İSRAİLİN ƏNDAZƏNİ AŞAN QƏTLİAMLARI ABŞ-ni DƏ QORXUYA SALDI - Blinken və Ostin Tel-Əvivdən nə tələb edir?
ABŞ Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin İsrail müdafiə nazirinə məktub ünvanlayıblar.
˝TheTimes of İsrael˝ qəzetinin yaydığı məlumata görə, məktubda İsrail qarşısında sərt tələb qoyulur, bu tələbə əməl olunmazsa, yəhudi dövlətinə veriləcək silah-sursat dəstəyinin kəsiləcəyi bildirilir. Nazirlər tələb edirlər ki, İsrail ABŞ-dən aldığı silahlardan kütləvi qırğınlar törətmək və insan haqlarının pozulması istiqamətində istifadə etməsin, Qəzza bölgəsində yerləşən əhalini öz yerlərindən zorla qovmasın. Eyni zamanda həm Misir üzərindən Qəzzaya, həm də İordaniya üzərindən Fələstinin qalan ərazilərinə huminitar yardımların daşınması tam həcmdə bərpa olunsun. Məktubda yardımların minimal miqdarı da konkret rəqəmlərlə göstərilir.
O da qeyd olunur ki, tələblərə əməl olunmayacağı təqdirdə İsrailə ötürülən bütün yardımlar ABŞ-nin Milli Təhlükəsizlik Memerandumu (MTU) çərçivəsində bloklanacaq.
Qeyd edək ki, MTU ABŞ-nin başqa ölkələrə verdiyi silah yardımını insan haqları məsələsinə bağlayır. Silahlar insan haqlarının pozulmasında istifadə olunursa, yardım dayandırılır.
Məktubun seçki ərəfəsində ABŞ-də yaşayan müsəlmanların səslərini qazanmaq cəhdi, yoxsa həqiqətən də işğalı durdurmaq çabasımı olduğunu anlamaq üçün məktubun yazıldığı şəraitə və ona verilən reaksiyalara baxaq.
Orta Şərqdə İsrail hərbi qüvvələrinin həyata keçirdiyi kütləvi qətllər mövcud olan bütün növ "qırmızı cizgiləri" çoxdan keçib. Bütün dünyanın İsrailə yönəlik ˝qətliamı dayandır˝ tələbləri hər keçən gün daha da böyüyür. Belə şəraitdə, ABŞ-nin yəhudi dövlətinə hər cür silah-sursat, maddi və siyasi dəstək verməsi Birləşmiş Ştatların ˝ədalətin carçısı˝ və ˝dünya hegemonu˝ statusunu çox sərt biçimdə zərbə altına qoyur. Görünür, Ağ Evdə də bunu duymağa başlayıblar və İsrailə silah axınını azaltmaq məsələsini məhz insan haqları problemi ilə bağlamağa çalışırlar. Digər tərəfdən, kütləvi qətllər, xüsusi ilə də Livana qarşı hərbi əməliyyatların başlanmsı region dövlətlərini İsrailə qarşı hərəkətləndirib. İsrail bıçağının sümüyünə dirəndiyi region ölkələrinin kollektiv şəkildə hərəkətlənməsi, yəhudi dövləti ilə yanaşı, Birləşmiş Ştatlara qarşı da aşkar etirazlara yol aça bilər. Bu isə ABŞ-nin ən böyük neft hövzəsindəki maraqlarının təhlükə altına atılması deməkdir. İsrailin əndazəni aşan qətlləri ABŞ və İngiltərənin Böyük Orta Şərq regionunda qurduqları idarəçilik arxitekturasını dağıda bilər.
Həqiqətən də regionda son aylara qədər düşünülməsi belə çətin olan proseslər başlanıb. İranın xarici içlər naziri körfəzin ərəb dövlətlərini gəzir, İsrail qətliamını durduracaq yollar aranır. Dəfələrlə qeyd olunub ki, anqlosaks ittifaqının regionu yönəltmə fəaliyyətinin ana damarı sünni müsəlmanlarla şiə müsəlmanları bir-birinə qarşı qoyan məzhəb düşmənçiliyidir. Bu düşmənçiliyi yaradan da, zamanla alovlandıran da məhz Qərbdəki anti-İslam çevrələri və sionist yəhudilərdir. Onlar müsəlman dünyasını bölmək üçün yüz illərdir bundan məharətlə istifadə edirlər. Ona görə də heç bir əsası olmayan bu məzhəb düşmənçiliyinə son verilməsi, şiə İranın sünni ərəb dövlətləri ilə üz-üzə oturub regionun problemlərini və İsrail qətllərinə qarşı birgə fəaliyyəti müzakirə etməsi ABŞ və İngiltərənin qorxulu yuxusudur. Üstəlik, İsrailin Livana hücumu son dövrlərə qədər münasibətlərində gərginlik olan Türkiyə və Misir dövlətlərini də bir araya gətirib. ˝Qaydasız döyüş˝ stilində gedən müharibə regiondakı dəngələri alt-üst etməkdədir. Belə görünür, İsrailə silah-sursat ötürülməsini zəiflətmək və bunu insan haqları ilə bağlamaqla Ağ Ev vəziyyəti qismən düzəltməyə çalışır. Gələk əsas məsələyə. ABŞ-də fövqəladə gücə sahib olan yəhudi lobbisi Ağ Evin İsrailə silah yardımını azaltmaq istəyinə necə reaksiya verəcək? İsrail lobbilsi ilkin addımını artıq atıb. Yəhudi lobbisinin ABŞ-dəkı əsas təşkilatı olan AİPAC (ABŞ-İsrail ictimai əlaqələr komitəsi) Ağ Evin qərarına sərt reaksiya verib.
Komitənin bəyanatında deyilir ki, Birləşmiş Ştatların bu qərarı, başda İran olmaqla, bütün İsrail düşmənlərini daha da ruhlandıracaq. O da vurğulanır ki, bu qərar ABŞ milli maraqlarını baltalayır. AİPAC ABŞ-nin dövlət strukturlarında və xüsusi ilə Konqresdə çox böyük təsirə malik olan təşkilatdır. Lobbilər öz fəaliyyətlərini adətən səssiz-sədasız həyata keçirirlər. İndi isə ən böyük lobbi təşkilatı belə gurultulu bəyanat verir. Belə bir təşkilatın ABŞ dövlət strukturlarının qərarına qarşı açıq bəyanatla çıxış etməsi, Orta Şərq müharibəsi məsələsində Birləşmiş Ştatların milli maraqları ilə yəhudi lobbisinin maraqları arasında ciddi toqquşmanın olduğunu göstərir.