Naxçıvanda vərəmə yoluxanların sayı açıqlandı
Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır.
Axar.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva Report-a açıqlamasında deyib.
O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 70 xəstə dərman müalicəsindədir:
“Xəstələr hər ay dispanserdə müayinələrdən keçdikdən sonra dərmanlarla təchiz olunurlar. Hər il yaz-payız aylarında Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən Naxçıvan şəhəri, Babək, Kəngərli və Şahbuz rayonlarının tam orta məktəblərinin IX-XI siniflərin şagirdləri arasında flüoroqrafik müayinələr aparılır. Şərur və Sədərək rayonlarının IX-XI sinif şagirdləri isə Şərur Regional Tibb Mərkəzində, Ordubad və Culfa rayonunun IX-XI sinif şagirdləri isə Culfa Regional Tibb Mərkəzində flüoroqrafik müayinələrdən keçirilirlər. Müayinələr zamanı xəstəliyi aşkar edilmiş şagirdlər Ağciyər Xəstəlikləri Dispanserinə dəvət olunur, ətraflı müayinələrdən sonra ehtiyac olunanlara müalicə təyin edilir. Həmçinin, hər il muxtar respublikanın orta məktəblərində mart-aprel ayları I-VI sinif şagirdləri arasında kütləvi tuberkulin sınaqları aparılır. Nəticəsi şübhəli və müsbət olan şagirdlər Dispanserə dəvət olunaraq dərin müayinələrdən sonra ehtiyacı olan uşaqlar kimyəvi profilaktik müalicəyə başlanılır".