Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olub

22/02/2024 - 16:38

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Kiçik səhnəsində tanınmış rusiyalı yazıçı, dramaturq, şair və ssenarist Zinovi Saqalovun “Aysedora Dunkanın üç həyatı” pyesi əsasında səhnələşdirilmiş “Aysedora” monotamaşasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və ədəbi redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyev, musiqi tərtibatçısı baş dirijor, Əməkdar artist Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, bədii rəhbəri Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrın direktoru Əliqismət Lalayevdir.

Müasir rəqs üslubunun yaranması cəsarətli qız Aysedora Dunkanın adı ilə bağlıdır. O, XX əsrin əvvəlində xoreoqrafiya aləmini dəyişə və ona modern üslub gətirə bilib. Onu məhz “ayaqyalın rəqqasə” adlandırıblar.

Tamaşanın süjet xəttində Aysedoranın həyatının müxtəlif mərhələlərində onun taleyi ilə bu və ya digər şəkildə təmasda olan insanların obrazları keçir, onlar bir-birini tamamlayır. Qəhrəmanın özü məşhur teatr xadimi Qordon Kreq, "lüksün adamı" Peris Yucin Zinger və evləndiyi böyük rus şairi Sergey Yesenin haqqında xatirələrində səmimidir. Tamaşa boyu belə istedadlı və gözəl bir qadının gündəlik həyatda niyə bu qədər uğursuzluqlara və çətinliklərə dözdüyünə təəccüb etməmək mümkün deyil.

Tamaşada Sergey Yeseninin şeirləri və dünya şöhrətli bəstəkarlar Sergey Raxmaninov, Lüdviq van Bethoven, Frederik Şopen, Entoni Nyuli, Artur Hamilton, Lesli Brikas, Astor Piazzolla, Corc Qerşvin, İqor Stravinski, Tomas Albinoni, İsaak Şvarts (Bulat Okucavanın sözlərinə) və Xalq artisti Sərxan Sərxanın (sözləri Yuri Rubtsov) əsərləri səsləndirilib.

Cavid İmamverdiyev AZƏRTAC -ın müxbiri ilə söhbətində qeyd edib: “Bunu gizlətməyəcəyəm, amma Aysedora Dunkanın şəxsiyyəti əvvəlcə mənim üçün o qədər də maraqlı deyildi. Bir sənətkarın... aktrisanın taleyindən bəhs edən tamaşa axtarırdım... Və məni maraqlandıran əsas postulat insanın həyatında ən vacib amillərin yaradıcılıq və sevgi olması mesajı oldu. Valentina Reznikovanın məsləhəti ilə bu pyesi oxuyanda, əsər mənə maraqlı gəldi. Orada həmin iki təməl başlanğıc var idi. Aysedora Dunkan diqqəti daha çox cəlb etdi, çünki onun adı Sergey Yeseninlə bağlıdır. Əslində, ideya belə yarandı. İstədim ki, aktrisa öz taleyindən danışsın. O, eyni zamanda, mahnı oxumalı və tamaşada xoreoqrafik elementlər olmalı idi. Təbii ki, redaktə etdiyim bu dramatik materialı mənə göstərdilər. Tamaşanın təxminən otuz faizi qaldı, çünki mən musiqili birnəfərlik tamaşa hazırlamaq istəyirdim və fikrimcə, buna nail oldum”.

İstedadlı gənc aktrisa Olqa Georgiyevanın ifasında təqdim edilən etiraf xarakterli tamaşada tamaşaçı gözlənilmədən vaxtilə gənc Aysedoranın düşünüb tapdığı və gündəliyinin səhifələrini doldurduğu xüsusi dilin şifrəsinin açılması açarını əldə etdiyi təəssüratını alır. Eynilə, burada da həmin əsas mesaj özünü büruzə verir - dünyada heç bir şey yaradıcılıq və sevgidən daha vacib ola bilməz! Bəs hədsiz dərəcədə istedadlı yaradıcı insan xoşbəxt ola bilərmi? O, şöhrəti nəyin bahasına əldə edir?

Dunkan dahi adına layiq görülməyə, həmçinin yeni dövrlərin və üslubların yaradıcıları ilə müqayisə edilməyə nail oldu. Bir çox tənqidçilər Aysedoranın həm rəqsdə, həm də gündəlik həyatda inqilab etdiyini söylədilər. O, konsertlərində klassik musiqidən istifadə edib. Bethoven və Çaykovskinin əsərlərini rəqslə təqdim edən rəqqasə tamaşaçıda böyük emosional təsir yaratmağa nail olub. Onun çıxışları anşlaqla keçirdi. Dunkanın ifaları həmişə ictimaiyyət arasında ajiotaj doğurub.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18