Metro pişiyi... - Şakir Xanhüseynli yazır

02/10/2024 - 05:11

                                                           Pritça

yumrulanıb, yumaqlanıb. xoruldayır. bəlkə heç xoruldamır, ah-zar edir? xeyli vaxtdır burdadır, fəxri vətəndaşıdır metronun, sanki əbədi sakinidir... başını ayaqlarının arasına alıb qarnına sıxıb. gözlərini elə yumub deyirsən bir də açmayacaq. xəstədimi? acdımı? atılıbmı? qovulubmu hansısa bir evdən, mətbəxdən? yəqin maraqlı mətbəx xatirələri var. ala-bula pişiyin alabəzək xatirələri, bəli.

kimsə gəlib oyatsaydı onu, danışdırsaydı. pişikdən intervü götürən o adam kim ola bilər? ancaq totuq-motuq, canayaxın bir uşaq. əvvəl-əvvəl başını, qulaqlarının dibini, belini qaşıyar, sığallardı. pişik imkanı daxilində heç nə əsirgəməzdi ondan, hətta danışardı da...

--anan qovub səni evdən, a pişiyim?

--anam yoxdu. o məni hələ gözlərim dünyaya açılmamış atıb. zibilxanada böyümüşəm qırım-qırtıqla, artıq-urtuqla.

--bəs itlərnən necə dolanmısan, onlardan necə qorunmusan?

--gözlərimi dörd açaraq, sərvaxt olaraq. it görəndə, onlar görməyəndə əkilmişəm, ilim-ilim itmişəm gözdən, ancaq məni görəndə iş işdən keçib deyə qabartmışam sinəmi-- son əlac kimi-- qabarmışam üzlərinə, onlar da qaçıb, inanmırsan, hə...

--inanıram, niyə inanmayım ki... heç dostun olubmu öz cinsindən, başqa növ heyvanatdan?

--zibillikdə nə dost, ay dost(gülür). zibillikdə ancaq eşələnirsən, axtarırsan, tapdığına da sevinmirsən. sən deyən şeylərin çoxu normal həyat yaşayanlara aiddir, mənə, mənim kimilərə yox.

--yoruldun?

--bir az. boğazım quruyub... niyə ağlayırsan, adam balası? yaxşı da, güldürmə məni... göz yaşından ver içim. içim yanğılıdı...

belə. pişiyə göz qoya-qoya öz daxili monoloquma davam edirəm. düşünürəm ki, indiyə qədər kitab-kitab (kiabxana-kitabxana!) yazılanlar kifayət deyil, ya da hər şeyi əhatə etmir. qalmışam fikirlər ayrıcında. bir az gedib yenə qayıdıram. pişiyə sarı baxıram. onu görmürəm. bir-iki addımla nə qədər uzaq düşdüm ondan...

qeybəmi çəkildin, hara getdin, a pişiyim?..

Şakir XANHÜSEYNLİ

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

"Yeni ulduz" qayıda bilər?
30/09/2024 - 10:54
Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49