguez dərziçiliklə məşğuldur və bu layihə üçün maliyyənin tapılmasında həlledici rol oynayıb: onun yaratdığı dizayn əsasında hazırlanan futbol maykaları xaricdə 15 dollara satılır.

Həmkarı Raymonde Coly ilə birlikdə onlar kiçik bir emalatxanada iki tikiş maşınını işlədərək yerli parçadan futbol maykaları tikirlər. Maykaların üzərinə  baobab ağacının təsviri tikiş üsulu ilə yerləşdirilir.

Satılan hər bir maykadan əldə edilən qazanca 15 ağac şitili almaq mümkündür.

"Baobabın təsvirini Afrika ağacının rəmzi olduğuna görə seçmişəm", - xanım Periniguiz deyib.

"Ağac əkilməsi layihəsinə kömək etmək üçün bütün bu maykaların dünya boyu, Avropaya və hətta Kanadaya göndərildiyini bilmək çox sevindiricidir", o vurğulayıb.

Evləri xilas edən baobablar

Kapok ağacının gövdəsinin oyulma üsulu ilə hazırlanmış kanoe qayığında  Kazamans çayı ilə irəlilədikdə isə layihənin bu yerlər üçün nə dərəcədə əhəmiyyətli olduğu bir qədər də aydınlaşdı.

Çayın ortasındakı kənd evlərinin yerləşdiyi kiçik bir adada su birbaşa çay boyu zolaqda duran tikililərə yaxınlaşmışdı, dayaqlar üzərində qurulmuş bəzi evlərin altına da artıq su gəlib çıxmışdı.

Su üzərində tikilən ev

Çayın ortasında yerləşən bu adada su artıq evlərin altında dalğalanır

On il əvvəl suyun səviyyəsi xeyli aşağı idi, yağmurlu mövsümlərin pik dövrü istisna olunmaqla, çayın suyu çox nadir hallarda gəlib kəndin qırağına çıxardı.

İndi isə çıxılmaz bir vəziyyət yaranıb və pisləşməkdə davam edəcəyi təqdirdə, yerli camaat evsiz-eşiksiz qala bilər.

Kənd başçılarından biri Conakry Bassene deyib ki, yerli camaat bu adada "yüz illər boyu” yaşayır: “Suyun səviyyəsi qalxmaqda davam etsə, buradan çıxıb getməli olacağıq və bütün adaya səpələnəcəyik."

Həm quruda, həm dəniz və ya çay suyunda davamlı inkişaf edə bilən baobab ağacları təbii sədd yaradılması məqsədiylə indi sahil xətti boyunca əkilib.

Küləyin əsdirdiyi şitillər günlərin bir günü bar verən kölgəli agaclara dönəcək.

"Ağaclar bizi xilas edə bilər, - Conakry Bassene deyir. - Ağaclar bizə həyat ümidi bəxş edir."

Afrika Seneqal