GÜRCÜSTAN İKİ OD ARASINDA - “Gürcü arzusu” uduzsa, zorakılığa gedəcəkmi?
Qonşu Gürcüstanda ölkənin gələcək taleyi üçün həlledici hesab edilən parlament seçkisinə 3 gün qalır. Bu seçkinin nəticəsi təkcə Gürcüstanın özü üçün deyil, Cənubi Qafqaz regionu və Moldovadakı seçki ilə birgə bütünlükdə MDB məkanı üçün ciddi əhəmiyyətə malikdir. Bu, həm də Rusiya ilə Qərbin regionda apardığı mübarizənin hansı mərhələdə olduğu və nə ilə nəticələnə biləcəyinə dair müəyyən qənaətə gəlməyə əsas verəcək… Bu gün hakim “Gürcü Arzusu” partiyası Tbilisidə böyük mitinq keçirməyə hazırlaşır. Hakimiyyət nəinki öz qələbəsinə əmindir, həmçinin parlamentdə konstitusiya çoxluğunu qazanmağa da ümid edir. Ən azından hakimiyyətyönlü media sorğuların nəticələrini məhz belə bir görüntü ilə dərc edir. Eyni cür də müxalifət sorğuların nəticələrinin öz xeyrinə olduğunu iddia edir. Şübhə yoxdur ki, inzibati resurslar hakimiyyətə bügünkü mitinqə xeyli sayda iştirakçı cəlb etməyə imkan verəcək. Lakin indidən bu kütlənin süni mahiyyətinin gizlədilməsinin mümkün olmayacağı barədə iddialar səsləndirilir… Qeyd edək ki, 3 gün əvvəl Gürcüstan müxalifəti paytaxt Tbilisidə böyük etiraz aksiyası keçirmişdi. Əksər müşahidəçilər hesab edirlər ki, həmin aksiya öz kütləviliyinə görə Gürcüstan siyasi tarixinin son onilliklərdəki ən böyük kütləvi aksiyasıdır. Lakin hakim partiya da öz növbəsində müxalifətin mitinqinə insanların müxtəlif yollarla gətirildiyini və hətta müxalifətin mitinqinin izdihamlı olduğunu nümayiş etdirmək üçün yayımlarda “Gürcü arzusu”nun mitinqlərinə aid videolardan istifadə edildiyini iddia edir. Lakin bu iddialar daha çox xarici auditoriyaya hesablanıb, çünki gürcülər həmin aksiyanın gerçək miqyasını və ora toplaşanların könüllü iştirakını öz gözlərilə görüblər. “Yəqin ki, bütün bunlar yeni bir gələcəyin yaxınlaşdığına işarədir. Bu gün mənim qarşımda duran Gürcüstan azad Gürcüstandır. Bu gün burada məcburən gətirilənlər yoxdur, heç kimə deyilməyib ki, gəlməsən işini itirəcəksən, heç bir tələbəyə deyilməyib ki, gəlməsən tələbə təqaüdünü almayacaqsan…” Bunu indiki hökumətə aşkar müxalif mövqedə duran Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətin aksiyasındakı çıxışı zamanı deyib. Prezident bununla da hökumətin insanları öz mitinqlərinə məcburən cəlb etdiyinə işarə vurub.
Gürcüstan Prezidenti öz mövqeyi ilə həm də qərbyönlü müxalifətin planını dəstəkləmiş olub. Plan isə bundan ibarətdir ki, 4 müxalif siyasi qüvvə - “Güclü Gürcüstan”, “Dəyişiklik Naminə”, “Birlik” seçki blokları və “Qaxariya Gürcüstan Naminə” partiyası seçkidə hakimiyyətdən daha çox səs toplayır və nəticələrə əsasən texniki cəhətdən koalisyon hökumət yaradır. Bundan sonra yeni növbədənkənar seçkilərin keçirilməsi elan olunur. Yəni məqsəd ilk növbədə birlikdə indiki hökuməti yola salmaq, daha sonra isə növbədənkənar seçki elan edərək, daha demokratik mühitdə seçki keçirmək və yeni, dayanıqlı, qərbyönümlü hökuməti qurmaqdır. Hazırda bu dörd müxalif siyasi qüvvə seçkiyə ayrı-ayrılıqda gedir və onların hər biri parlamentə düşmək üçün 5 faizlik seçki baryerini keçməlidir. Son müstəqil rəy sorğularına görə, bu siyasi qüvvələr ümumilikdə təxminən 55 faiz səs ala biləcəklər. Nəzərə alsaq ki, bu il Gürcüstanda seçkilər ilk dəfə yalnız proporsional qaydada keçiriləcək, o zaman müxalifətin hakimiyyət dəyişikliyinə nail olması şansı xeyli artmış olur. Əslində, gürcülərin əhəmiyyətli hissəsi müxalif siyasi qüvvələr başda olmaqla bu ilin may ayında “xarici agent qanunu”na kütləvi etiraz aksiyaları keçirərkən hakimiyyətə mümkün gələcək dəyişikliklərin siqnalını vermişdilər. Bu gün müxalifət liderlərinin dediyinə görə, həmin vaxt etiraz aksiyaları ona görə dayandırıldı ki, qarşıdan parlament seçkisi gəlirdi və müxalifət insanları hakimiyyəti küçədə deyil, seçki qutularında dəyişməyə dəvət edirdi. Ona görə də müxalifətin fikrincə, siyasi şüuru, yetkinliyi yüksək səviyyədə olan Gürcüstan cəmiyyəti seçkini gözləməyə üstünlük verdi. Bunun nə dərəcədə həqiqəti əks etdirdiyini 26 oktyabrda keçiriləcək seçki və ondan sonra baş verə biləcək hadisələr göstərəcək.
