ABŞ Ukraynaya 20 ədəd 160 km mənzilli raket verib - “The New York Times”

18/10/2023 - 12:48

“The New York Times” ABŞ-ın Ukraynaya hər birinin dəyəri 1,5 milyon dollar olan ATACMS raketlərinin tədarükünün təfərrüatlarını açıqlayıb. Nəşr Qərb rəsmilərinə istinadən yazır ki, Kiyev 20-yə yaxın ATACMS raketi alıb.

Bundan əvvəl “bir neçə” raketin çatdırıldığı bildirilirdi. Qəzetin yazdığına görə, bu informasiya Rusiyanın hücum ehtimalını azaltmaq, həmçinin rus ordusunu qəfil yaxalamaq üçün gizli saxlanılıb.

Bildirlir ki, Birləşmiş Ştatlar kaset sursatları ilə təchiz edilmiş raketlərin ilkin modellərini, o cümlədən 950 sursatı Ukraynaya təhvil verib. Bu ilin əvvəlində məlum olmuşdu ki, Pentaqon Ukraynaya bir çox ölkədə qadağan olunmuş kasetli sursatları ötürür, baxmayaraq ki, ABŞ onları qadağan edən konvensiyaya qoşulmayıb.

O da vurğulanır ki, ATACMS təchizatı məsələsinin həllində gecikmə təkcə Rusiyanın mümkün reaksiyası ilə bağlı narahatlıqla əlaqədar deyildi. ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu raketlərin məhdud tədarükü və onların hər bir vahidinin təxminən 1,5 milyon dollar dəyərində olması ilə bağlı narahatlığını bildirib. Yekunda Ostin kaset sursatları ilə təchiz edilmiş 160 km mənzilli ATACMS raketlərinin tədarükünə razılaşıb. Raketlərin göndərilməsində əsas məqsəd Rusiya hava bazalarına hücum təşkil etməkdir.