GÜRCÜSTANDA SEÇKİ BİTDİ – “Gürcü Arzusu” qalib gəldi (Yenilənib)

28/10/2024 - 08:10

Hakim “Gürcüstan Arzusu – Demokratik Gürcüstan” partiyası 99,26 % (3 111-dən 3 088) məntəqənin səsvermə bülletenlərinin hesablanması nəticəsində 54,23 % səslə parlament seçkilərində qalib gəlir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc edilmiş ilkin məlumatlarda  xəbər verilir ki, “Gürcüstan Arzusu” 54,234 %, “Dəyişiklik üçün Koalisiya” 10,822 %, “Birlik – Milli Hərəkat” partiyası 10,105 %, “Güclü Gürcüstan” 8,758 %, “Gürcüstan üçün Qaxariya” partiyası 7,753 % səs toplayıb. MSK-nın məlumatına görə, digər partiyalar 5 %-lik baryeri keçə bilməyib. Gürcüstanda parlament seçkilərində 18 seçki subyekti iştirak edib. Seçkilər ilk dəfə olaraq yalnız proporsional sistem (partiya siyahıları) üzrə və elektron texnologiyalardan – verifikasiya və səslərin hesablanması aparatlarından geniş istifadə edilməklə keçirilib.

***

Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin baş tutduğunu elan edib. "Report"un yerli bürosu xəbər verir ki, saat 20:00-a olan ilkin məlumatına görə, seçici fəallığı 58,94 % təşkil edib. Səslərin 70,9 %-i işlənildikdən sonra “Gürcü Arzusu” 52,98 % səs toplayıb. “Gürcü arzusu”na 921 067 seçici səs verib. Parlamentə, həmçinin 4 müxalifət partiyası daxil olur: ”Dəyişiklik Koalisiyası” – 11,2 %, ”Vahidlik – Milli Hərəkat” – 9,8 %, ”Güclü Gürcüstan” – 9 %, ”Qaxariya – Gürcüstan naminə” – 8,2 %. Qalan partiyalar 5 %-lik baryeri keçə bilməyiblər. Parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstanda, 67-si isə xarici ölkələrdə yerləşirdi. Seçicilərin ümumi sayı 3 508 294 nəfər təşkil edib. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edib. Qeyd edək ki, Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.

***

 

 

“Exit-poll”-ların nəticələri fərqlidir, söz MSK-dadır. Gürcüstanda keçirilən parlament seçkisində səsvermə başa çatıb. “AzPolitika” gürcü mətbuatına istinadla xəbər verir ki, tanınmış “Edison Research” sorğu şirkətinin “exit-poll”unun nəticələrinə görə, seçicilərin 40%-i hakim “Gürcü arzusu” partiyasına səs verib.  “Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” – 16,7%; “Birlik” (“Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) - 16,7%; “Güclü Gürcüstan” (“Lelo”, “Xalq naminə”, “Azadlıq meydanı”, “Vətəndaşlar”) – 10,3%; “Qaxariya – Gürcüstan üçün” – 8,2%; “Qirçi” (İaqo Xviçia) – 2,3%; “Vətənpərvərlər Alyansı”/“Alt-info” – 2% səs toplayıb. Lakin “İmedi TV”-nin keçirdiyi “exit-poll”-dan fərqli nəticə çıxıb. Həmin nəticələrdən belə çıxır ki, Gürcüstanın hakim partiyası parlament seçkilərində 56,1% səslə qalib gəlib. Dörd müxalifət partiyası 5%-lik baryeri keçərək parlamentə düşüb. “Formula TV”-nin sorğusu isə göstərir ki, “Gürcü Arzusu” parlament seçkilərində 40,9% səslə qalib gəlir, lakin ümumilikdə müxalifət daha çox səs toplayır. Hakim "Gürcü Arzusu" partiyası "exit-poll"un elanından sonra öz qələbəsini qeyd edir. Partiya ofisində atəşfəşanlıq keçirilir. “Dəyişiklik naminə” müxalifət partiyası koalisiyasının liderlərindən biri Nika Melia brifinqdə deyib ki, “Gürcü Arzusu”na qarşı çıxan dörd müxalifət partiyasının hamısı 5%-lik baryeri keçib və parlament çoxluğunu qazanıblar. Onun sözlərinə görə, “Gürcü Arzusu” 40%-dən az səs toplayıb. Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-da seçici fəallığı 50,6% təşkil edib. Məntəqələr bağlandıqdan sonra məntəqə seçki komissiyalarının rəhbərləri yekun protokolları Mərkəzi Seçki Komissiyasına göndərəcək, bundan sonra seçki komissiyası ilkin məlumatları elan edəcək. Hər iki tərəfin öz qələbəsini elan etməsi vəziyyəti daha da gərginləşdirib. Hökumət xüsusi təyinatlı qüvvələri paytaxtın mərkəzindəki binaların ətrafına yerləşdirib.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