"Euronews": Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir
Ukraynadakı müharibə hesabına qazanc əldə edən Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir. "Report" xəbər verir ki, bu barədə "Euronews" saytında dərc olunan məqalədə bildirilib. Bildirilir ki, Ermənistan münaqişədə birbaşa iştirakçı olmasa da, onun Rusiya ilə iqtisadi əlaqələri tənqid obyektinə çevrilib. Xüsusən də, malların yenidən ixracı və sanksiya altında olan şirkətlərlə beynəlxalq bazar arasında ticarətə yardım etməsi bu tənqidlərə rəvac verib. Ermənistanın Rusiya ilə iqtisadi münasibətləri, Rusiyaya qarşı Qərb sanksiyaları tətbiq edildikdən sonra xüsusilə çiçəklənib. Rusiya iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, ötən il bu rəqəmin 7,4 milyard dollara çatdığını bəyan edib. Bu ilin birinci yarısında bu göstərici 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb. Hazırkı templə davam edərsə, o zaman ticarət həcminin ilin sonuna qədər 14-16 milyard dollara çata biləcəyi təxmin edilir. Ticarət dövriyyəsinin ciddi şəkildə artması Ermənistanın Rusiyanın Qərb sanksiyalarından yan keçməsinə imkan yaradan yenidən ixrac mərkəzi statusundan istifadəsi kimi şərh oluna bilər. Ermənistanın geosiyasi sahədə mühüm rola yüksəlməsi dolayısı ilə Rusiyanın sanksiyalar şəraitində iqtisadi dayanıqlılığını gücləndirib. Ölkə, əlbəttə ki, öz maraqlarını irəli çəkməyə diqqət yetirir, lakin bu dinamika Rusiyanı təcrid etməklə bağlı qlobal səylərin pozulmasına dair narahatlıq doğurur. Yenidən ixraca icazə verməklə və güclü ticarət əlaqələrini dəstəkləməklə Ermənistan Rusiyaya qadağan olunmuş mallara və texnologiyalara davamlı çıxış təmin edərək sanksiyaların təsirini yumşaltmağa kömək edir. Ermənistan Moskvanın sanksiyalardan yan keçməsində mühüm alətə çevrilib, o cümlədən ölkə Rusiyanın qiymətli daşlarının və qızılının yenidən ixracı ilə məşğul olur. "2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib ki, bu da respublikanın özündə hasil ediləndən 30 dəfə çoxdur", - telekanal qeyd edib. Ermənistanın Rusiya ilə sıx əlaqələri diqqətdən kənarda qalmayıb, lakin Qərbin reaksiyası nisbətən təmkinli olaraq qalır. Pərdə arxasında yaxşı təşkil olunmuş lobbi səyləri, görünür, əhəmiyyətli rol oynayır və ehtimal ki, nüfuzlu elitalar tərəfindən həyata keçirilir. Bununla yanaşı, böyük PR və kommunikasiya şirkətləri tərəfindən dəstəklənir. Bildirilib ki, Ermənistanın Rusiyayla ticarətin artması sayəsində stimullaşdırılan iqtisadi artımı dolayısıyla Ukraynada müharibə ilə subsidiyalaşdırılır. Eyni zamanda, diplomatik arenada Ermənistanın baş naziri Nikol Paşinyan, xüsusən də Ukraynada münaqişə başladıqdan sonra Rusiyadan nümayişkaranə şəkildə məsafə saxlamağa çalışır. "Ermənistanın diplomatik səylərinin həqiqətən səmimi olduğunu, yoxsa qlobal qeyri-sabitlikdən, xüsusən də davam edən müharibə kontekstində faydalanmağa yönəlmiş təfriqəçi manevrlər olduğunu müəyyən etmək getdikcə çətinləşir", - məqalədə vurğulanıb.