Gürcüstanda müəllimlərin maaşı 500 lari artırılacaq – BAŞ NAZİRDƏN SEÇKİQABAĞI VƏD

28/10/2023 - 14:09

“Əziz müəllimlər, biz yaxşı bilirik ki, müəllimlik hələ qədim zamanlardan xüsusi, şərəfli və çox məsuliyyətli bir peşə olub. Hamımız qəbul edirik ki, layiqli, savadlı nəsil yetişdirilməsi ölkəmizin gücünün qarantıdır, əsas bünövrəsidir”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Milli müəllim mükafatı”nın təqdimetmə mərasimində deyib.

“Mən yaxşı bilirəm ki, siz müəllimlər, övladlarımızın, gələcək nəsillərimizin təhsili, onların tərbiyəsi ilə bağlı hər gün nə qədər böyük işlər görürsünüz. Bu da təbii ki, ölkəmizin inkişafı və tərəqqisi üçün möhkəm zəmin yaradır.

Əminəm ki, bizim hər birimizin sevimli müəllimimiz, yəni bizim şüurumuza, dünyagörüşümüzə, təfəkkürümüzə böyük təsiri olmuş və ən əsası da bizə sağlam düşünməyi öyrədən insanlar var.

Hesab edirəm ki, biz hökumət olaraq sizin peşənizin imicini yüksəltmək üçün daha çox iş görməliyik. Nazirimiz və bütün hökumətimiz bunun üçün çalışır. İndi biz daha çox, daha intensiv işləməyə başlamışıq. Biz müəllimlərin şəraitinin yaxşılaşdırılması qayğısını bundan sonra da davam etdirəcəyik və nəzərinizə çatdırmaq istərdim ki, qərarımıza əsasən, 2024-cü ildə Təhsil Nazirliyinə əlavə olaraq yarım milyard lari ayrılacaq ki, burada da məqsəd müəllimlərin maaşlarını orta hesabla 500 lari və daha çox artırmaqdır. Cənab nazir bu istiqamətdə fəal işləyir və tezliklə konkret baxış təqdim edəcək”, - deyə İrakli Qaribaşvili bildirib.

Xatırladaq ki, gələn il, 2024-cü ildə Gürcüstanda parlament seçkiləri keçiriləcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06