“Nə vaxt ayılıram, görürəm onunla videolarına baxır” - Videoreportaj

27/09/2024 - 12:08

O, seçilmiş idi. 200-dən çox şəxsin içindən Xüsusi Təyinatlı Qüvvələrə götürülən 20 nəfərdən birincisi idi. Allah da onu seçmişdi, mərdlik, güc-qüvvə, ləyaqət, sevgi… Heç nəyi əsirgəməmişdi. Söhbət Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovdan gedir!

“Qafqazinfo” Anım Günü ilə əlaqədar Zaqatalaya yollanaraq şəhidin ailəsinə baş çəkib, onunla bağlı xatirələri vərəqləyib. 

500 kilometrdən artıq məsafə qət edib şəhidimizin ən qayğısız günlərinin keçdiyi rayona üz tuturuq. Tutqun payız havası, bir az da çiskin təbiətin gözəlliyini ört-basdır edə bilmir. Yoldan keçənlərdən İsmayıl Səmədovun evini soruşuruq, tanımırlar. Çətinliklə dolanbac küçələri keçib darvazasında bayraq dalğalanan ənənəvi şəhid evini tapırıq. Sonradan öyrənirik ki, İsmayıl bu evdə heç yaşamayıb, sakinlərin tanımaması normaldır. Ailəsi hərbi şəhərcikdəki mənzildən bura onun şəhadətindən sonra köçüb.

Videoreportajı buradan izləyə bilərsiniz:

Bizi şəhidin anası Həlimət Səmədova qarşılayır. Şəhidin ata-baba yurdu olan Zaqatalanın Lahıc kəndindən bura bir neçə günlük, bu il birinci sinfə gedən nəvəsi Nurgülün hazırlıqları üçün gəlib.  

Məlum olur ki, İsmayılın Zaqataladakı uşaqlıq həyatı düşündüyümüz qədər qayğısız keçməyib. Həlimət ananın sözlərinə görə, həmin illərdə ailə maddi çətinlik içərisində olub, övladları bir-birinin paltarları, qohumların köməyi ilə böyüyüblər. Buna baxmayaraq, İsmayıl elə uşaqlıqdan çox ailəcanlı, mərd oğul olub. Ermənilərin törətdikləri faciələrin nəticələrini görə-görə böyüyüb. Sanki bütün bunlar onda qisas hissi yaradıb. Ailə daha yaxşı təhsil arzusu ilə 9-cu sinifdən kimya-biologiya təmayüllü liseyə qoysa da, o, çox sevdiyi arzularının dalınca gedərək hər kəsi təəccübləndirib. Valideynləri onun hərb sahəsini seçməsindən, Xüsusi Təyinatlı Qüvvələrə seçilməsindən sonradan xəbər tutublar.

“Dedi, anacan, nəsə bir şey olanda, bu şəkli qabaqda tuturlar...”

Uşaqlığı kimi Ali Hərbi Akademiyadakı tələbəliyi də qayğısız keçməyib. Digər kursantlar kimi valideynlərinin ona pul göndərməyə imkanı olmayıb. Özünə təqaüdü ilə mobil telefon alıb. Hələ aylıq tələbə pulu ilə ailəsinə də köməklik edib: “Bacısının toyu olmalı idi. Zəng elədi ki, ana, bacıya nə almısınız, nəyi var, nəyi yoxdur? Dedim, heç nə almamışıq, gözləyirik ki, fındıq yetişsin… Həftəsonu gəl, bacıya bir-iki şey alaq, dedi. Üstümdə də cəmi 100-200 manat pul var idi. Bir qəşəng iri xalça götürdü. Dedim, ay oğul, buna bizim gücümüz çatmaz. Bildirdi ki, pulunu özü verəcək. Soruşdum səndə pul haradandır? Uşaqlarım heç vaxt yalan, haram bilməyiblər. Dedi, uşaqlarla yığışıb lotereya oynadıq, birincini mənə verdilər. Xalça, ütü, tozsoran aldı bacısı üçün…”

Evdə şəhid üçün ayrılmış kiçik guşədə İsmayıl Səmədovun Prezidentlə fotosu diqqətimizi çəkir. Bu foto İsmayılın Aprel döyüşlərində iştirakından sonra çəkilib. Döyüşlərdə göstərdiyi şücaətə görə dövlət başçısı İlham Əliyev tərəfindən təltif edilən bir qrup XTQ əməkdaşı arasında İsmayıl da olub: “Sonradan deyirdi ki, çox həyəcanlı idim. Demişdilər, Prezidentin gözlərinin içinə baxarsan. Qayıdandan sonra hərbçi yoldaşları ona zarafatla deyiblər ki, İsmayıl, gəl, səninlə görüşək, sən Prezidentlə görüşmüsən, əlimiz kişi əlinə dəysin...”

