“BU MARAQLARLA BAĞLI HEÇ BİR GÜZƏŞTƏ GEDİLMƏMƏLİDİR!” - Azərbaycan-Ermənistan danışıqlar prosesində nə baş verir?

10/08/2024 - 06:12

"Azərbaycan hakimiyyəti dünyamızın, regionumuzun, xüsusilə də millətimizin və dövlətimizin çox mürəkkəb, həsas bir inkişaf dövründə olduğunu nəzərə almalı, özünü müharibədən sonrakı ilk dövrdə olduğu kimi qalib tərəf kimi aparmalıdir!"

 

İstiqlalçı millət vəkili, milli siyasət üzrə ekspert Sülhəddin Əkbər “AzPolitika.info”-ya göndərdiyi yazıda Azərbaycan-Ermənistan sülh prosesinin aktual məsələləri haqqında fikirlərini açıqlayıb.

Həmin yazını təqdim edirik:   "Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vaşinqtonda apardığı son danışıqlardan sonra Ermənistanla müzakirə olunan sülh müqaviləsilə bağlı rəsmi Bakının hazırkı mövqeyini “Azadlıq” radiosunun bölgə müxbiri Coşua Kuçeraya (Joshua Kucera) müsahibəsində açıqlayıb.

Əvvəla qeyd edim ki, bu, Ermənistanla aparılan sülh danışıqları ilə bağlı verilən ilk çoxdetallı geniş açıqlamadır. Deməli, Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə (birbaşa olmasa da) danışıqlar prosesində yaranmış bugünkü durumla bağlı cəmiyyətə məlumat vermək qərarına gəlib. Və birincisi, atacağı ciddi addımlardan öncə əldə olunan nəticələrlərlə bağlı cəmiyyəti məlumatlandırmaq, ikincisi, ictimai rəyi məqsədyönlü formalaşdırmaq, üçüncüsü, ən başlıcası isə məsuliyyəti cəmiyyətlə bölüşmək, paylaşmaq istəyir. Bu səbəblə, bir vətəndaş, istiqlalçı millət vəkili kimi mən də qısaca, lakonik olaraq verilən açıqlamaya, sülh prosesinin aktual məsələlərinə, daha dəqiq desək, bu məsələlərlə bağlı rəsmi Bakının mövqeyinə öz münasibətimi bildirmək ehtiyacı hiss etdim.

 

 

Elçin Əmirbəyovun müsahibəsindən aydın olur ki“Ermənistan Konstitusiyası dəyişdirilməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün deyil. Bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları var. Hazırda bu, sülh prosesinin qarşısında duran yeganə (! – S.Ə.) maneədir”.

Əmirbəyovun təbirincə desək, “sülh prosesinin qarşısında duran yeganə maneə” ilə bağlı o da məlumdur ki, revanşist qüvvələr, müxalifət bir yana, məğlub Ermənistan hakimiyyəti belə bir neçə aydır Konstitusiyanın dəyişdirilməsinin Ermənistanın daxili işi olduğunu hər fürsətdə təkidlə qeyd edir. Düzdür, Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin əvvəlində ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. İki ay əvvəl Ermənistan hökumətinin başçısı 2026-cı ilin sonuna kimi bu sənədin layihəsinin işlənib hazırlanması və təsdiq edilməsi barədə göstəriş də verib. Əmirbəyovun sözlərinə görə, Paşinyan bu məsələni Azərbaycan hökumətinin nümayəndələri ilə də müzakirə edib. Lakin onun da müsahibədə bildirdiyi kimi, “İndi isə o (N.Paşinyan – S.Ə.) belə arqument irəli sürmək istəyir ki, belə bir dəyişiklik siyasi baxımdan çox çətin prosesdir və ya Konstitusiya layihəsi yalnız 2027-ci ildə hazır ola bilər.”

Halbuki Azərbaycan Ermənistan Konstitusiyasının preambulasının dəyişdirilməsindən danışır və bunun üçün illərlə müzakirəyə ehtiyac yoxdur. Deməli, məğlub Ermənistan hakimiyyətinin belə Azərbaycanın “sülh prosesinin qarşısında duran yeganə maneə” hesab etdiyi bu məsələ ilə bağlı güzəştə getmək niyyəti yoxdur.

