Kənd təsərrüfatı zəncirinin zəif halqaları: onlara dəstək lazımdır, amma...

31/07/2024 - 15:54

Eyyub Kərimli: “Gənclər həm işləmək, həm də istirahət etmək üçün daha çox imkan olan yerə getməyə çalışırlar”

Cəmaləddin İsmayılov: “Bütün bölgələrdə kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı mərkəzləri yaratmaq lazımdır”

Kənd təsərrüfatı iqlim dəyişikliyinə ən həssas sektorlardan biridir. Quraqlıq, daşqınlar, su qıtlığı, zərərvericilərin sürətlə yayılması əmək məhsuldarlığını aşağı salır, vətəndaşların ərzaq təminatına və fermerlərin gəlirlərinə mənfi təsir göstərir. Beynəlxalq təşkilatların hesablamalarına görə, vəziyyəti ən ağır olanlar kənd təsərrüfatı sahəsinə cəlb olunan qadınlar və gənclərdir. Onların daha az imkanları və lazımi resurslara çıxışı var. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına görə, əgər orta temperatur cəmi 1°C artarsa, qadınların ümumi gəlir itkiləri kişilərin yaşadığından 34 faiz çox olacaq.

Gənclərə gəlincə, hazırda bir çox ölkələrdə onların kənd təsərrüfatında məşğulluq səviyyəsinin azalması müşahidə olunur. Bu iş getdikcə daha çox yaşlı insanlar tərəfindən görülür. Bu faktor gəlirlərin aşağı olması, belə işin nüfuzunun olmaması və ağır fiziki əməklə bağlıdır. Bizdə də vəziyyət oxşardır: kəndlərdən bir çox gənclər daha çox imkanların olduğu şəhərlərə köçməyə meyllidirlər.

Bəs, ölkəmizdə prioritet istiqamətlərdən sayılan aqrar sahəyə qadınların dəstəklənməsi, gənclərin cəlb edilməsi üçün nə etmək lazımdır?

İqtisadçı ekspert Eyyub Kərimli AYNA-ya deyib ki, fermer qadınlar üçün müəyyən güzəştlər olmalıdır. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin elektron informasiya sistemində 80 mindən çox fermer qadın qeydiyyatdadır. Amma iqtisadçının sözlərinə görə, əslində kənd təsərrüfatında daha çox qadın məşğul olur, lakin müəyyən şəraitə görə onların məşğulluğu çox vaxt nəzərə alınmır. Bununla bağlı heç kim dəqiq rəqəmlər deyə bilməz, ona görə də ciddi uçot lazımdır.

Gənclərlə bağlı qeyd edib ki, beynəlxalq təcrübəyə, inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda kənd təsərrüfatında çalışan gənclərin sayının ildən-ilə azaldığını görmək olar.

“Ölkəmizdə gənclər həm işləmək, həm də istirahət etmək üçün daha çox imkan olan yerə getməyə çalışırlar. Təbii ki, bizim dəstək proqramlarına, güzəştlərə ehtiyacımız var ki, onlar kənd yerlərində qalıb onları inkişaf etdirsinlər. Gənclərin kənd yerlərində normal işləməsi üçün şərait və imkanlar olsa, bu, yeni texnologiyalardan daha geniş istifadəyə təkan verəcək. Gənclər yaşlı insanlardan fərqli olaraq yeniliklər təqdim etməyə daha çox meyllidir. Bu, həm məhsulların keyfiyyətinə və istehsal həcminə müsbət təsir göstərəcək, həm də regionlarda məşğulluq problemini həll etməyə və onların kənd yerlərindən paytaxta axınını azaltmağa kömək edəcək”, - deyə bildirib.

“Xidmət-iş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov AYNA-ya bildirib ki, ilk növbədə ərsiz, azyaşlı uşaqları olan qadınların fəaliyyətini dəstəkləmək lazımdır.

“Qadına bəzən qohumları kömək edir, amma bəzən o, övladlarının yeganə çörəkgətirəni olmaqla yalnız özünə güvənə bilir. Bu kateqoriya xüsusilə həssasdır. Ərləri yaşlarına görə əkinçiliklə məşğul ola bilməyənlər də dəstəyə ehtiyac duyurlar. Bizə onları kənd təsərrüfatında mikro-biznes açmağa həvəsləndirəcək xüsusi proqram lazımdır”, o əmindir.

Onun fikrincə, bir şeyi də nəzərə almaq lazımdır ki, insan istehsal edə bilir, amma məhsulunu sata bilmir - bazarlara çıxış yoxdur, harasa uzağa gedib-gəlməyə isə vaxt yoxdur.

“Bütün bölgələrdə kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı mərkəzləri yaratmaq lazımdır. Bu mərkəzlərin işçiləri kəndlərə gedib fermerlərdən məhsul ala, sonra isə onları sata, ya da ordu, xəstəxana və s. təhcizatında iştirak edə bilərdilər. Bu, həm də dövlət sifarişi ilə istehsal olunan məhsullar ola bilər”, - deyə C.İsmayılov bildirib.

Kənd yerlərində yaşayan gənclərdən danışan ekspert vurğulayıb ki, onlar kənd təsərrüfatı işlərinə maraq göstərməlidirlər: “İndiki vaxtda gənclərin çoxu heç bir iş görmədən avaralaşır. Onlar şəhərlərə köçməyə meyllidirlər, çünki çox vaxt kəndlərdə heç bir işi olmur. Nə üçün kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və emalı üçün gənclərin kənd təsərrüfatı kooperativləri yaratmayaq? Amma bunun üçün dövlət dəstəyi lazımdır”.

Onun sözlərinə görə, xüsusi proqramlar, maarifləndirici layihələr həyata keçirmək, kənd gəncləri üçün mərkəzlər yaratmaq mümkündür və lazımdır: “Bu istiqamətdə müəyyən işlər görülür, lakin kifayətli deyil. Amma kənd təsərrüfatı ölkə iqtisadiyyatında böyük yer tutur və bu, büdcəyə böyük fayda vəd edir”.

“Bizə Kənd Təsərrüfatı Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daha çox belə təkliflər lazımdır. Amma nəsə edilirsə, bu, daha çox formal xarakter daşıyır. Bunun nəticəsidir ki, Azərbaycanın xüsusilə mərkəzi hissəsində kəndlər, eləcə də bəzi dağ kəndləri var ki, oradan çoxlu gənc sakinlər köçüb. Dağlarda şərait daha ağırdır, soyuq günlər daha çox olur, qaz xərcləri daha çoxdur və bütün bunlar nəzərə alınmalıdır. Xüsusilə də müavinətlər sistemi üzərində düşünərək sərhədyanı kəndlərin sakinlərinin dəstəklənməsinə böyük diqqət yetirilməlidir. Ancaq çox vaxt kömək deyil, insanların öz təşəbbüslərini həyata keçirməsinə mane olmamaları lazımdır”, - ekspert fikrini yekunlaşdırıb.

Müəllif: Elya Belskaya


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin qiyməti artıb
26/08/2024 - 09:46
Neftin bu günə olan qiyməti
15/08/2024 - 16:44