FHN: Ötən sutka 52 yanğına çıxış olub, 6 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə APA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 52 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.