COP29 Məlumat Mərkəzində iqlim və inklüzivlik mövzularında sessiyalar keçirilib
COP29 Məlumat Mərkəzində maarifləndirmə məqsədilə həftəsonları keçirilən silsilə tədbirlərin davamı olaraq 17 və 18 avqust tarixlərində növbəti interaktiv sessiyalar təşkil olunub. Bu barədə APA-ya COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib. İqlim, ekologiya, dayanıqlı gələcək və inklüzivlik mövzularına həsr edilən sessiyaların birinci günü uşaqların bu mövzularda məlumatlılığının artırılması məqsədilə yaradıcı master-klasslar, ikinci günü isə müvafiq sahələrdən olan ekspertlərin iştirakı ilə trend-sessiya təşkil olunub.Sessiyanın ilk günündə uşaqlar üçün dayanıqlı həyat tərzi üzrə praktiki bacarıqların formalaşdırılmasına yönəlik “Orqanik Məktəb" master-klassları həmçinin, ətrah mühitin mühafizəsi məsələlərini kreativ şəkildə canlandıran “Plastik və balıqlar" və "Ağaca suallar" adlı immersiv şoular təşkil edilmişdir. Tədbir çərçivəsində uşaqlar planetimizin üzləşdiyi ekoloji problemlər, bu problemlərin həllində hər bir fərdin üzərinə düşən məsuliyyət və dayanıqlı təşəbbüslərin vacibliyi ilə bağlı məlumatlandırılıblar. Tədbirin ikinci günü təşkil olunan inklüzivlik mövzusu ilə bağlı müzakirə sessiyası isə müvafiq sahələri təmsil edən ekspertlərin iştirakı ilə iqlim və inklüzivliyin sağlam həyat tərzi, təhsil və incəsənət ilə sıx əlaqəsinin vurğulanmasına yönəlib. Trend-sessiyada iqlim dəyişikliyinin xüsusi qayğıya ehtiyacı olan insanlara təsiri, iqlim dəyişikliyi ilə mübarizədə göstərilən qlobal səylərdən heç kimin kənarda qalmamasını təmin etmək üçün dayanıqlı təşəbbüslər, inklüziv siyasət və təcrübələrin iqlim fəaliyyətinə inteqrasiyasına dair anlayışlar müzakirə olunub. "EkoSfera" Sosial-Ekoloji Mərkəz İctimai Birliyinin təşkilatçılığı və birliyin rəhbəri Firuzə Sultanzadənin moderatorluğu ilə keçirilən sessiyada ekspert qismində iştirak edən Azərbaycan Sahibkarlar və İşəgötürənlər Təşkilatları Konfederasiyasının Baş katibi, “Birgə və Sağlam” İctimai Birliyinin Məşvərət Şurasının sədri Natəvan Məmmədova, "DanceAbility Azerbaijan" inklüziv rəqs mərkəzinin təsisçisi Nigar Sultanova, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin psixoloqu Günel Abdullayeva öz bilik və təcürbələrini bölüşüb. Müzakirənin sonunda iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda "DanceAbility" metod üzrə qurulan inklüziv rəqs performansı nümayiş etdirilib.