Vətən müharibəsindən sonra İ.Səmədova Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə, Vətən uğrunda və Vətən Müharibəsi Qəhrəmanı medalları verilib. Bir o qədər medalı da sağlığında alıb. Şəhid anası deyir ki, oğlu ailəsi ilə çox şeyi bölüşməzmiş, buna görə də onun sağlığında aldığı medalların çoxunu şəhid olmasından sonra görüb...

“Akademiyanı təzə bitirəndə ona hərbi formada böyüdülmüş şəklini vermişdilər. Evə gətirdi. Dedim, ay oğul, bunu nə əcəb məktəbdən sənə veriblər? Dedi, anacan, bu şəkil lazım olur, nəsə bir şey olanda, bu şəkli qabaqda tuturlar. Güldü... Dedim, dilin qurusun, o nə sözdür mənə dedin?! Cavab verdi ki, ana, sən hər şeyə hazır olmalısan, mən hərbçiyəm”, - Həlimət ana İsmayıldan ürəkdolusu danışır.

Sonra o kart şəhid kartı ilə əvəz olundu...

Ailənin şəhidimizlə sonuncu görüşü o qədər ürəkdağlayandır ki, onu sakit dinləmək mümkün deyil: “Axırıncı gəlişi atasının ad günü ərəfəsinə düşmüşdü. Həyətdə heyvan kəsib kabab edirdik. Dedi ki, siz bu günləri çox arzulayacaqsınız. Mən də elə bildim ki, o sözləri deyəndə bizi-ana-atanı itirməkdən qorxur…

Pensiyadan söhbət düşmüşdü, atası dedi ki, mən inanmıram, pensiya yaşına çatınca qalam. Çünki ürəyində problem var idi. Məzuniyyəti bitdi, İsmayıl şəhərə qayıtdı, iki gün keçmədi, atasına zəng elədi ki, get özünə kart açdır, sənə hər ay pul vuracağam. Bilmirəm, ürəyində qaldı ki, atası birdən pensiya almaz… İki-üç dəfə pul vura bildi, sonra o kart şəhid kartı ilə əvəz olundu. İndi atası o kartla şəhid təqaüdü alır...

Sağ olsun dövlətimiz, balalarına, bizə hər cür qayğı göstərir, evlə də təmin olunmuşuq. İsmayılın adı Zaqatalada 5 nömrəli məktəbə verilib. Çox istəyərdik ki, məktəbə büstü də qoyulsun. Hər şey var, amma heç nə yoxdur. Bizim xoş günlərimiz İsmayılla getdi…

Uşağa demişik ki, ata cənnətdə, güllərin içindədir. Bu il balası məktəbə gedib. Sağ olsunlar, o boyda yolu XTQ-nin hərbi hissəsindən hədiyyə ilə, güllə hərbçilər gəldilər. Uşağa deyirəm ki, bunlar sənin atanın dostlarıdır. Deyir, onlar cənnətdən gəliblər, bəs mənim atamı niyə gətirməyiblər?”

