Müqəddəslik nümunəsi...- Fuad Biləsuvarlı yazır
/Hacı Mirtohid Ağanın əziz, işıqlı, ölməz, müqəddəs, xatirəsinə ithaf edirəm.\
Dünyaya göz açdığım bölgədə Seyid - Peyğəmbər övladı sayılan insanlar hər yerdə hörmətlə qarşılanır, dünyalarını dəyişənlər də hörmətlə yad edilir.Müqəddəs sayılan bu insanların hər birinin özünəməxsus xüsusiyyətləri, ağsaqqallıqları, nəcib və xeyirxah əməlləri vardı.Belə müqəddəs insanlardan biri də Hacı Mirtohid Ağa idi. Hacı Mirtohid Ağa əslən Lerik rayonundan idi. Bu səfalı rayonun Amburdərə kəndində dünyaya göz açmışdı. Təxminən 20 yaşı olanda məlum hadisələrlə əlaqədar onların ailəsi də Biləsuvar rayonunda məskunlaşmışdı.Hamının Mirtohid Ağa deyə çağırdığı bu müqəddəs adamı rayonda, hətta qonşu rayonlarda belə uşaq da, böyük də yaxşı tanıyırdı.Əsl xeyir-şər adamı idi Hacı Mirtohid Ağa. Elin xeyir-şərindən əskik olmaz, ev sahiblərinə arxa - dayaq olardı. O qədər xeyirxah və nəcib əməlləri vardı ki, saymaqla qurtarmazdı. Sanki bu müqəddəs insan dünyaya belə xeyirxah işlər üçün gəlmişdi. Qapıları həmişə hər kəsin üzünə açıq olardı. Gələn ümidsiz qayıtmazdı. Hacının duaları, məsləhət və tövsiyələri köməksizlərin, darda naçar olanların köməyinə çatardı. Küslüləri barışdırar, xırda inciklik üstündə narazı düşmüş ailələri bir yerə toplayıb narazılığı aradan qaldırardı. Onun amalı düzlük, paklıq idi.Ərki çatan bütün insanları da buna səsləyərdi. Saf, təmiz ürəyi vardı. Və bütün insanlarda da bu nəcibliyi görmək istəyirdi. Hacı Mirtohid Ağa əsl məclis adamı idi. Şirin söhbətləri ilə dəvət olunduğu hüzr məclislərini elə ilk dəqiqələrdən ələ almağı bacarırdı. Şirin söhbətləri, dərin təhkiyələri vardı. İndiki bəzi mollalar kimi, ağlın qəbul eləmədiyi şişirtmə söhbətlər danışmaz, məclisin ruhunu tutar, məntiqi söhbətlər edərdi. Ona görə də Hacının məclisləri uzun çəkər, heç kəs getməyə tələsməz, Hacını saatlarla dinləyərdilər.Sonsuz el-oba məhəbbəti qazanmışdı Hacı Mirtohid Ağa. Bu el məhəbbəti Hacı dünyasını dəyişənə qədər də belə davam elədi. İndi də belədi. Onu həmişə ehtiramla xatırlayırlar. İnsanları həmişə xeyirxahlığa, nəcibliyə, düzlüyə və paklığa səsləyən bu el ağsaqqalının, seyid- peyğəmbər övladının dərin müdrikliyi vardı.Qapısına gələn şəxslərə bir tövsiyəsi vardı: " Qapım üzünüzə həmişə gecə də, gündüz də açıqdır. Hansı məsələdə desəz köməyə hazıram. Bircə namus məsələsi üstündə xahişə gəlməyin. Bu ciddi məsələdir..." Hacının bu xasiyyətini hamı bilirdi. Bütün ömrü boyu çalışırdı ki, heç kim ondan narazı qalmasın, qapısından boş qayıtmasın, istəyinə çatsın. Bu yolda hər şeyə hazır idi. Kərbəla və Məşhəd kimi müqəddəs ziyarətgahlarda olmuşdu. İki dəfə də qismətinə Həcc ziyarəti düşmüşdü.
