Bağçalıdan Türkiyədə çevriliş barədə xəbərdarlıq - Ərdoğan hərəkət keçdi
Türkiyənin paytaxtı Ankara şəhərinin Polis İdarəsində bir neçə vəzifəli şəxsin işdən çıxarılması qalmaqala səbəb olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakim partiya ilə eyni ittifaqda təmsil olunan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı polis rəislərinin işdən çıxarılmasını “sui-qəsd” kimi qiymətləndirib.
"Bu günlərdə daxili işğal cəbhəsində toplanmış, polis və ədliyyə orqanlarına yerləşdirilmiş alçaq və kripto quldur dəstələri yenidən Türkiyə ilə bağlı planlar qururlar", - o, partiyasının fraksiya toplantısında deyib.
Bağçalı belə cəhdlərin “ağır nəticələri” olacağı barədə xəbərdarlıq edib. Mətbuat və ekspertlər Bağçalının çıxışını Türkiyədə çevrilişə cəhdə qarşı xəbərdarlıq kimi qiymətləndirib.
Dünən axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyiv Ərdoğan Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçla təcili görüş keçirib. "Sabah" qəzeti yazır ki, görüş Bağçalının ölkədə gözlənilən çevrilişlə bağlı xəbərdarlığından sonra baş tutub.
Qeyd edək ki, Türkiyədə mütəşəkkil cinayətkar dəstənin lideri hesab edilən Ayhan Bora Kaplanın cinayət işi çərçivəsində müfəttişlər hesabat hazırlayıb. Ankara Prokurorluğunun başlatdığı istintaq çərçivəsində şəhər polis idarəsinin 3 vəzifəli əməkdaşı işdən çıxarılıb, onların evində axtarış aparılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya da xəbərdarlıq edib. “Kim terror təşkilatları və onların uzantıları, mütəşəkkil cinayət təşkilatları ilə əlbir olub, FETÖ taktikaları ilə prezidentimizə, hökumətimizə və siyasətçilərimizə sosial media ilə dəstəklənən “oyun qurmağa” çalışırsa, biz onların oyunlarını və qurduqları tələləri məhv edəcəyik", - o, özünün sosial media hesabında yazıb.