BAKININ ƏN SEVİMLİ QONAQLARI! – Ucqar kəndlərdən gələn 300-ə yaxın Şəhid övladı paytaxtda xüsusi qarşılandı / FOTO, VİDEO

03/08/2024 - 22:30

Cəlal Qurbanov: ““Mənim atam qəhrəmandır” – “Mənim oğlum qəhrəmandır” layihəsi bir ailədir ki, birliyimizin və bərabərliyimizin təməlində Vətən sevgisi, şəhidlərimizin əmanətlərinə diqqət və qayğı məsuliyyətimiz dayanır”

Parlaq qələbəmizin ucqar kəndlərə yayılan zəfər işığının sahibləri, qəhrəman şəhidlərimizin övladları silsilə tədbirləri ilə daim əmanətlərə xidmət edən “Mənim atam qəhrəmandır” layihəsi ilə növbəti dəfə birlik, bərabərlik, həmrəylik adı altında, sevgini, şəfqəti və diqqəti paylaşmaq üçün biraraya gəldilər.

Qafqaz.media xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Turizm Agentliyinin, "Hyatt Ragency Hoteli"nin və “AzFit” şirkətinin dəstəyi, “Fire Land Production”nın təşkilatçılığı ilə 2 avqust tarixində həyata keçirilən tədbirdə Azərbaycanın regionlarından, ucqar kəndlərindən olan 300-ə yaxın şəhid əmanətinin istirahəti və əyləncəsi təşkil edilib.

Heydər Əliyev Mərkəzində tanınmış aparıcı Elvin Mərdanov mərkəzin əməkdaşları adından şəhid ailələrini salamlayaraq, onlarla birlikdə mərkəzə ekskursiya ediblər. Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponat və fotostendlər haqqında ətraflı məlumat verilib. Həmçinin, dəvət olunmuş nağıl personajları ilə keçirilən əyləncəli saatın ardınca ayrılmış xüsusi avtobuslarla şəhər gəzintisinə çıxarılan əmanət balalarımızı Daxili İşlər Nazirliyinin xidməti polis əməkdaşları müşayət edərək, gəzinti boyu onlara olan hörmət və ehtiramlarını sayğı duruşu və öz xidmətləri ilə nümayiş etdiriblər.

Daha sonra, öncədən planlaşdırıldığı kimi, tədbir "Hyatt Ragency Hoteli"ndə hovuz əyləncəsi, yemək masası və böyük konsert tədbiri ilə davam etdirildi. Artıq 3-cü dəfədir ki, "Hyatt Regency"də baş tutan tədbir hər dəfə fərqliliyi və marağı ilə xüsusi önəm daşıyır. Hovuz ətrafında yayın və əyləncənin dadını çıxaran əmanətlərimizlə gün boyu unudulmaz anlar yaşanıb.

Tədbirin rəsmi hissəsi “Şuşam” xorunun ifasında Azərbaycan Himninin sədaları ilə başlayıb. Sonra tədbirin qonaqları olan Mədəniyyət Nazirliyinin rəsmisi Cahangir Səlimxanov, Müdafiə Nazirliyinin rəsmisi Polkovnik Həbib Məmmədov, APA Media qrupun rəhbəri Vüsalə Mahirqızı, “Fire Land Production”nın rəhbəri Cəlal Qurbanov çıxış edərək şəhid övladlarına öz ürək sözlərini, ən səmimi diləklərini bildiriblər.

