MİLYARDERLƏR SÜRƏTLƏ “KASIBLAŞIR” – 2022-ci il dünyada böyük maliyyə itkiləri ilə yadda qaldı, bəs Azərbaycanda?..

04/01/2023 - 09:45

Belə bir fikir var ki, dünyada iqtisadi vəziyyət nə qədər pis olarsa, ondan bir o qədər də gəlir əldə edilir. Ancaq 2022-ci il bunun həmişə belə olmadığını sübut etdi. Üstəlik, məlum oldu ki, son bir ildə ən çox itirənlər elə planetin ən varlı adamlarıdır.

Qafqaz.media xəbər verir ki, Amerikanın nüfuzlu “Forbes” nəşrinin məlumatına görə, 2022-ci ildə planetin ən varlı adamları ümumilikdə 1,9 trilyon dollar itiriblər. Və “FTX hedcinq” fondunun rəhbəri Sam Bankman-Freed, məşhur reper Kanye West və Rivian RJ Scaringe kimi zənginlər milyarderlər siyahısından tamamilə çıxıblar.

Sem Bankman-Frid artıq milyarder deyil

Bu, gözlənilirdi? Çox güman ki, yox. Həqiqətən də, 2020 və 2021-ci illərdə dünyanın ən zəngin insanlarının ümumi sərvəti sıçrayış həddə artdı. Hətta milyardlarla deyil, trilyonlarla dollar çoxaldı. Bu isə tendensiyanın 2022-ci ildə də davam edəcəyini deməyə əsas verdi.

Lakin proqnozlar özünü doğrultmadı. Koronavirus pandemiyasının “adaları” arasında qalaraq, suda qalmağı bacaran dünya milyarderlərinin gəmisi sonda onun nəticələrinin sarsıntılı birja, qaçaq inflyasiya və Rusiyanın Ukraynaya müdaxiləsi şəklində qayalara çırpıldı.

Nəticədə, təkcə 9 dekabr 2022-ci il tarixinə bütün dünya üzrə milyarderlərin ümumi sərvəti 13,8 trilyon dollardan 11,9 trilyon dollara düşdü. Dünya üzrə milyarderlərin sayı da 2671-dən 2523-ə düşüb. Amma ən diqqət çəkəni odur ki, 300 “texnoloji” milyarder ən çox zərbə alıb, bir il ərzində bir trilyon dollar itirib.

Bu isə onu deməyə əsas verir ki, ya ən son texnologiyalar bazar tərəfindən rədd edildi, ya da dünyanın aparıcı iş adamları kapitallaşma proqnozlarını səhv hesabladılar. Amma fakt faktlığında qalır: yüksək texnologiya bazarı, sözün əsl mənasında, nəhəng bir şar kimi gözümüzün önündə partlamağa başladı.

Yüksək texnologiyalar bazarında itkilər

Nəticədə, bu gün İT şirkətlərinin böyük əksəriyyəti xərcləri azaldır, işçilərini kütləvi şəkildə ixtisar edir və IPO keçirməkdən imtina edir.

Beləliklə, qısa müddət ərzində planetin ən varlı adamına çevrilən görkəmli ixtiraçı və menecer İlon Mask yenidən tarixə düşə bildi. Belə ki, o, bu dəfə mənfi mənada dünyada ilk insan oldu. Tesla-nın səhmlərinin düşməsi və Twitter-in alışı səbəbindən bir ildə 200 milyard dollar itirdi.

“Bloomberg”-in məlumatına görə, indi Mask dünyanın ən zəngin adamı titulunu LVMH (Louis Vuitton Moet Hennessy) prezidenti Bernard Arnoya (Bernard Arnault) təhvil verib. Hansı ki, onun sərvəti 162 milyard dollara yaxındır.

İndi Bernard Arno milyarderləri qabaqlayır

Bundan əlavə, “Amazon”un səhmləri də təxminən 50 faiz dəyər itirərək, onun qurucusu Ceff Bezosu 80 milyard dollardan çox itkiyə məruz qoyub.

Google-un ana şirkəti olan “Alphabet”in səhmləri 36 faiz ucuzlaşaraq, həmtəsisçiləri Larri Peyc və Sergey Brini 40 milyard dollardan məhrum olub.

“Microsoftun” səhmləri də 27 faiz uçuzlaşıb ki, nəticədə həmtəsisçiləri Bill Qeyts və şirkətin keçmiş CEO-su Stiv Balmerin kapitalını azaldıb.

“Meta” da 66 faiz dəyər itirərək, şanslı Mark Zukerberqin keçən il təxminən 78 milyard dollar itirməsinə səbəb olub.

Rusların da problemləri var

Rus milyarderləri də ağrılı itkilərdən qaça bilmədilər. Lakin onlardan yalnız bir neçəsi yüksək texnologiyalardan sərvət qazandı. Bildiyiniz kimi, bu ölkədə pul əsasən təbii sərvətlərdən və onların emalından qazanılır.

Bununla belə, “Rusiya milyarderləri klubu” keçən il ümumilikdə təxminən 95 milyard dollar itirib. Və Roman Abramoviç sərvəti iki dəfədən çox azalaraq cəmi 7,8 milyard dollar təşkil edib ki, bununla da o, itkilər üzrə rekordçu oldu (2021-ci ildə “Bloomberg” Abramoviçi 18 milyard dollarla dünyada 260-cı yerdə qərarlaşdırmışdı).

Ümumiyyətlə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda qlobal səhmlər 2008-ci il maliyyə böhranından bəri ən pis göstərici ilə yadda qaldı. 2022-ci ilin sonunda səhm və istiqraz bazarları ümumilikdə 30 trilyondan çox itirdi. MSCI Bütün Dünya İnkişaf etmiş və İnkişaf Etməkdə Olan Bazarlar İndeksi dəyərinin demək olar ki, beşdə birini itirib. Wall Street-dən Şanxay və Frankfurta qədər birjalar da əhəmiyyətli itkilərə məruz qalıb.

Lakin onu da qeyd etməliyik ki, qiymətli kağızlar bazarı zəif inkişaf etmiş Azərbaycana, 2008-ci ildə olduğu kimi, nisbətən az itki verib.

Ayrı-ayrı varlılara gəlincə, bildiyiniz kimi, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş bir nəfər də olsun milyarder yoxdur.

Amma bəzi “yeraltı” zənginlər olsa belə, onların milyardlarını harda gizlətdikləri bəlli deyil. O zaman indiki vəziyyətdə onlara ancaq “simpatiya” bəsləmək olar. Çünki bu insanlar kölgədə qalaraq qlobal maliyyə böhranının meydançasının onların üzərindən necə amansızcasına keçdiyi barədə ictimaiyyət qarşısında şikayət etmək imkanından məhrumdurlar.

Qafqaz.media