Moldova prezidenti sakinləri sərt qışa hazırlaşmağa çağırdı – PARİSDƏ MÜHÜM TOPLANTI

22/11/2022 - 12:20

Moldova prezidenti Maya Sandu ölkəsi kəskin enerji böhranı ilə üzləşdiyi üçün sakinləri sərt qışa hazırlaşmağa çağırıb.

Qafqaz.media xəbər xarici KİV-lərə istinadən verir ki, bu barədə Maya Sandu Parisdə Moldova Donorlarının Konfransında çıxışı zamanı bildirib.

Qeyd edək ki, Moldovaya dəstək üçün 50 ölkə və beynəlxalq təşkilatların nümayəndələri Fransa paytaxtına toplaşıb.

“Bu müharibə elektrik enerjisi və qaz təchizatını təhdid edir. Evlərimizi isitmək və işıqlandırmaq üçün kifayət qədər enerji, yanacaq tapa biləcəyimizə əmin deyilik. Üstəlik, bu halda belə, qiymətlər xalqımızın və iqtisadiyyatımızın imkanları xaricində olacaq. Bu, bizim sosial təhlükəsizliyimizi təhdid edə bilər. Mən bilirəm ki, Avropada hər kəs enerji üçün çox yüksək qiymət ödəyir, lakin bu qiymət ölkəmizə və xalqımıza daha çox dağıdıcı təsir göstərir”, - Maya Sandu bildirib.

Fransa prezidenti Emmanuel Makron konfransda çıxışı zamanı ölkəsinin Moldovaya əlavə 100 milyon avro yardım ayıracağını açıqlayıb. Pulun bir hissəsi bu ölkədəki ukraynalı qaçqınlara kömək üçün ayrılacaq.

Almaniya hökuməti də Moldovaya 32,5 milyon avro ayıracağına söz verib. Bu pullar bərpa olunan enerjinin, infrastrukturun və qaçqınların inkişafına sərf olunacaq.

Qafqaz.media