Həmsöhbətim deyir ki, bəzən subay övladı şəhid olan analar ona, heç olmasa, nəvələrinin təsəlli olduğunu bildirirlər. O isə “kaş İsmayılı evləndirməzdim, bu dərdi tək çəkərdim” cavabını verir: “Mən o gəlini, onun yuxusuz gecələrini görəndə... Nə vaxt ayılıram, görürəm İsmayılla olan videolara baxır, səsinə qulaq asır - yüz dəfə ölürəm. O uşaq atasını soruşanda da deyirəm, kaş mən ölərdim. Kaş oğlumu evləndirməmiş olardım…” İsmayıldan sonra ailəsi həm də onun döyüş yoldaşlarının xatirələri ilə təskinlik tapır: “Qonşu kənddən bir oğlan var idi, “mən İsmayılın qisasını alacağam” deyirdi. Sonradan antiterror hadisələrində şəhid oldu. O danışırdı ki, bir dəfə müharibə vaxtı soyuqlayıbmış. Deyir boğazımız qurumuşdu. İsmayılın həmişə ehtiyatı olurdu, çantasından balaca şüşədə su çıxartdı. Udum-udum hərəmizə bir qapaq verdi, mənə ikisini verdi. Sonra uşaqlara dedi ki, elə bilərsiniz, yerlibazlıq edirəm. Mən öz payımı ona verirəm ki, o xəstədir, onun daha çox suya ehtiyacı var. Oğlum özü də namaz qılıb-oruc tutardı. Döyüşdə uşaqlara deyərdi ki, tez-tez kəlmeyi-şəhadət gətirin”.

Məzar yerini də özü seçibmiş...

Şəhidin atası Məhəmməd Səmədov qəhərdən danışa bilmir. Deyir ki, övladı ilə bağlı ürəyi dolu olsa da, dili tutulur. Onunla yalnız şəhidimizin məzarı üstündə çox qısa söhbətləşmək imkanımız olur: “İsmayıl əmisi oğluna demişdi ki, şəhid olsam, məni burada dəfn edərsiniz. Yerini özü seçmişdi. Həmin yerdə də dəfn elədik...

...İsmayıl haqda danışmaq çox ağırdır. Çox vətənpərvər, vətənə bağlı uşaq idi. O qədər bağlı idi ki, müharibəyə gedəndə oğlunun əlinə bayraq verib, deyib bacını da, ananı da sənə həvalə edirəm. Mən getdim, ya gələrəm, ya gəlmərəm… Allah bütün şəhidlərə rəhmət eləsin!”

Qəhrəmanımızla bağlı ən kövrək xatirələri həyat yoldaşı Bəsti Səmədova dilə gətirir, İsmayılla tanışlığından, birgə yaşadıqları 4 ildən və bu 4 ilə sığan bir ömürlük xatirələrdən bəhs edir: “İsmayıl məni sinif yoldaşımın toyunda görüb xəbər göndərmişdi. Necə deyərlər, könlümü oğurladı. Toyumuz Aprel döyüşlərindən sonra olub. Həyat elə bil yavaş-yavaş bizi silkələyir, bütün çətinlikləri göstərirdi. Aprel döyüşlərindən qayıdanda hamı onu ağlayaraq qarşılamışdı, deyirdi, sən yeganə insan idin ki, məni gülə-gülə qarşıladın. 4 il yarım evli olmuşuq, amma, bəlkə də, 40 ilə bərabər evlilik həyatı yaşamışıq. Çox yaxşı insan idi, hələ də elə bilirəm, nə vaxtsa çıxıb gələcək. Qızım Nurgül 2018-ci ildə, oğlum Mehdi isə 2020-ci ildə doğulub. Oğlum atasını cəmi 9 ay görə bildi. Onlara İsmayılı anlatmaq çox çətindir. Əsas da Mehdinin ata anlayışı yoxdur, elə bilir ki, ata əmi, dayı kimidir, tam dərk eləmir. Zamanla yəqin ki, dərk edər. Əvvəl əmisinə ata deyirdi. Onu aparıb atasının məzarı ilə tanış etdim. Sonra öyrəndi ki, ata daşdır…”

“Elə bilirdim, o, gülləkeçirməzdir”

Şəhid xanımı deyir ki, evlənənə kimi İsmayılın nəinki XTQ mənsubu, heç zabit olmasını belə bilməyib: “Mən İsmayılın zabit olduğunu evlənincə bilmişəm. Heç soruşmamışam da. Çünki mənə o qədər güvən vermişdi ki, maraqlı deyildi nə qədər maaş alır, harada işləyir, hara gedəcəyəm, evimiz varmı… Hərbi şəhərcikdə yaşamışıq, az-çox ora gedəndən sonra mənə bəzi şeyləri başa saldı. Çox boy-buxunlu deyildi, amma o qədər iradəli insan idi ki. Mən elə bilirdim, o, gülləkeçirməzdir. Aprel döyüşlərindən də gəlmişdi, elə bilirdim, ona heç nə olmaz, İsmayıl bizi qoyub getməz. Deyirdi, sən qorxma, şəhid çox ucadır, biz ola bilmərik. Qismət…Hərbi şəhərcikdəki mənzilimizdə divanımız yox idi. Dedi, belə olmaz, sabah gedək künc divanı alaq. Lakin qismət olmadı, səhər tezdən toplanışa çağırdılar. Həmin günü 3 dəfə getdi, qayıtdı. Axırıncı dəfə qayıdanda oğlumu qucağına alıb qaldırdı, dedi ananla bacın sənə əmanət. Evin kişisi sənsən. Çıxdı, qaçıb pəncərədən də dalınca baxdıq, əl elədi getdi. Heç ağlıma da gəlməzdi ki, bu, son gedişdir...”

