“DƏRS KEÇƏNİN DƏRS ÇIXARMAMASI DAHA ACIDIR...” – Şəmil Sadiq müəllimlərin sertifikasiya imtahanı haqda

20/06/2024 - 13:48

Təhsil texnoloqu: “O qədər haqqı çatan müəllim bu gün işsizdir ki, onların yerinə işə başlaya və daha uğurlu nəticə göstərə bilər”

Xəbər verdiyimiz kimi, iyunun 8-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub. Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, imtahanda iştirak edən 7296 müəllimdən 3909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. Qeyd olunub ki, onlardan 3424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.

Nəzər alaq ki, bu müəllimlər keçən il keçid balını əldə edə bilmədiyindən onlara bir il güzəşt verilib.

Sözügedən mövzu sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Belə ki, insanlar imtahan suallarının asan olduğunu, müəllimlərin bir qisminin savadsızlıqdan əziyyət çəkdiyini, nəticədə təhsilin gedişatının yaxşı olmadığını dilə gətirir.

Hurriyyet.az-a mövzu ilə bağlı açıqlama verən filologiya üzrə fəlsəfə doktoru, təhsil texnoloqu, dosent Şəmil Sadiq deyir ki, məllimlərin imthanda əldə etdiyi uğursuz nəticələr heç bir halda bağışlana bilməz:

“Kökündə isə keyfiyyətsiz ali təhsil, son 30 ildə heç bir belə sertifikasiyanın aparılmaması və bir zamanlar işə götürülənlərin heç bir imtahan edilmədən (bəlkə də üzü belə görülmədən) qəbul edilməsi və sairə məsələlər durur. Sualların çətinlik səviyyəsinə baxsaq, görərik ki, normal orta təhsilli istənilən şəxs bu sınaqdan çıxa bilərdi. Hələ onu da nəzərə alsaq ki, məhz bu müəllim həmkarlarımız keçən il də müsabiqədən kəsilib və bir il güzəşt və hazırlaşmaq şansı verilib. Qəfil yaxalanmanı bəlkə də başa düşmək olardı ki, o da qəfil deyildi, öncədən elan edilib. Amma bu keçən bir ildə bu qədər adam niyə üzərlərində işləməyib, cavab tapa bilmirəm. Bu o deməkdir ki, ya bu iş onlar üçün maraqlı deyil, ya da bacarıqları bu idi. Dərs keçənin dərs çıxarmaması daha acıdır. Yenə də deyək ki, ilk dəfə keçirilən sertifiakisyanın nəticəsidir, deməli, gələcək illərdə biz bunun şahidi olmayacağıq. Çünki müəllimlər daima üzərlərində işləməli olduqlarının fərqində olacaqlar”.

Şəmil Sadiq əsas problemi ali təhsil müəssisələrində görür:

“Sözügedən müəllimlərin diplomu aldıqları universitetlərin rektorları ilə maraqlanmaq lazımdır. Soruşmasanız da, bilirsiniz ki,  bir zamanlar ali təhsil almaq bir dəb idi, müxtəlif yollarla diplom alanlar da az deyildi. İstənilən halda təhsilimiz adına xoş mənzərə deyil. Belə olur ki, valideynin məktəbə inamı ölür və güvənmir”.

Fəlsəfə doktoru keçən  il sertifikasiya imtahanında müvafiq balı toplaya bilməyən müəllimlərə ikinci şans verilməsini düzgün addım kimi sayır:

“Nəzərə alsaq ki, Sertifikasiya hərəkatı ölkəmizdə yenidir, cəmiyyətin buna hazır olması üçün Elm və Təhsil Nazirliyi yetərincə güzəştə getməyə məcburdur. Sizi əmin edirəm ki, bu proses tam gücü ilə aparılsayadı, daha ağır mənzərə ilə qarşılaşardıq. Nazirlik həm təhsilin keyfiyyətini qaldırmalı, həm də sosial basqıya tab gətirməlidir. Bu, çox ağır prosesdir. 3900 nəfər 3900 ailə deməkdir, işinin itirilməsi, əlbəttə ki, o həmkarlarımız üçün ağırdır. Amma digər tərəfdən də valideynləri, cəmiyyətimizi ümumilikdə kiminsə işini itirməsi maraqlandırmır, o keyfiyyətli təhsil istəyir. İkinci şansa həmişə hamının haqqı var, əgər onu da dəyərləndirə bilmirsə, günahı sadəcə özündə axtarmalıdır. Məsələn, diqqət etsək görərik ki, şans verilənlərin hardasa 50 faizi bunu dəyərləndirə və sertifikasiyadan keçə bilib, demək, ehtiyac var”.

Dosent Şəmil Sadiq qeyd edir ki,  Elm və Təhsil Nazirliyi müəllimlərin imtahan vasitəsilə yoxlanılması ən azı 20 il bundan öncə başlamalı idi:

“İmtahan sualları sadə idi, bəli. Sözsüz ki, nazirlik burda xeyli güzəşt edib və bu da lazımlı addım idi. Amma şəxsən mən daha sərt addımlar atılmasının tərəfdarıyam. İbtidai siniflərdə oxuyub anlama ilə bağlı 25 sualdan cəmi 2-3  sual var idi. Bunun sayı ən az 10 dənə olmalı, mətnlər üzərində tapşırıqlar verilməli idi. İmtahanlar təhsilin istiqamətini müəyyənləşdirir. Ona görə də düşünürəm ki, cəmiyyətin yersiz basqısına önəm verməməli, başlanan bu iş daha intensiv, daha dərindən aparılmalıdır. Bilirsinizmi, hər il minlərlə müəllim MİQ imtahanından kəsilir. Amma kadr çatışmazlığı yaranmaz.  O qədər haqqı çatan müəllim bu gün işsizdir ki, onların yerinə işə başlaya və daha uğurlu nəticə göstərə bilər”.

Cəmilə ƏZİMOVA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53