 

 

İndi gələk Azərbaycan hakimiyyətinin artıq sülh prosesinin qarşısında duran maneə hesab etmədiyi məsələlərə. Bunlar əvvəla Əmirbəyovun da qeyd etdiyi, özündə Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən digər problemli iki məsələdir: biri “ləğv edilməli olan ATƏT-in Minsk Qrupu” (1), digəri “Ermənistanın beynəlxalq məhkəmələrdə qaldırdığı iddialar” (2) məsələsidir. 

Əmirbəyovun sözlərinə görə, Ermənistan yalnız sülh müqaviləsi imzalandıqdan sonra (!) həmin məsələlərin həlli yollarını tapmağa razılaşıb. Yəni, birincisi, sülh müqaviləsi imzalananadək bu məsələlərin həlli ilə razılaşmayıb, ikincisi, yalnız sülh müqaviləsi imzalandıqdan sonra həmin məsələlərin həlli yollarını tapmağa razılaşıb. Həll edəcəyinə deyil, həmin məsələlərin həlli yollarını tapmağa razılaşıb. Açıq desək, bu məsələlərlə bağlı olaraq da qalib Azərbaycanın tələblərini faktiki rədd edib. Kim inanar ki, Ermənistan heç yazılı olaraq imza atdığı sənədlərin tələblərini belə yerinə yetirmədiyi halda, şifahi verdiyi sözləri, centlmen razılaşmalarını yerinə yetirəcək?!

Azərbaycan hakimiyyətinin artıq sülh prosesinin qarşısında duran maneə hesab etmədiyi digər bir məsələ isə “Zəngəzur dəhlizi”(3) məsələsidir. Əmirbəyovun açıqlamasından o da aydın olur ki, sən demə Tərəflər eyni zamanda Azərbaycan ərazisinin əsas hissəsini eksklav durumuna salınmış Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yol və ya “Zəngəzur dəhlizi” ilə bağlı qarşılıqlı məqbul variant tapıblar. 

 

 

 

Əmirbəyov öz müsahibəsində deyir: Başa düşdük ki, Konstitusiya məsələsindən əlavə daha bir fikir ayrılığını – nəqliyyat kommunikasiyalarının açılması məsələsini kənara qoysaq (yəqin burada texniki səhvə yol verilib, Əmirbəyov “qoymasaq” deyib – S.Ə.), yaxın gələcəkdə sülh müqaviləsi bağlaya bilməyəcəyik. Ona görə də qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və sonrakı mərhələdə ona qayıtmaq qərarına gəldik. Sülh sazişi imzalandıqdan sonra hər iki ölkənin nümayəndə heyətləri Azərbaycanla Naxçıvan arasında əlaqənin bərpası üçün məqbul formul tapmaq yönündə danışıqları bərpa edə bilərlər”.

İndi yekun olaraq danışıqlar prosesində nə baş verdiyini anlamağa çalışaq. Qısası, anlaşılan odur ki, qalib Azərbaycan hakimiyyəti danışıqlar prosesində məğlub Ermənistan hakimiyyətinə digər iki güzəştlə birlikdə, nə az, nə çox “Zəngəzur dəhlizi” ilə bağlı məsələdə də güzəştə gedib. Və ya güzəştə getməyə məcbur qalıb.

Mən həyati milli maraqlarımızla, eyni zamanda qardaş Türkiyə ilə strateji müttəfiqliyimizin və TDT-nin perspektiv inkişafı ilə bağlı olan bu həyati vacib məsələ ilə əlaqədar olaraq bir vətəndaş, istiqlalçı millət vəkili kimi duyğusallıqdan uzaq münasibət bildirməyə maksimum cəhd etdim. Lakin dərin təəssüf və ağrı hissi ilə qeyd etməliyəm ki, məğlub Ermənistan hakimiyyətilə aparılan danışıqlar prosesində qalib Azərbaycan hakimiyyətinin nəticədə bu gün gəlib çıxdığı açıqlanan (təbii, hələ açıqlanmayan məsələlər də ola bilər) bu mövqenin, bu yanaşmanın nə qalib mövqeyimizə, nə milli maraqlarımıza, nə qardaş Türkiyə ilə strateji müttəfiqliyimizin, nə də TDT-nin inkişaf perspektivinə cavab verdiyini düşünmürəm. 

