Axısxa sürgününün 78-ci ildönümü Antalyada qeyd olundu – FOTOLAR

22/11/2022 - 10:32

Dünya Ahıska Türkləri Birliyi (DATÜB) Akdeniz bölgə nümayəndəliyi Axısxa Türklərinin ata-baba yurdlarından sürgün edilməsinin 78-ci ildönümü münasibətilə anım proqramı təşkil edib.

Qafqaz.media DATÜB-ün mətbuat xidmətinə istinadən xəbər verir ki, Muratpaşa Bələdiyyəsi Mədəniyyət Salonunda təşkil edilən proqramda DATÜB-ün Başqan yardımçısı İsmail Mamet, DATÜB Akdeniz bölgə nümayəndəliyinin rəhbəri Cumali Züfer, Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Antalya təmsilçisi, səfir Deha Erpek, Antalya Muratpaşa Bələdiyyəsi sədrinin müavini Hüseyn Sarı, Antalya Miqrasiya İdarəsi, Əhali və Vətəndaşlıq Müdirliyinin səlahiyyətliləri ilə yanaşı, bir çox qeyri-hökumət təşkilatından qonaqlar iştirak edib.

Vətəndaşların böyük maraq göstərdiyi proqramdan əvvəl “1944-cü il Sürgünü və Axısxalılar” mövzusunda rəsm sərgisi təşkil olunub.

İştirakçıların maraqla izlədiyi sərgidən sonra proqram şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himnimizin oxunması ilə başlayıb.

Proqramın açılış nitqində birlik və həmrəyliyi vurğulayan İsmail Mamet çıxışını belə davam etdirib:

"Dünyanın harasında olursa-olsun, bir yerdə olduğumuz müddətcə, adət-ənənəmizi, tariximizi, mədəniyyətimizi, dilimizi, dinimizi itirmədikcə, daha yüksək səslə danışa biləcəyik. 78 ildir bərpa olunmayan haqlarımızın bərpası istiqamətində qəti addımlar atacağıq. Biz ancaq bir olsaq və birlikdə hərəkət etdikdə Axısxa davasını uğurla müdafiə edə, 78 ildir bərpa olunmayan hüquqlarımızı geri qaytara bilərik".

“88 Axısxalı soydaşımızı Türkiyəyə gətirdik”

20 gün Rusiya sərhədində saxlanılaraq Türkiyəyə gətirilən 88 axısxalı soydaşımız haqda danışan Mamet, “Təəssüf ki, Ukraynada müharibə hələ də davam edir və oradakı insanlarımız atəş altındadır. Dünəndən etibarən Türkiyə, Rusiya və Ukrayna rəsmilərinin birgə təşkilatçılığı ilə düz 20 gündür sərhəddə gözləyən 88 Axısxa Türkünü müharibənin getdiyi Xerson bölgəsindən sağ-salamat vətənimizə çatdırdığımız üçün çox sevincliyik”, - deyə vurğulayıb.

“Türkiyə Cümhuriyyəti hər zaman Axısxa Türklərinin yanındadır”

Tədbirdə söz alan səfir Deha Erpek Axısxa Türklərini yaxından tanıdığını və Rusiyada xidmət etdiyi uzun illərdə onların üzləşdiyi problemlərin həllində şəxsən iştirak etdiyini xatırladıb. Axısxa Türklərinin yaşadıqları faciələrin insanlıq tarixinin ən böyük faciələrindən biri olduğunu da bildirən Erpek, bütün bunlara baxmayaraq axısxalılaırn nə türklüyünü, nə də kimliyini unutmadığını, Türkiyə Cümhuriyyətinin hər zaman Axısxa Türklərinin yanında olduğunu bildirib.

Tədbir iştirakçıları Azad Dedeoğlunun “Axısxanın tarixi və Axısxa Türklərindən sürgün edilənlər” mövzusunda təqdimatını maraqla izlədikdən sonra Av. Mehteber Kibaroğlunun “Mən Ahıskayım” şeirini səsləndirməsi salonda həyəcanlı anlara səbəb olub.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12