Bakıda bağçada uşaqlar dərmanla yatızdırılır? - İDDİA
Yasamal rayonunda yerləşən "Əsmanur" özəl uşaq bağçasında uşaqlara "Ketotifen" dərmanının verildiyi iddia olunur. Sosial şəbəkədə yayılan iddiaya görə, valideynlərdən bəzilərinin övladlarının qanlarında analiz zamanı həmin dərman aşkarlanıb. Publika.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az "Əsmanur" Tədris İnkişaf Mərkəzi ilə saxlayıb. Mərkəzdən bildirilib ki, sözügedən iddia yalandır: "Həmin məlumatı bloqerlərdən biri paylaşıb. O, ötən cümə axşamı bağçaya gəlib, təpiklə qapını açıb. Bağçanın müəlliməsi buna əsəbiləşib və aralarında anlaşılmazlıq yaşanıb. Bloqer də deyib ki, mən sizi səhifəmdə paylaşıb rüsvay edəcəyəm. İddia edib ki, uşağı çox yatır. Gedib analiz verib, lakin uşağın qanında heç nə çıxmayıb". "Qeyd olunan məsələ ilə bağlı kamera görüntüləri də var. Həmin bloqer ilə söhbət aparmışıq. Onun uşağı iki ildir ki, bizim bağçada təhsil alır. Bununla bağlı polisə də şikayət vermişdi, geri götürüb. Yanlış etdiyini boynuna alıb, üzr istəyib. Bununla bağlı yalan məlumat yazanlar barəsində də lazımi tədbir görüləcək", - deyə cavabda qeyd olunub. Xatırladaq ki, "Ketotifen" - birinci nəsil antihistamin dərman vasitəsidir. Allergik xəstəliklərin profilaktikası, o cümlədən atopik bronxial astma, allergik bronxit, ot qızdırması, allergik rinit, allergik dermatit, övrə, allergik konyunktivit zamanı təyin olunur. Əks-təsirlərindən biri yuxululuqdur, eləcə də yüngül baş gicəllənməsi, psixi reaksiyaların yavaşlaması da müşahidə oluna, adətən, müalicənin başlanmasından bir neçə gün sonra yox ola bilər.