BAYDEN PREZİDENTLİYƏ NAMİZƏDLİYİNİ GERİ GÖTÜRDÜ - Açıqlama yaydı + FOTO (Yenilənib)
ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilib.
"AzPolitika" xəbər verir ki, bu barədə o, "X" səhifəsində paylaşım edib.
"Əminəm ki, geri çəkilsəm və diqqətimi xalqa xidmətə cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olacaq", - Bayden qeyd edib.
O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib.
****
"AzPolitika" Baydenin açıqlamasının tam mətnini təqdim edir:
"Mənim amerikalı həmvətənlərim,
Son üç il yarım ərzində biz bir millət olaraq böyük irəliləyiş əldə etmişik.
Bu gün Amerika dünyanın ən güclü iqtisadiyyatına malikdir. Biz millətimizin yenidən qurulmasına, yaşlılar üçün dərmanların qiymətlərinin aşağı salınmasına və rekord sayda amerikalının sərfəli tibbi xidmətlə təmin edilməsinin genişləndirilməsinə böyük sərmayə qoymuşuq. Zəhərli maddələrin təsirinə məruz qalan bir milyon veterana zəruri tibbi yardımı göstərmişik. 30 il ərzində ilk dəfə silah təhlükəsizliyi barədə qanun qəbul etmişik. İlk dəfə Ali Məhkəməyə afroamerikalı qadın təyin etmiş və dünya tarixindəki ən əhəmiyyətli iqlim qanunvericiliyini qəbul etmişik. Amerika heç vaxt idarə edilmək üçün bu gün olduğu qədər yaxşı mövqedə olmamışdır.
Bilirəm ki, siz, Amerika xalqı olmadan bunların heç biri əldə edilə bilməzdi. Biz birlikdə əsrdə bir dəfə baş verən pandemiyanın və “Böyük Böhran”dan bəri ən pis iqtisadi böhranın öhdəsindən gəlmişik. Biz öz demokratiyamızı qoruyub saxlamışıq. Və bütün dünyada müttəfiqlərimizlə münasibətlərimizi canlandırmış və gücləndirmişik.
Prezidentiniz olaraq sizlərə xidmət etmək mənim həyatımın ən böyük şərəfi oldu. Öncədən niyyətim yenidən seçilmək olsa da, hesab edirəm ki, geri çəkilməyim və diqqətimi səlahiyyət müddətimin sonuna qədər Prezident kimi öz vəzifələrimi yerinə yetirməyə cəmləməyim partiyam və ölkəmin mənafeyinə uyğun olacaqdır.
Bu qərarım barədə bu həftəsonu Xalqla daha ətraflı danışacağam.
Hələlik isə, mənim yenidən seçilməyimi görmək üçün çalışan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Vitse-prezident Kamala Harris-ə bütün bu işlərdə xariqüladə tərəfdaş olduğu üçün təşəkkür etmək istəyirəm. Və mənə olan etimad və inamına görə Amerika xalqına ürəkdən minnətdarlığımı bildirirəm.
Bu gün mən həmişə inandığım şeyə inanıram: ABŞ-nın birlikdə edə bilməyəcəyi heç nə yoxdur. Sadəcə unutmamalıyıq ki, biz Amerika Birləşmiş Ştatlarıyıq".