“BU, İKİLİ ULTİMATUM TAKTİKASIDIR” - ABŞ-nin Rusiya-Ukrayna müharibəsilə bağlı siyasətinin əsas detalları açıqlandı

04/09/2024 - 14:21

“Bu, Kissincerin siyasətidir, onlar bunu İsrail və Misirlə, İsrail və İranla da ediblər…” “Qərb deyir ki, bir-birinizlə döyüşəcək qədər axmaqsınızsa, hər ikinizi asılılığa salacağıq”. “Rusiya ordusunun Donbasdakı hücumuna və bizim Silahlı Qüvvələrin Kursk vilayətinin bir hissəsini nəzarətə almasına, Rusiyanın enerji sektoruna və Rusiya Federasiyasının dərin arxa cəbhəsindəki digər obyektlərinə zərbələrimizə, eləcə də Rusiyanın bizə qarşı raket hücumlarına baxmayaraq, ümumi baza ssenarisi dəyişməz olaraq qalır - biz danışıqlara doğru gedirik. Danışıqlardan əvvəlki dövr ən qaynar və ən qanlı dövrdür - İsrail bundan dəfələrlə keçib, lakin daha kiçik miqyasda. Və biz də bu yolla gedirik”. “AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış hərbi-siyasi ekspert Aleksey Arestoviç son efirində deyib.

 

 

Arestoviç öz mənbələrinə istinadla qeyd edib ki, müharibədəki eskalasiyaya baxmayaraq, danışıqların başlanması elə də uzaqda deyil. O, həmçinin, ABŞ və Qərbin Rusiya-Ukrayna müharibəsilə bağlı siyasətinin bir sıra maraqlı detallarını açıqlayıb. Onun dediklərinin bir hissəsini təqdim edirik: “Danışıqlardan əvvəlki “bazarlama” dövründə tərəfdaşlardan, eləcə də düşməndən və Ukrayna rəsmilərindən ziddiyyətli bəyanatlar eşidilir ki, bu da vətəndaşların şüurunda gələcəklə bağlı ziddiyyətli təsəvvür yaradır - ya “bir az da dursaq qalib gələcəyik", ya da "biz atılırıq və uduzacağlq" şəklində. Qışa qədər qarşılıqlı hücumlar və eləcə də danışıqlarda mövqeləri gücləndirmək üçün digər cəhdlər güclənəcək. Qərb Rusiya-Ukrayna müharibəsindən tutmuş Çinlə qarşıdurmaya qədər böyük qlobal münaqişənin həlli üçün mürəkkəb proseslə məşğuldur və bu, eyni zamanda Yaxın Şərq və Afrikaya da təsir edir. Bu böyük prosesdə biz və Rusiya Federasiyası müəyyən bir dəhlizlə aparılırıq, bizim hərəkətlərimizi isə silah təchizatı ilə tənzimləyirlər. Rusiya Xarkov vilayətinə girəndə birdən birə Ukraynaya “F-16”-lar və yeni hava hücumundan müdafiə sistemləri ilə təminatla bağlı bəyanatlar gəldi. Eyni zamanda, Qərbdə çoxları bizim Kursk kampaniyamızdan məmnun deyil və bu cür hərəkətlərin təkrarlanmasından bizi çəkindirirlər. Xəbərdarlıq edirlər. Bu da özünü yardımın gecikdirilməsində, Pokrovskun itirilməsinin qaçılmaz olduğu və Dnepropetrovska doğru mümkün hücum haqqında bəyanatlarda özünü göstərir. Qərb ikili ultimatum siyasəti yürüdür: həm bizim üçün, həm də Rusiya üçün. Beləliklə, müharibənin hər iki tərəfini nəzarət altına alaraq, asılılığı artırırlar. Bir vaxtlar Qədim Romada qladiator döyüşlərindən əvvəl rəqiblərin imkanları bərabərləşdirilirdi: əgər biri digər rəqibdən xeyli güclü idisə, onun bədənində kəsiklər edirdilər ki, qanı axsın və zəifləsin. Digər döyüşçü rəqibdən çox zəif idisə, gücünü, imkanlarını artırmaq üçün ona tiryək verirdilər… 

