Jurnalistlər üçün "COP29 və Dayanıqlı Media Təcrübəsi" mövzusunda növbəti təlim keçirilir

31/10/2024 - 11:36

ADA Universitetində Medianın İnkişafı Agentliyinin, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) işıqlandırılmasında iştirak edəcək jurnalistlər üçün "COP29 və Dayanıqlı Media Təcrübəsi" mövzusunda növbəti təlim keçirilir. APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, analoji təlimlər jurnalistlərin COP29-un keçirilmə məqsədləri, iqlim dəyişikliyinin yaratdığı təhlükələr, iqlim maliyyəsi və digər əlaqəli mövzularla bağlı bilik və bacarıqlarının artırılmasına yönəlib. Təlimlərdə jurnalistlərin iqlim dəyişikliyi mövzusunu, xüsusilə də 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasınım (COP29) işinin işıqlandırılması istiqamətində yetərli biliklərə yiyələnməsi üçün dünya miqyasında bu sahəni işıqlandıran tanınmış media nümayəndələrinin mühazirələri dinləniləcək. Təlimin mühazirəçilərindən olan tanınmış media eksperti, Londonda fəaliyyət göstərən "Economyfirst Limited" şirkətinin direktoru Klaus Peter Ralf Yürgens iqlim mövzusunu işıqlandıran jurnalistlərin bir sıra məqamlara diqqət yetirməli olduğunu söyləyib: "İlk növbədə jurnalistlər bu istiqamətdə hazırlanan materiallarında qarşıya qoyulan mövzunu auditoriya üçün yetərincə təsvir etməli və istər oxucuların, istərsə də tamaşaçıların mövzu ilə bağlı ilk təsəvvürlərinin formalaşmasına çalışmalıdır. Materiallar elə hazırlanmalıdır ki, oxucular və ya izləyicilər onu oxumağa başlayarkən yorğunluq hiss edib prosesi yarıda saxlamasınlar. Digər bir məqam isə həmin materialların sonunda mütləq nəticəvi hissənin olmasıdır. Bunun üçün isə jurnalist tarixə, daha doğrusu əvvəlki təcrübələrə müraciət etməli və planetin iqlim dəyişikliyi problemindən öncəki dövrünü müqayisəli şəkildə təhlil etməlidir" . O eyni zamanda bəzi dövlətlərin COP29-un neft ölkəsi olan Azərbaycanda təşkili məsələsinə şübhə ilə yanaşır: "COP29 həm Azərbaycan, həm də dünya miqyasında iqlim dəyişikliyi probleminin müzakirə ediləcəyi ən böyük tədbir olacaq. Təəssüf ki, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsinə şübhə ilə yanaşan ölkələr də var. Onlar düşünür ki, neft hasilatçısı və ixracatçısı olan bir dövlət iqlim dəyişikliyi ilə bağlı tədbirə necə ev sahibliyi edə bilər? Bu, qətiyyən doğru yanaşma deyil. Bu kimi fikirlərin dəyişməsi məsələsində ən böyük vəzifə məhz jurnalistlərin üzərinə düşür. İqlim dəyişikliyi mövzusunda xəbərlər hazırlayan jurnalistlər məhz qlobal istiləşmə səbəbindən həmçinin kiçik adaların su altında qala biləcəyini, okeanların çirklənməsinin bu problemin dərinləşməsinin səbəblərindən biri olduğunu bilməlidir. Media nümayəndələrində eyni zamanda bu məsələnin sadəcə siyasətçiləri maraqlandıran bir mövzu olmadığı, eləcə də adi vətəndaşların narahatlığının əsassız olduğu ilə bağlı fikirlərin yanlışlığı barədə təsəvvürlər formalaşdırılmalıdır". Təlimdə jurnalistlərin süni intellektin yaratdığı imkanlardan istifadəsinin onların işini bir qədər asanlaşdıra biləcəyi vurğulanıb. Qeyd edək ki, tədbirin günündə jurnalistlərə iqlim mövzusunda müsahibə, reportaj və xəbər mətnlərinin hazırlanması, bu xüsusda diqqət yetirilməli olan məqamlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Jurnalistlər üçün "COP29 və Dayanıqlı Media Təcrübəsi" mövzusunda növbəti təlim keçirilir

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21