 

 

Çünki Əmirbəyovun müsahibəsindən aydın olur ki, qalib Azərbaycan hakimiyyəti danışıqlar prosesində məğlub Ermənistanın və arxasındakı güclərin (ilk növbədə ABŞ-nin) təkidli, dayanıqlı və davamlı səylərinin, təsir və təzyiqlərinin nəticəsində artıq:

- Ermənistanın ATƏT-in Minsk Qrupunun ləğv edilməsilə (1) və beynəlxalq məhkəmələrdə qaldırdığı iddialardan vaz keçməsilə (2) bağlı Azərbaycanın qoyduğu haqlı tələbləri qəbul etməməsini;

- “Zəngəzur dəhlizi”nin açılmamasını (3), Naxçıvan MR-in Ermənistan tərəfindən blokadada saxlanmasının davam etməsini, Azərbaycanın fiziki olaraq – təhlükəsizlik təminatı altında olan dəmir və avtomobil yolları, neft və qaz kəmərləri, enerji xətləri, fibrooptik kabellər və s. vasitəsilə bütövləşməməsini;

- bu üzdən aralarında birbaşa quru əlaqəsi, coğrafi bağ olmayan qardaş Türkiyə ilə Azərbaycanın həqiqi, etibarlı, dayanıqlı və davamlı strateji müttəfiqlik perspektivinin sual altına düşməsini;

- eyni səbəblə, geopolitik Turan layihəsi kimi baxılan TDT-nin türk dövlətlərinin həqiqi, etibarlı, dayanıqlı və davamlı strateji müttəfiqlik perspektivinin sual altına düşməsini;

- əvvəllər olduğu kimi, türk dünyası ilə onun lideri olan Türkiyə arasında birbaşa və ən qısa fiziki bağın, əlaqənin qurulmasına imkan verilməməsini sülh müqaviləsinin imzalanması üçün maneə hesab etmir.

 

 

 

Bu gün yeganə maneə hesab etdiyi məsələ budur ki, “Ermənistan Konstitusiyası dəyişdirilməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün deyil” (4). İndi kim təminat verə bilər ki, Azərbaycan hakimiyyətinin sülh prosesində əsas maneə hesab etdiyi qeyd olunan dörd məsələdən üçündə, ələlxüsus da “Zəngəzur dəhlizi” kimi strateji önəmli bir məsələdə artıq güzəştə gedilibsə, bu sonuncu məsələdə də güzəştə gedilməyəcək?!

Təəssüf ki, hazırkı qlobal və regional inkişaf perspektivləri və meylləri, danışıqlar prosesində yaranmış mövcud durum, eyni zamanda qarşıdan həm Azərbaycanda, həm də ABŞ-də seçkilərin gəldiyi, ölkəmizin COP29-a hazrılaşdığı bir dövrdə sülh müqaviləsinin imzalanması üçün xarici səylərin, təsir və təzyiqlərin artacağının, ümumiyyətlə ölkəmizin xarici təsirlərə həssaslığının artacağının gözlənilən olması bu qayğı və narahatçılığı artırmaqdadır.

Azərbaycan hakimiyyəti dünyamızın, regionumuzun, xüsusilə də millətimizin və dövlətimizin çox mürəkkəb, həsas bir inkişaf dövründə olduğunu, övladlarımızın qan tökərək döyüş meydanında əldə etdiyi hərbi qələbənin nəticələrini danışıqlar masasında siyasi-hüquqi baxımdan təsbit etmək üçün qatbaqat daha artıq çalışmalı olduğunu nəzərə almalı, özünü müharibədən sonrakı ilk dövrdə olduğu kimi qalib tərəf kimi aparmalı, ən başlıcası həyati milli maraqlarımızı, qardaş Türkiyə ilə strateji müttəfiqliyimizin və TDT-nin perspektiv inkişaf maraqlarını rəhbər tutmalı, bu maraqlarla bağlı heç bir məsələdə düşmənə güzəştə getməməlidir. 

Hakimiyyət unutmamalıdır ki, müharibədə olduğu kimi, bu məsələdə – danışıqlar prosesində də millətimiz və onun bağrından çıxan ordumuz, əlbəttə, yenə də onun arxasındadır. Bütün bunlar nəzərə alınarsa, şübhəsiz yekunda döyüş meydanında olduğu kimi danışıqlar masasında da istədiyimizə nail ola bilərik. Və olmalıyıq. Başqa yol yoxdur.

Tanrı millətimizi və dövlətimizi qorusun! Tanrı birlik və bərabərliyimizi daimi eləsin. Amin!"

09 avqust 2024-cü il

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