“Jurnalistlər binası”nda… - FOTO

24/07/2024 - 13:32

Onlar hələ homosapiens səviyyəsinə çata bilməyiblər

Bir o qədər də vacib olmayan, amma hər halda aktual problemlərdən birinin təqdimatına keçməzdən əvvəl hörmətli oxucuya sadə, hətta çox sadə bir sual vermək istərdim: “Sizcə, donuzun neçə ayağı var?”. Ağlı başında olan insan, hətta həyatında bu heyvanı görməsə belə, tərəddüd etmədən “dörd” deyə cavab verəcək.

Bu həm doğru, həm də yanlış cavab olacaq. Fizioloji baxımdan hər şey düzdür, amma bu məsələyə əxlaqi dəyərlər,

davranış və həyat tərzi prizmasından baxsaq, düzgün cavab iki olacaq. Bəli, söhbət məxluqlardan gedir (onları adlandırmaq üçün başqa ad yoxdur), onlar insan doğulsalar da, homosapiens səviyyəsinə çata bilməyiblər.

Təəssüflə etiraf etməliyik ki, aramızda ətrafdakı zibil və çirkaba baxmaqdan inanılmaz, az qala maniyakal həzz alan bir xeyli məasuliyyətsiz vətəndaşımız var. Təkcə baxmaqla kifayətlənsəydilər, dərd yarıydı, onlar sonradan “cücərtilərindən” həzz alacaqları “zibil toxumları” səpirlər. Bəs kim özünü zibilxanada suda balıq kimi hiss edir? Düzdür, biz müsəlmanların sevmədiyi həmin canlılar.

Belə ki, Bakının Səbail rayonunda yerləşən “jurnalistlərin evi”ndə məhz onlar məskunlaşıb. Ola bilsin ki, bu, bəzilərini təəccübləndirəcək, digərlərini  sarsıdacaq.

Bir başqaları isə buna heç vəchlə inanmayaraq deyəcəklər ki, cəmiyyətdəki əyər-əskikləri üzə çıxarmağa və pisləməyə çağıran jurnalistlər arasında çirkab içində yaşamağı özlərinə rəva bilənlər ola bilməz.

Bu fotolara nəzər salın. Onlar Balaxanı zibilliyində yox, “jurnalistlərin evi”ndə çəkilib. Bu, su borularının keçdiyi bir havalandırma şaxtasıdır. Kadrlardan göründüyü kimi, şaxtaya atılan zibil, o cümlədən plastik su qabları, bankalar və mənşəyi məlum olmayan sarğı və ya əski parçası həmin boruların üzərinə uğurla “düşüb”. Söz yox ki, “çeşid” zəifdir və özünə hörmət edən tüfeyli belə ona yaxın durmayacaq.

Jurnalistlərin binasındakı bu natəmizlikdən, ötəri olsa da, bir müddət əvvəl yazmışdıq. Özü də bu sətirlərin müəllifi özünü ziyalı sayan insanların çağa nəcisinə bulaşmış bezləri, boş su şüşələrini və daha nələri həyətlərində zibil qabları ola-ola eyvanlarından başıaşağı tolazladıqlarını heç cür anlaya bilmir.

İndi isə bu problemə daha biri əlavə olunub. Bəzi sakinlərin deyəsən işləri başlarından o qədər aşıb ki, zibili eyvandan həyətə atmağa da ərinirlər. Axı şaxta qapının düz ağzındadır. Yoxsa, onlar daha zibili pəncərədən atmağın mədəniyyətsizlik olduğunu anlayıblar? Vallah, mat qalası işdir…

Beləliklə, hər cür xəstəliklərın mənbəyi olan qarışqa, hamam böcəyi, milçək və digər həşəratlar onlara qayğı göstərdikləri üçün belələrinə səmimi minnətdardırlar. Bəlkə də şişirdirəm, amma şər deməsən, xeyir gəlməz. Amma bu gedişlə, vəba, tif, çiçək kimi çoxdan unudulmuş və sivilizasiyanın məhv etdiyi xəstəliklərin geri dönməsini gözləmək olar.

Rus şairi Nekrasovun belə bir sözü var: “Sən şair olmaya bilərsən, amma vətəndaş olmalısan”. Bu halda vətəndaşlıq tələb olunmur, sadəcə olaraq insan olmaq lazımdır...

Ayna.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