“KOREYA QOŞUNLARI RUSİYADADIR” – Pentaqon rəhbəri rəsmən təsdiqlədi və xəbərdarlıq etdi
ABŞ-nin Müdafiə naziri Lloyd Ostin Şimali Koreya qoşunlarının Rusiyada olduğunu rəsmən təsdiqləyib. “AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Ostin bunu Romada jurnalistlərə açıqlamasında bəyan edib. Onun dediyinə görə, Pentaqonun Şimali Koreya qoşunlarının Rusiyada olduğuna dair sübutları var, lakin “onların orada nə etdikləri hələ məlum deyil”. Pentaqonun rəhbərinin sözlərinə görə, amerikalı mütəxəssislər bu məsələni araşdırmaqda davam edirlər: “Biz Şimali Koreya qoşunlarının Rusiya ərazisinə keçdiyinə dair sübutlar görürük. Onların dəqiq nə etdiklərini görmək qalır. Bunlar anlamalı olduğumuz şeylərdir. Əgər KXDR hərbçilərinin niyyəti Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etməkdirsə, bu, təkcə Avropa deyil, Hind-Sakit okean regionuna da öz təsirini göstərəcək çox ciddi məsələdir”. Bundan öncə Avropa Komissiyası bəyan edib ki, Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya köçürülməsi ilə bağlı xəbərlər təsdiqlənərsə, bu, Rusiya Federasiyasının sülhə maraq göstərmədiyinin yeni sübutu olacaq.
“AzPolitika.info”