 

 

Məsələn, amerikalılar bizə deyirlər ki, əgər siz razılaşmalarımızı pozmağı dayandırmırsınızsa, sülhə doğru getmirsinizsə, baxın, bizim sizə göndərədiyimiz raketlər də nədənsə getmirlər, ləng gedirlər, yaxud hamısı getmirlər və s. Bununla da ikiqat təhlükə yaradılır ki, bizi yerimizə otuzdursunlar. Eynilə də ruslar hədlərini aşanda, harasa girəndə, amerikalılar dərhal deyirlər ki, bilirsinizmi, raketlər nədənsə çox sürətlə(Ukraynaya), özü də çoxlu sayda getməyə başladı. Bu, ikili ultimatum taktikasıdır. Bundan həm amerikalılar həm də avropalılar istifadə edirlər. Tramp bunu açıq deyir. Deyir ki, mən gələcəm və danışıqlar hər iki tərəfə verilən ikili ultimatumla başlayacaq. Demokratlar isə başqa cür hərəkət edir. Sözdə Ukraynaya total dəstək ifadə edilir, reallıqda isə elə həmin ikili ultimatum taktikasından istifadə olunur. Sadəcə, Trampdan fərqli olaraq, demokratlar bunu açıq-aşkar yox, üstüörtülü şəkildə həyata keçirirlər. Bu, Kissincerin (ABŞ-nin sabiq dövlət katibi-red.) siyasətidir. Eyni məntiqdir. Onlar bunu İsrail və Misirlə, İsrail və İranla da ediblər… ABŞ-nin indiki kabineti isə tamamilə Kissincerin siyasətinin təzahürüdür. Onlar hamısı Kissincerin tələbələridir. Onların məntiqi belədir ki, əgər siz bir-birinizlə döyüşəcək qədər axmaqsınızsa, biz sizin hər ikinizi ikiqat asılılığa salacağıq…

 

 

 

Bizim (Ukraynanın-red.) problemimiz müstəqil olmamağımızdır. Və sual olunur: biz bu nöqtəyə necə gəldik və subyektliyimizi artırmaq üçün nə edirik? Dövlət üçün ən yaxşı həll yolu sistemli şəkildə real müstəqillik üzərində işləmək olardı: iqtisadi, siyasi, hərbi-sənaye sektorunda və s. Ancaq əsas problem odur ki, biz özümüz nə istədiyimizi bilmirik: döyüşmək, yoxsa anlaşmaq? Mübarizə aparmaq qərarına gəlsək, o zaman iqtisadiyyatı, sənayeni və logistikanı həqiqətən müharibə vəziyyətinə gətirməliyik. İnsanları işlətmək, hərbi yolla konkret tapşırıqları yerinə yetirmək üçün lazım olan ordu sayını səfərbər etmək, eyni zamanda ümumi məqsəd və vəzifələri, hər mərhələdə nə baş verdiyini və hara getdiyimizi izah etmək. Əgər biz sülh bağlamaq qərarına gəlsək, o zaman bunu başa düşərək danışıqlara getməliyik ki, bir müddət işğal olunmuş ərazilər üzərində nəzarəti itirəcəyik, lakin qalan ərazidə fəal inkişaf etməyə başlayacağıq, iqtisadiyyat və demoqrafiyadakı problemləri həll edəcəyik. Bununla da özü üçün müharibənin ikinci raundunda daha yaxşı şərait təmin etmək istəyən Rusiyanın bu cəhdinin qarşısını almalıyıq. Yarımçıq həllər yarımçıq nəticələr gətirir. Çox güman ki, bu il danışıqlar aparılacaq, amma anlaşa biləcəyikmi – bu sualın cavabı açıq qalır. Tərəflər gələn il üçün fəal şəkildə hücumlara hazırlaşır, yəni razılığa gəlməsək, ən azı daha bir il bu rejimdə döyüşməkdə davam edə bilərik”.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30