Naxçıvanda Energetiklər Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində "20 oktyabr - Energetiklər Günü" münasibətilə tədbir keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, Xidmətin əməkdaşları öncə Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Sonra əməkdaşlar Heydər Əliyev Muzeyini ziyarət edib, Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla yaxından tanış olublar. Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib. Xidmətin binasında keçirilən tədbiri giriş sözü ilə açan muxtar respublikanın Dövlət Energetika Xidmətinin rəisi vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov çıxış edərək, energetiklərin muxtar respublikanın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. O, muxtar respublikada enerji təminatının dayanıqlılığının və keyfiyyətinin artırılması sahəsində aparılan işlərdən danışaraq, bu gün də energetiklərin əzmkarlıqla öz peşə borclarını yerinə yetirdiklərini qeyd edib. Xidmətin rəis müavini Tural Murtuzəliyev qeyd edib ki, ölkə başçısının ötən gün imzaladığı müvafiq sərəncamla qurumun üç əməkdaşı “Tərəqqi” medalına layiq görülüb. Çıxışlarda Naxçıvanın elektrik enerjisi ilə təminatında əldə olunan uğurlardan, enerji səmərəliliyinin artırılması üçün görülən işlərdən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən bəhs olunub. Həmçinin, muxtar respublikada yaşıl enerjinin inkişafı üzrə nəzərdə tutulan strategiyalara xüsusi diqqət yetirilib. Tədbirin sonunda energetika sahəsində uzun illər səmərəli fəaliyyət göstərən bir sıra işçilər fəxri fərmanlarla təltif olunub. İştirakçılar sonda xatirə şəkilləri çəkdirərək günü birlikdə qeyd ediblər.