Azərbaycan 140-dan çox ölkəyə 330 milyon dollar dəyərində yardım göstərib
Milli Məclisin sədri, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxış edib. Bu barədə Publika.az-a Milli Məclisin mətbuat xidmətindən bildirilib. Spiker Sahibə Qafarova deyib ki, elm, texnologiya və innovasiya hər zaman cəmiyyətin inkişaf meyllərinin mərkəzində yer alıb. Bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində onların vacib rolu hamılıqla qəbul edilib. Həqiqətən də elm, texnologiya və innovasiyalar Davamlı İnkişaf Məqsədlərinin çoxu ilə əlaqəli olduğu üçün bu məqsədlərin reallaşdırılmasına ciddi təsir etmək imkanına malikdir. O, təəssüflə bildirib ki, 2030-cu ilin Davam İnkişaf Gündəliyində nəzərdə tutulmuş vaxtın bitməsinə 5 il qaldığı bir dövrdə həmin gündəliyin və 17 davamlı inkişaf məqsədinin yalnız 17 faizi vaxtında həyata keçirilməkdədir. Bu da kifayət qədər narahatedici məqamdır. Parlamentin spikeri vurğulayıb ki, bəzi ölkələrin vaksin ehtiyaclarını qarşılamaq məqsədilə öz peyvənd tələblərini prioritetləşdirmək üçün texnoloji üstünlüklərindən istifadə etdikləri COVID-19 pandemiyasının dərsləri unudulmamalıdır. Sahibə Qafarova bildirib ki, qlobal çağırışlar fonunda ölkələrin bir-birinin inkişaf arzularını dəstəkləmək kimi mənəvi öhdəliyi var. 2020-ci ildən bəri Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki yardım göstərib. Cari ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək COP29 tədbiri barədə məlumat verən spiker deyib ki, tədbirə hazırlıq intensiv şəkildə həyata keçirilir. Texnologiya COP29 Azərbaycan Sədrliyinin baxışında mühüm yer tutur, çünki o, iqlim dəyişikliyinə qarşı qlobal cavabın vacib komponentidir. Diqqətə çatdırılıb ki, Azərbaycan Sədrliyi artıq 14 təşəbbüs irəli sürüb, bunlardan biri də "Yaşıl Rəqəmsal Fəaliyyət" təşəbbüsüdür. Milli Məclisin sədri bildirib ki, parlament müzakirələrində iqlim dəyişikliyi məsələsinin əhəmiyyətini nəzərə alaraq, Parlamentlərarası İttifaq Azərbaycan Milli Məclisi ilə birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək. Tərəflər artıq hazırlıq prosesinə yekun vurmaq üzrədir. Sahibə Qafarova tədbir iştirakçılarını parlament iclasına dəvət edib, onları görüşdə fəal iştirak etməyə çağırıb. O, vurğulayıb ki, bu tədbiri birgə səylərlə çoxşaxəli iqlim fəaliyyətinə parlament töhfəsinin mühüm bir mərhələsinə çevirmək mümkündür.