MÖVSÜMİ MEYVƏLƏRİN QİYMƏTİ NİYƏ UCUZLAŞMIR? – Ekspertlərdən bahalığın səbəbləri haqda açıqlama

20/06/2024 - 11:11

Azərbaycanda mövsümi meyvələrin əvvəlki illərlə müqayisədə bahalaşdığı bildirilir. Ayrı-ayrı Bakı sakinlərinin “Azadlıq” radiosuna dediklərinə görə, paytaxt bazarlarında gilasın qiyməti 4-10, albalı 4-5, ərik isə 4-7 manat arasında dəyişir. Onlardan bəziləri şikayətlənir ki, meyvələrin çoxu Rusiyaya ixrac olunur, Azərbaycanda isə qıtlıq yaranıb və nəticədə qiymətlər qalxıb.

Bazarlarda satıcılar da bu il meyvələrin ötən ilə nisbətdə baha olduğunu təsdiqləyirlər. Onların sözlərinə görə, qiymətlər ortalama iki dəfə artıb. "Keçən il gilas və albalı 2-3 manata, ərik 3-4, şaftalı da 2-3 manata satılırdısa, bu il bu meyvələr təxminən iki dəfə bahalaşıb", - "Yaşıl bazar"da satıcılardan biri deyir.

Satıcılar meyvələrin bahalaşmasını, əsasən, hava şəraiti ilə əlaqələndirirlər. "Əvvəl güclü yağışlar və külək olub, sonra dəhşətli istilər düşüb. Ona görə də meyvələrin çoxu ya yetişmədən xarab olub, ya da istidən yanıb", - həmin satıcı vurğulayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk beş ayı ərzində Azərbaycandan 251 milyon 281 min dollar dəyərində 230 min 907 ton meyvə-tərəvəz ixrac olunub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 7 min 986 ton və ya 3.45 faiz azdır.

Son ayların statistik məlumatları olmasa da, 2024-cü ilin yanvar-fevralında Rusiya Federasiyasına meyvə-tərəvəz ixracının bir ildə 40 faiz artdığı bildirilirdi.

Məsələ ilə bağlı Hurriyyet.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, hava şəraitinin əlverişsiz olması səbəbindən məhsuldarlıq aşağı düşüb:

“Aprel, may aylarının mövsümə uyğun olmayaraq qeyri-sabit, yağntılı və soyuq keçməsi məhsulun yetişməsini gecikdirib. Bugünki  bahalığın, ixrac olunan meyvə-tərəvəzin azlığının əsas səbəbi budur. Ola bilsin ki, ümumi məhsuldarlığımız gələn illə müqayisədə eyni ola bilər. Amma gecikir, çünki havanın istiləşməsi tez başlamadı. Aprel və may ayları ərzində temperatur təxminən 20 dərəcənin ətrafındadır. Məhz ona görə də, ölkədə meyvə-tərəvəzin yetişməsi gecikdi, üstəlik dolu və sel olan ərazilərdə məhsuldarlığa ciddi ziyan dəydi. Nəticədə bazarlarımızda qiymət yüksəlişi hələ də qalır, ixrac isə azalır”.  

Hurriyyet.az -a bahalaşma ilə bağlı açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli də  aprel, may aylarında stabil hava şəraitinin olmamasının məhsuldarlığda problem yaratdığını qeyd edir:

“Çünki bu zamanlar çiçəklənmə dövrdür, bitkilər daha effektiv nəticə verir. Meyvə-tərəvəzin yetişməsi məhz həmin vaxtda gözlənilir. Havanın istiləşməməsi belə məqamda mənfi təsir göstərə bilir”.

Ekspertin fikrncə, məhsulun daha çox ölkənin sərhəddindən kənara göndərilməsi bizi sevindirməlidir:

“Bunu daha baha şəkildə xaricə sata biliriksə, bu, o deməkdir ki, fermerin maddi vəziyyəti yüksələ bilər, nəinki bizim o ucuz meyvəni istehlak etməyimizin ölkəyə gətirdiyi fayda. Bir sözlə, burada əsas təsərrüfat sahibinin qazancıdır, daha çox əkinə meylli olsun”.

Xalid Kərimli izah edir ki, bazara çıxarılan məhsulun həcmi çox olanda qiymət aşağı düşür, çünki meyvə-tərəvəz qaldıqca tez sıradan çıxa bilir. Həcmin, çox olması satışda problem yaradır. Belə vəziyyətdə ucuzlaşır ki, alıcılar diqqət göstərsin:

“İstənilən halda meyvələr ilkin vaxtda piştaxtalara düzüləndə daha baha qiymət gözə dəyir. Sezonun gedişatı ilə müqayisədə belə olur. Təbii ki, bazarda daha az məhsul çıxartdığına görə, satıcı daha yüksək rəqəm qoya bilir. Bəzi alıcılar var ki, meyvə-tərəvəzin miqdarının aşağı olduğu bir vaxtda almağa üstünlük verir, imkan çatır. Hətta müşahidə edə bilərik ki, həmin məhsul daha ucuz və daha dadlı vəziyyətdə satış üçün gəlsə də, ucuzlaşır. İxrac rəqəmləri artdıqca bazara meyvə-tərəvəzin girişi azalır”.

Cəmilə ƏZİMOVA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53