Yeri gəlmişkən, əksər MDB ölkələrindən fərqli olaraq, Gürcüstanda müxalifət bütün seçki məntəqələrində tam şəkildə təmsil olunur və burada saxtakarlıq etmək hakimiyyət üçün asan olmayacaq. Hakimiyyətə gəlincə, bütün seçki kampaniyası boyunca “Gürcü arzusu” əsas etibarilə hakimiyyətdən gedəcəkləri təqdirdə gürcüləri müharibə perspektivilə qorxutmağa üstünlük verib. Hökumətin əsas təbliğat alətləri və şüarları Gürcüstanın Ukrayna ilə müqayisəsi üzərində qurulub. Hətta hakimiyyət Ukraynanın dağılmış, məhv edilmiş şəhərləri ilə Gürcüstanın “çiçəklənən” şəhərləri arasındakı fərqi əks etdirən seçki plakatlarından istifadə edib. Bu plakatlar təkcə müxalifət deyil, əksər hakimiyyət tərəfdarları tərəfindən də narazılıqla qarşılanıb. Hakimiyyət iddia edib ki, müxalifət hakimiyyətə gəlsə, Gürcüstanı Ukraynaya çevirəcək. Bu isə təkcə gürcü müxalifətində və əhalinin əhəmiyyətli hissəsində ikrah yaratmayıb, həm də Ukrayna tərəfinin rəsmi etirazına səbəb olub. Bazar ertəsi Avropa Birliyinə üzv olan 13 ölkənin Avropa işləri nazirləri bildiriblər ki, Gürcüstan hökumət kursunu dəyişməsə, Gürcüstan Aİ-yə üzv ola bilməyəcək. Hazırkı hökumət bu cür bəyanatları fərqli yozmağa çalışır. Məsələn, hələ də özünü Avropaya inteqrasiyanın tərəfdarı kimi təqdim edən hakimiyyət iddia edir ki, Aİ-nin belə bəyanatları seçkiqabağı təzyiq xarakteri daşıyır və seçki bitdikdən sonra Aİ Gürcüstan hökumətilə adi qaydada əməkdaşlığı davam və inkişaf etdirəcək. Lakin Aİ XİN başçılarının son birgə bəyanatı bu iddianı inkar edir və qəti xarakter daşıyır. Həmin bəyanatda qeyd olunur ki, indiki hakimiyyətin kursu Aİ-yə inteqrasiyanı mümkünsüz edir: “Bu aydın qərarın ən kiçik yumşaldılması və ya fərqli şərhi belə sadəcə yalandır”. Aİ nümayəndələri heç vaxt Gürcüstan hakimiyyətinin bəyanatlarını bu qədər açıq və bu qədər yüksək səviyyədə təkzib etməmişdilər. Odur ki, indi Gürcüstan hakimiyyəti üçün faydalı ola biləcək yeganə mövzu Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiya ilə sülh yolu ilə reinteqrasiya perspektividir. Son zamanlar gürcü hökuməti gah bu separatçı bölgələrdəki əhalidən üzr istəyir, gah özündən əvvəlki hakimiyyəti separatçı qurumlara qarşı müharibəyə başladığına görə ittiham edir və sair. Bütün bunlar isə Rusiyanın “könlünü oxşamaq” və həmin bölgələrin yenidən Gürcüstana formal da olsa reinteqrasiyasına nail omaq məqəsdi daşıyır. Lakin Rusiya tərəfi də buna asanlıqla razılaşana oxşamır. Belə görünür ki, Rusiya hakimiyyəti “Gürcü Arzusu”na artıq zatən kifayət qədər “hədiyyələr verdiyini” düşünür. Buraya Rusiya bazarının Gürcüstan məhsulları üçün açılması, təyyarə uçuşlarının bərpası, vizaların ləğvi və digər addımlar aiddir. Hökumət hesab edir ki, bu addımlar gürcülərin xeyrinədir və onların məşğulluğunun artmasına xidmət edir.
Lakin gerçəklik ondan ibarətdir ki, gürcülər işləmək üçün Rusiyaya yox, daha çox Avropaya üz tuturlar. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsi, eləcə də Rusiya işğalından əziyyət çəkən Gürcüstanın öz təcrübəsi gürcülərin böyük əksəriyyətinin Moskvaya heç də böyük etimad göstərməməsinə dəlalət edir. Hər necə olsa, azərbaycanlılar da daxil olmaqla, Gürcüstan əhalisinin real mövqeyi – Avropanı(müxalifəti), yoxsa Rusiyanı (hakimiyyəti) seçməsi 3 gün sonra bəlli olacaq. Çünki doğrudan da hökumətlə müxalifət arasındakı mübarizə məlum səbəblərdən Qərblə Rusiya arasındakı mübarizə xarakteri alıb. Belə bir şəraitdə əsas sual odur ki, “Gürcü arzusu” məğlub olacağı təqdirdə könüllü olaraq hakimiyyətdən imtina edəcəkmi, yoxsa onu zorla saxlamağa hazırlaşır? Bir çox müşahidəçilərin fikrincə, son günlər baş verən hadisələr zorakılıq ssenarisi ehtimalını xeyli artırır. Lakin zorakılıq yolunun seçilməsi hələ hakimiyyətin əldə saxlanmasına təminat vermir. Əgər bu baş verəcəksə, sadəcə, “Gürcü arzusu”nun ipinin Kremlin əlidə olduğuna dair iddialar qəti şəkildə özünü təsdiqləmiş olacaq…
“AzPolitika.info”