Danimarkada “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi vəfat edib

09/12/2022 - 09:54

Azərbaycan diasporuna ağır itki üz verib.

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi ömrünün 65-ci ilində vəfat edib.

2001-ci ildən Danimarkada yaşayan soydaşımız “Vətən” Cəmiyyətini yaradaraq, Azərbaycan həqiqətlərinin Avropa və dünya istimaiyyətinə çatdırılması, Azərbaycan mədəniyyətinin təbliğ olunması istiqamətində böyük fəallıqla çalışırdı. Onun təşəbbüsü ilə Danimarkada ilk dəfə Türkdilli Cəmiyyətlər Birliyi, Azərbaycan Evi, ana dili və musiqi məktəbi, "Cırtdan" uşaq yaradıcılıq mərkəzi fəaliyyət göstərir, “Azərbaycanı dünyaya tanıdaq” layihəsi çərçivəsində silsilə tədbirlər həyata keçirilirdi.

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı və “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunmuşdu.

Səfər Sadiqi 1957-ci il mayın 12-də Bakı şəhərində əslən Cənubi Azərbaycanın Sərab mahalından olan Məmi Sadiqinin ailəsində dünyaya gəlib. Atası Azərbaycan Demokrat Firqəsinin üzvü, Seyid Cəfər Pişəvərinin yaxın silahdaşı, 21 Azər hərəkatının mayor rütbəli zabiti olub.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunu olan Səfər Sadiqi Azərbaycan Dövlət Statistika İdarəsində mühəndis, proqramçı və böyük mühəndis vəzifələrində çalışıb. Sonradan “Şıxəli Company” şirkətini təsis edib.

1988-ci ildən ölkəmizdə başlayan milli azadlıq hərəkatında fəal iştirak edib. 20 Yanvar hadisələri zamanı yaralıları xəstəxanaya çatdırmaqla bir neçə insanın həyatını xilas edib.

Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, Danimarkadakı soydaşlarımıza və dünya azərbaycanlılarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