Onsuz da bütün həyatı, əməlləri xeyirxahlıqla yoğrulmuş bu adama Hacı adı çox yaraşırdı. Hacını yaxından tanıyan nisbətən yaşlı nəslin nümayəndələrindən biri mənə Hacı Mirtohid Ağa ilə bağlı çox əhvalatlar danışdı. Onlardan birini mən də istəkli oxucularımla bölüşmək istəyirəm. Həmin adam danışırdı ki, bir gün taksi xidməti göstərən tanışımın maşınında hərəkətdə idik. Birdən Hacını rayon mərkəzində məscidin qabağında yol üstündə dayanan gördük. Cəld maşını döndərib Hacının qarşısında saxladıq. Onu maşına dəvət elədik. Hacı maşına əyləşməmiş mərkəzdən 5 - 6 kilometr məsafədə olan kəndin adını çəkdi. Ora gedirəm, - dedi və maşına əyləşdi. Xırda bir iş olsa da tanışım da, mən də Hacının işinə yaradığımız üçün çox sevinirdik. Yol boyu da Hacının şirin söhbətlərini dinləmək necə də xoş idi. Heç bir kilometr getməmişdik ki, Hacı əlini qoltuq cibinə apardı. Və pul ayırıb həmin sürücüyə həmin yola görə xidmət haqqını artıqlaması ilə verdi. Nə qədər xahiş-minnət eləsək də, mümkün olmadı. Hacı pulu geri almadı. Və yarızarafat, yarıciddi dedi:
- Sənə yol pulu yox, seyid pulu verirəm. Balalarına nə isə alıb apararsan. Bir də ki, qardaş oğlu, qoy hər ikimiz rahatlaşaq. Yoxsa, sən bütün yol boyu fikirləşəcəksən ki, görəsən Hacı mənə yol pulun verəcək, ya yox mən də fikirləşəcəm ki, görəsən məndən yol pulun alacaq?!.. Bax, indi ikimiz də rahat olduq..." Hacı Mirtohid Ağanın şirin ləhcəsi vardı. Onun iştirak etdiyi məclislərdə heç kəs diqqət yayındıran söhbətə yol verməzdi. Hamı diqqətlə Hacının dinləyərdi. Çünki Hacının bütün söhbətləri dərin mənalı idi. Artıq bu müqəddəs insanın haqq dünyasına qovuşmasından 30 ilə yaxın bir müddət keçir. Sağlığında nəcib əməlləri ilə əsl el-oba məhəbbəti qazanmış Hacı bu gün də ehtiramla xatırlanır. Bu ocaqdan pərvazlanmış övladları da Hacının adını layiqincə doğruldurlar. Ruhun şad olsun, Hacı Mirtohid Ağa!!!
P.S. Allaha aid, Qurana aid, Hacı Mirtohid Ağaya aid şeirlərim, dahi sənətkarlarımız Alim qağamla, Fərqanə bacımın oxuduğu İlahi nəğməm.
Allaha dua
Gəl sinəmdən dağı götür,
Götür, Allah, yalvarıram!
Dərdlərimi azdır, itir,
İtir, Allah, yalvarıram!
Çiyinlərim dağdan ağır,
Fikir məni yaman boğur...
Mən bəndənə bir yol uğur
Yetir, Allah, yalvarıram!
Gəl sınama inadını,
Qırma eşqin qanadını...
Bizə vüsalın dadını
Gətir, Allah, yalvarıram!
Aç qapını üzümüzə,
Yetir bizi arzumuza.
Bərəkət qat ömrümüzə,
Qadir Allah yalvarıram.
Hər vaxt yetiş köməyimə,
Bir qüvvət ver biləyimə.
Şəfqətini ürəyimə
Ötür, Allah, yalvarıram!
Bəxş et bizə xoş zamanı,
Sülhlə bəzə bu cahanı.
Müharibə, qan, davanı
Bitir, Allah, yalvarıram!
--------------------------------------
İlahi!
Aç mənim üzümə neçə səhəri,
Yox et nisgilləri, yox et qəhəri.
Bol elə süfrəmdə min bir bəhəri,
İlahi!
Çox arzum qəlbimdə yarımçıq, viran,
Könlümün başını üşüdür boran.
Sən ol sağalmayan yaramı saran,
İlahi!
Üstümdən bu yükü, bu dağı götür,
Mənim də ömrümə məhəbbət yetir.
Xalqıma ən xoşbəxt gələcək gətir,
İlahi!
Yolumu elə aç - keçə bilim mən,
Suyumu şirin et, içə bilim mən.
Sözümlə qəlblərə köçə bilim mən,
İlahi!
____________________________
Qurani kərim
Əzəl gündən kömək oldu bizlərə,
İnanmaq lazımdı möcüzələrə.
Nur gətirdi neçə-neçə gözlərə,
Allahın kitabı, Qurani kərim.