Cəlal Qurbanov: “Can fəda edənlərin sevgisindən, fədakarlığından başlayan Vətənimizin hər bölgəsində şəhidlərimiz var. “Qarabağ şikəstəsi”nin harayladığı, yallının cuşə gətirdiyi Qarabağımıza qayıdışımızın səbəbkarlarlarına isti qucağımızı, sevgimizi, diqqətimizi ayırmalı, aydın və firavan günlərin onları daim müşayət edəcəyini, tək olmadıqlarını və olmayacaqlarını hiss etdirməliyik. “Mənim atam qəhrəmandır” – “Mənim oğlum qəhrəmandır” layihəsi bir ailədir ki, birliyimizin və bərabərliyimizin təməlində Vətən sevgisi, şəhidlərimizin əmanətlərinə diqqət və qayğı məsuliyyətimiz dayanır. Dövlət, millət aşiqlərinə verəcəyimiz sevgi bizim onların qarşısındakı vicdan borcumuzdur. Canını sipər edənlərin əmanətini daşıyan qəlblərin sızıltısına məlhəm olmalıyıq. Başı dik, alnı açıq olanlara bir ömür boyu yetəcək qürurlu və şərəfli rütbə daşıyırlar. Bizim onlara göstərdiyimiz isə Cənab Prezidentimiz İlham Əliyevin “Şəhid əmanətlərinə xidmət etmək hər bir azərbaycanlının borcudur” ifadəsinin üzərimizə götürdüyümüz məsuliyyətidir. Müqəddəs torpağı düşmən tapdamasın deyən oraya gömülən canlar, bayraq dalğalansın deyən fəda olan oğullar, çəkdiyi ağrı-acıya rəğmən “Vətən sağ olsun” deyən ata-analar, göz yaşlarını ürəyinə axıdaraq “Qəhrəmanım” deyən bacılar var. Şəhid ailələri vətənə sevgini ən fədakar tərzdə gerçəkləşdirənlərdir. Şəhidlərimizə layiq ola bilməyin tək yolu bu Vətənin üzərində onların əmanətlərinə sülhün, sevginin, mərhəmətin səsini yüksəltməkdir. Kədəri, sevinci, xosbəxtliyi bir çörək kimi paylaşdıq, paylaşacağıq. Bir ölərik, min dirilərik".

Eyni zamanda, 2-ci Qarabağ müharibəsi qaziləri Polad Rzayev, Kamran Baxşızadə, Sabir Dünyamalıyev, İntiqam Əkbərov şəhid övladları ilə öz təəssuratlarını, keçdikləri şərəfli yolu bölüşüblər.

Vətən uğrunda 2 ayağını itirmiş XTQ-nin qazisi Polad Rzayev: "Mən tək qazi deyiləm, həm də atasını 1-ci Qarabağ müharibəsində itirən sizin kimi şəhid övladlarından biriyəm. Mənim atamın hisslərimi bölüşməyə gedəcəyim bir məzarı belə yoxdur. Bu gün 2 ayağımı itirsəm də, atamın, sizin atalarınızın və minlərlə azərbaycanlının qisasınl aldıq. Vətənə xidmətimlə qürur duyuram".

Vətən uğrunda 2 gözünü itirmiş qazi Kamran Baxışzadə: "Sizin atalarınız bizim ən yaxın dostlarımızdır. İtirdiyimiz,  ancaq unutmayacağımız səngər dostlarımız. Mən gözlərimi öz doğum günümdə itirmişəm. Amma o tarix mənim üçün ən qürurlu tarixdir".

Daha sonra axşam süfrəsi ətrafına əyləşən şəhid balaları üçün tədbirin musiqili hissəsi baş tutub. Qeyd edək ki, musiqili proqramda müğənnilərimiz Azad Şabanov, Nadir Rüstəmli, Murad Arif, Mirələm Mirələmov, Zamiq Hüseynov və hər zaman olduğu kimi “Şuşam” xorunun kollektivi iştirak edib.

29 şəhid övladının doğum günü tədbir ərəfəsinə təsadüf etdiyindən, onlar öz əziz günlərini elə burada qeyd ediblər. Tədbir iştirakçıları bu günü onlar üçün ən yaddaqalan günə çevirib. Yasamal Rayon İcra Başçısı Elşad Həsənov, millət vəkili Ülvi Quliyev şəhid əmanətlərinin doğum günlərini təbrik edib, hədiyyələrini təqdim ediblər.

Qeyd edək ki, son 4 il ərzində “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində Şuşa Şəhər Dövlət Qoruğu, DreamLand Golf Club, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Heydər Əliyev Mərkəzi, Şahdağ İstirahət mərkəzində və s. kimi önəmli məkanlarda 50-dan çox tədbir keçirilmiş, 3000-ə yaxın şəhid əmanəti bu silsilədən olan tədbirlərə dəvət edilmişdir.

Tədbirin sonunda çıxış edən Cəlal Qurbanov daim şəhid ailələrinin yanında olan, 4 ildir bütün layihələrimizdə onlara öz diqqəti və qayğısı ilə seçilən Heydər Əliyev Fondunun İcraçı Direktoru Anar Ələkbərova, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi və Turizm Agentliyinin əməkdaşlarına, eləcə də incəsənət nümayəndələrinə hər zaman göstərdikləri diqqət, qayğı və hörmətə görə təşəkkürlərini çatdırıb.

Qafqaz.media