“Mutlu” son olmadı, “mutlu” sonsuz oldu...

Həmişə hər şeyə, hamıya qarşı diqqətli olan İsmayılın nişan günlərində zəng etməməsi Bəsti xanımın ürəyində şübhə yaradıb: “Oktyabrın 11-i gecəsi bir azca yatmadım. Heç demə, həmin gün – nişanımız olan gün şəhid olubmuş…

...Darvazalar açıq, hər kəs bizdə idi... Ondan o tərəfi yadıma gəlmir. Nəşini gətirdilər, üzünü açdılar, baxdım. Sanki gülümsəyirdi. Qırx gün yas, uşaqlar, heç nəyi xatırlamıram. Uşaqlar da elə əldə-ayaqda olublar, Mehdi necə gəzib, necə danışıb bilmirəm. Nurgül şanslı oldu ki, heç olmasa, 3 il atasını gördü. Mehdi isə cəmi 9 ay, o da yarı-yarımçıq gördü. Mehdinin atası ilə bir yerdə ad günü olmayıb. Qırxı çıxandan sonra onun üçün qonaqlıq elədi. Allah sanki onun beyninə salmışdı ki, özündən sonra bir xatirə qalsın. Torta kimi bişirtdirdi, böyük bir qonaqlıq oldu, şəkillər çəkildi, çoxlu oynadı. Evdən gedəndə də kartın koduna qədər, kimə borcu, alacağı vardısa, hamısını yazıb verdi. İndi uşaqlara atalarını izah etmək çətindir. Onlara deyirəm, ata qəhrəmandır və buna görə də cənnətdədir. Sual verirlər ki, bəs niyə əmi və ya filankəslər cənnətə getməyib?”

Şəhid xanımı 4 ildir, həyat yoldaşının sevdiyi yeməkləri bişirmir, onunla bir gəzdikləri, onu xatırladan yerlərə getmir. Çox darıxanda isə üz tutduğu yer məzarıdır: “Bizim bütün xatirələrimiz hərbi şəhərciklə bağlıdır. Ora ilə bağlı heç bir şəklə baxmıram, çünki pis təsir edir. Ən çox darıxdığımda hərbi maykalarını qoxulayıram. Çünki onlardan spesifik qoxu gəlir. Paltarlarını çamadana yığmışam, cəsarətim yoxdur ki, qapağını açım… Heç bir şeylə təsəlli tapa bilmirəm, ürəyim çox dolanda məzarı üstünə gedib ürəyimi boşaldıram. Ümid edirəm ki, bəlkə, bir yuxuma gələr, mənə cavab verər.

...Onda hələ nişanlı idik, mənə ad günümdə məktub yazmışdı, axırda qeyd eləmişdi ki, həmişəki kimi yenə sən oradasan, mən burada… Bir də yazmışdı ki, bizim mahnımızdakı kimi, “mutlu” son olmasın, “mutlu” sonsuz olsun. Həqiqətən “mutlu” sonumuz olmadı, sonsuzluğa qaldı…” Həqiqətən o, eyni zamanda təmiz, saf sevginin simvolu idi. Həm ailəsinə, həm canını fəda etdiyi torpağına, həm də Allaha sevginin. Onun həyatı bir süjet, bir film üçün o qədər zəngindir ki, bir məqaləyə necə sığışdıracağımı bilmirdim. Bircə onu bilirdim ki, bundan sonra Zaqatala mənim üçün həm də İsmayıl Səmədov deməkdir - öz “mutlu” sonsuzluğuna qovuşmuş qəhrəman... 

 




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42