Tanrının bizimçün ərmağanıdı,
O islam dininin, müsəlmanındı.
Bizi unutmayan Yaradanındı,
Allahın kitabı, Qurani kərim.
Müsəlman əhliyik dildə duamız,
Dua hesabına isti yuvamız.
Sənlə bərqərardı gözəl dünyamız,
Allahın kitabı, Qurani kərim.
Sildin ürəklərdən kədəri,qəmi,
Ayələrin verdi dərdə məlhəmi.
Pənah gətirənin dostu, kimsəsi,
Allahın kitabı, Qurani kərim.
Neçə müharibə qarşısı aldın,
Gücünlə hər yanda qələbə çaldın.
Nurlu insanların yanında oldun,
Allahın kitabı, Qurani kərim.
Səni götürəndə əlimə hər an,
Ən müşkül işlərim olur çox asan.
Ruhsuza ruh verən, cansıza da, can,
Allahın kitabı, Qurani kərim.
____________________________
Tanrı taleyimdən xəbərsiz deyil
Üstümdə hər zaman nəzəri vardır,
Bu kəm qismətimə qəhəri vardır.
Ömrümdən, günümdən xəbəri vardır,
Tanrı taleyimdən xəbərsiz deyil.
Pis yolda deyiləm, qınamır məni,
Sadiqəm mən ona, sınamır məni.
Başqa bəndəsindən ayırmır məni,
Tanrı taleyimdən xəbərsiz deyil.
Bəxtimi alnıma yazanım da o,
Yuxumu, röyamı yozanım da o.
Hər şeyi yoluna düzənim də o,
Tanrı taleyimdən xəbərsiz deyil.
Etdiyim duanı eşidər yəqin,
Dərdli olduğumu o bilər yəqin.
Bir gün gözlərimi o silər yəqin,
Tanrı taleyimdən xəbərsiz deyil.
Bəndəni qoymaz ki, o, darda qala,
Tələsməz zamansız canını ala.
İstəməz həyatım sarala-sola,
Tanrı taleyimdən xəbərsiz deyil.
Qurtarar canımı bu ahu-zardan,
Çəkər gözlərimi ucsuz yollardan.
Fuadam, çıxardar məni də dardan,
Tanrı taleyimdən xəbərsiz deyil...
_______________________________
Mirtohid Ağa
Kamil idrakından pay verdin bizə,
Həmişə borcluyuq ağsaqqal sizə,
Tək doğma deyilsən soy-kökünüzə,
Hamının doğması Mirtohid Ağa!
Ovcundan su içən şəfasın tapdı,
Əllərin bağlanmış qapılar açdı,
İzninlə çox bəxtdən bəlalar qaçdı,
Hamının doğması Mirtohid Ağa!
Hər zaman işimiz düşəndə sənə,
Yerinə yetirdin Allah eşqinə,
Qurbanam müqəddəs Seyid, cəddinə,
Hamının doğması Mirtohid Ağa!
Ruhuma hopmusan, ruhumdasan sən,
Köksümdə, qəlbimdə, huşumdasan sən,
Tez-tez röyamdasan, yuxumdasan sən,
Hamının doğması Mirtohid Ağa!
Ey ipək ürəkli, əməli nəcib,
Səni yad eləmək həmişə vacib,
İlahi qüdrətin mənə də keçib,
Hamının doğması Mirtohid Ağa!
Neçə pisliklərin qarşısın aldın,
Kasıb-kusubların qeydinə qaldın,
Nə qədər evlərdə ağsaqqal oldun,
Hamının doğması Mirtohid Ağa!
İsti nəfəsin də bərəkətimiz,
Ayaq basdığın yer səadətimiz,
Təmiz övladların əmanətiniz,
Hamının doğması Mirtohid Ağa!
Səndən sonra kədər yedik, qəm yedik,
Doyunca gülmədik, heç sevinmədik,
Yoxluğundan göyüm-göyüm göynədik,
Hamının doğması Mirtohid Ağa!
Qapına kim gəldi tez tapdı güman,
Şəfalar bəxş etdin əlində Quran,
Savab işlər üçün çalışdın hər an,
Hamının doğması Mirtohid Ağa!
Cəddinin hökmündən göy tərpənərdi,
Azanından səma şərəflənərdi,
Mələklər nurundan nur götürərdi,
Hamının doğması Mirtohid Ağa!
Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı
Qafqaz.Media
23 noyabr
Saat: 19 : 19