Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
Ermənistanın Vətən müharibəsinin gedişində Bərdəni növbəti dəfə atəşə tutmasından 4 il ötür. APA-nın məlumatına görə, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Vətən müharibəsinin gedişində - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 5, 8, 27, 28 oktyabr və 7 noyabrda Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.