Azərbaycanda niyə mütəmadi hərbi toplanışlar keçirilir?

28/10/2024 - 11:30

Azərbaycanın mövcud qanunvericiliyinə görə, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Sözügedən məsələ "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 45-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

 

Ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra edilir.

 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra hərbi toplanışlar mütəmadi olaraq keçirilir. Ancaq bəzən insanlar arasında bu toplanışlar narahatlıq yaradır və yeni müharibə ilə bağlı iddialara səbəb olur.

Modern.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, hərbi vəzifəlilərin toplanışları cari ilin hazırlıq planına əsasən həyata keçirilir və çox vacibdir: "İkinci Qarabağ zamanı və ondan əvvəlki dövrlərdə də toplantılar keçirilmişdi. Hərbi vəzifəlilərin hazırlıq səviyyəsi nə qədər yüksək olarsa, o qədər də qələbəni sığortalaya bilərik. Hazırda Ermənistanla müharibə şəraitindəyik. Atəşkəs sülh demək deyil. Sülh sazişi hələ bağlanmayıb. Sülh sazişi olsa da, olmasa da, hər bir ölkənin hərbi vəzifəliləri ixtisası üzrə lazım olan bilik və bacarığa malik olmalıdırlar. Müharibə və münaqişə yaranarsa, birinci həftədən sonra hərbi vəzifəlilərlə əlaqədar olan itkilərin yerini tutmaq üçün tədbirlər görülür. İkinci Qarabağ müharibəsində biz bunu real olaraq gördük. Bu proses lazım olan tələblərə cavab verdiyi üçün biz itkiləri vaxtında bərpa etməyə nail olduq. Azərbaycan Respublikasının Müzəffət Ali Baş komandanı cənab İlham Əliyevin dediyi kimi, biz bir gün də geri çəkilmədik, ancaq irəlilədik və qısaca müddətdə işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduq. Ancaq Azərbaycanda yox, bütün dünyada hərbi vəzifəlilərin hazırlığı ilə bağlı mütəmadi toplantılar olur. Bu toplanışlar çox vaxt müharibə və ya hərbi toqquşma ilə bağlı olmur". Ekspert vurğulayıb ki, hərbi toplanışlar müəyyən plan üzrə Müdafiə Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti birgə plan əsasında keçirilir. "Toplantılar hansısa təlimlərdən öncə də keçirilə bilər. Digər toplantıya qədər təhlillər aparılır və təkmilləşdirmələr üçün müəyyən addımlar atılır. Gələcək toplantılar nöqsanlar müəyyənləşdirilir və nəzərə alınaraq keçirilir. Azərbaycanda toplantılar mütləq keçirilməlidir. Azərbaycan Ordusunun tərkibi iki hissədən ibarətdir: Həqiqi hərbi xidmət keçənlər və hərbi vəzifəlilər. Hərbi vəzifəlilər toplantılara qatılmaqla bu sahədə öz bilik və bacarıqlarını yada salırlar, eyni zamanda yeni biliklərə yiyələnirlər. Digər tərəfdən heç bir müharibə, toqquşma itkisiz olmur. O itkilərin kimlər tərəfindən və qısa zaman kəsiyində bərpa etmək imkanları nə qədər yüksək və məqsədyönlü olarsa, o qədər də müharibədə və münaqişədə uğur qazanmaq imkanları çoxalır. İstər tankçı, istər topçu, istərsə də rabitəçilər olsun, döyüşlərə biliksiz, bacarıqsız qatılarsa, savaşda həmin döyüş texnika və sursatının istifadəsini lazım olan keyfiyyətdə apara bilməyəcək. Bu da döyüşlərdə mənfi nəticələri yaranma riskini artırır. Əksinə  hərbi vəzifəlilər nə qədər hazırlıqlı olarsa və itkiləri tamamlayaraq, bilik və bacarığı ilə öz peşəsinə yiyələnsə və qarşıda qoyulan hədəflərə nail olsa, döyüşlərə müsbət təsir göstərə bilər".

Şair Ramaldanov söyləyib ki, hərbi toplantıları vacib edən amillərdən biri də Azərbyacan Ordusunun daimi olarq yeni hərbi texnika ilə təchiz olunmasıyla əlaqədardır: "Dünyada hərbi sənaye komplekslərində yeni yanaşmalar, istehsal nümunələri var. Eləcə də, Azərbyacan müdafiə sənayesində istehsal olunan hərbi texnika və sursatlar daimi təkmilləşir. Bu yeni silah-sursatı öyrənmək üçün hərbi vəzifəlilər tərəfindən keçirilən toplanmalar lazımdır".  Polkovnik qeyd edib ki, hərbi vəzifəlilərin toplantısı heç də hansısa müharibə və münaqişə üçün hesablanmır: "Bu, ayrıca plan üzrə aparılan prosesdir. Sadəcə ola bilsin ki, hərbi toplaşma ilə müharibə və ya münaqişə üst-üstə düşsün. Bu gün müharibə şəraitində olmağımızı nəzərə alsaq, düşmənin hər hansı bir təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu daim hazır olmalıdır. Biz müharibə, münaqişə olacaq deyə hazır olmalı deyilik. Sadəcə hər an Azərbaycanın ərazi bütövülyünü və suverenliyini qorumaq üçün hazır olmalıyıq. Azərbyacanla həmsərhəd olan dövlətlərdə isə belə meyilləri görmək olur".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44
Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20